Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:43

Ilham Əliyev hədiyyə etdiyi evləri haradan alır


Təxminən 20 mənzil hökumətin hesabına keçirilir ki, prezident ürəyi istəyən adamı mükafatlandıra bilsin
Təxminən 20 mənzil hökumətin hesabına keçirilir ki, prezident ürəyi istəyən adamı mükafatlandıra bilsin
Araşdırmanın ardı

Suallardan biri də budur ki, prezidentdə bu evlər hardandır? Bəlkə prezident bu şəxslərə evi elə şəxsi pulu ilə alıb verir? Məlum oldu ki, yox. Mənzillər Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Fondundan verilir. Bəs əgər sosializm dövrü bitibsə, əhalinin mənzil təminatı hökumətin qayğısı deyilsə, ümumi mənzil ehtiyaclarının ödənməsi üçün dövlət hesabına tikinti getmirsə, Mənzil Fonduna mənzillər haradan gəlir?

Bir neçə il əvvəl bu sahədə araşdırma aparan Ulkər İsmayılqızı deyir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Fondu tikinti şirkətlərinin hesabına formalaşır. Yəni çoxmərtəbəli bina tikən şirkət mənzillərin bir neçə faizini şəhər rəhbərliyinin balansına keçirir:

- Baxır şirkət şəhərin hansı yerində bina tikir. Məsələn, bu, mərkəzdə bina tikən şirkət üçün bir rəqəmdir, mərkəzdən kənarda başqa bir rəqəm. Hətta ola bilsin ki, mənzil yerinə başqa şərti yerinə yetirsin.

Tikinti şirkətlərinin inşa etdiyi mənzillərin müəyyən hissəsini hökumətə verdiyini Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Nuranə Mərdanova da təsdiqləyir. O deyir ki, tikinti şirkətinin nə qədər mənzil verməli olduğunu Nazirlər Kabinetı həll edir, onlar yox.

Bakıda, əsasən şəhərin mərkəzində coxmərtəbəli binalar tikən bir şirkətin adının cəkilməsini istəməyən menecerinin sözlərinə görə, onlar binadakı mənzillərin 10 faizini hökümətə veririlər. Məsələn, 16-17 mərtəbəli, 4 bloklu binada 200-ə yaxın mənzil olur. Təxminən 20 mənzil hökumətin hesabına keçirilir ki, prezident ürəyi istəyən adamı mükafatlandıra bilsin.

Mənzillər hansı qaydalar əsasında hökumətə verilir? Menecer deyir ki, bircə onu bilirlər ki, hər bir tikinti şirkətinin qarşısında 10 faiz şərti var. Amma ölkənin birinci şəxsinə yaxınlığı çatan şirkətlər bu şərti poza bilərlər.

Orta əsrlərin töycü sistemini xatırladan bu verginin heç bir qanuni əsaslandırması bizə təqdim olunmadı. Yəqin elə buna görədir ki, ekspertlər tikinti şirkətlərinin qarşısında «mənzil hədiyyəsi» şərtinin qoyulmasını dövlət reketçiliyi sayırlar. Onların fikrincə, bu, yüzlərlə mənzil deməkdir. Məsələn, 2006-cı ilin üç ayı ərzində 540 min kvadratmetrlik yaşayış sahəsi tikilib. Deməli, təkcə bir ilin üç ayı ərzində təxminən 350 mənzil hökumətə verilib. İqtisadçılar hesab edirlər ki, əslində hökumətə verilən bu mənzillərin pulu da alıcıların cibindən cıxarılır. Yəni kimsə pulsuz-parasız prezidentdən mükafat - ev alır, öz qazancıyla mənzil almaq istəyən digər bir vətəndaş isə maya dəyərindən qat-qat baha pul ödəyir.

Adının çəkilməsini istəməyən menecer deyir ki, bu hallar qiymətə cox ciddi təsir göstərir:

- Sahibkarın hünəri nədir ki, prezidentin fonduna mənzil keçirməsin. Nəticədə sahibkar bu mənzillərdə itirdiyi pulları özünə qalan mənzillərin üstünə gəlir. Çünki bu hədiyyə mənzillərin müqabilində heç bir şərt, heç bir güzəşt olunmur. Sahibkar da məcburdur ki, mənzili baha satsın. Hələ mən başqa dövlət orqanlarına verilən qeyri-rəsmi ödənişləri demirəm…

Bu günlərdə müğənni Aygün Kazımova da prezidentin bəxşişinə layiq görülüb
Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin məlumatına görə, indiyədək 200-ə yaxın yeni çoxmərtəbəli yaşayış binası təhvil verilib. 500-dən çox bina isə tikilir. Mütəxəssislər orta hesabla hər binada 120 mənzil olduğunu söyləyirlər. Deməli, orta hesabla hökumətin Mənzil Fondunda üst-üstə 7 mindən çox mənzil olmalıdır.

Bəs bu mənzillər kimlərə verilir? İdmançılara, sənət adamlarına, deputatlara… Yüksək maaşı olan, üstəlik, prezidentdən pulsuz ev alan deputatlardan Rizvan Cəbiyevin, Anar Məmmədxanovun, Gültəkin Hacıbəylinin, Qənirə Paşayevanın, Aynur Camalqızının, müğənni Aygün Bəylərin adı çəkilir.

Elə ötən il mətbuatın yazdığına görə, prezident İlham Əliyev 18 idmançıya, məşqçi və mütəxəssisə ev bağışlayıb. Onların arasında şahmatçı Vüqar Həşimov, kikboksinqçi Araz Musayev, güləşçi Telman Paşayev, məşqçilər Faiq Həsənov, Elxan Əliyev, o cümlədən, veteran idmançılar var.

Elə bu günlərdə müğənni Aygün Kazımova da prezidentin bəxşişinə layiq görülüb. Müğənni deyir ki, bu üç otaqlı ev onun bəzi problemlərini həll edəcək. O, yeni evdən qarderob kimi istifadə etməyi nəzərdə tutur:

«Bəlkə qıraqdan hər şey gözəl görünə bilər. Amma mənim də açıqlamadığım çətinliklərim var. Birinci dəfədir sizə deyirəm, indiyədək konsert paltarlarımı, qarderobumu anbarda saxlayırdım. İndi onları, avadanlığımı köçürəcəm ora».

Tikinti şirkətləri hansı normativ aktlar əsasında Mənzil Fonduna mənzil bağışlayır? Ev bağışlanması hansı hüquqi aktlarla tənzimlənir?
Bu suallara Nazirlər Kabinetindən cavab istədik. Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli deyir ki, bu suallar onlara aid deyil.

Hüquqşünas İntiqam Əliyev deyir ki, bu tipli hallar da qanunla, normativ aktlarla tənzimlənməlidir. Bu aktlar isə rəsmi mətbuatda dərc olunmalıdır ki, əhali xəbər tuta bilsin. Amma hüquqşünas onu da deyir ki, bu məsələlərlə bağlı ortada normativ aktlar olsa belə, əslində tikinti şirkətlərinin hökumətə mənzil payı verməsi və ya prezidentin ev bağışlaması kimi hallarını qanuni saymaq olmaz:

- Bu cür hallar dövlətin iqtisadi, hüquqi dayaqlarını dağıdır, korrupsiyaya imkan yaradır.

Ekspertlər deyirlər ki, əslində hökumət ya ona loyallığına görə, fərqlənən adlı-sanlı şəxslərə pulsuz ev vermək ənənəsinə son qoymalı, ya da ehtiyacı olan hər bir kəsi mənzillə təmin etməlidir. İqstisadçıların sözlərinə görə, əslində hökumət olkədə elə bir iqtisadi sistem qurmalıdır ki, arzu edən – alimindən tutmuş fəhləsinə qədər hər kəs özünə gün aglaya bilsin.

İntiqam Əliyev: əslində tikinti şirkətlərinin hökumətə mənzil payı verməsi və ya prezidentin ev bağışlaması kimi hallarını qanuni saymaq olmaz
Azərbaycanda evsizlik problemiylə üzləşənlərin dərdi hökuməti qayğılandırmasa da, ölkədə çalışan beynəlxalq layihə rəhbərlərini düşündürür. Məsələn, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin parlament proqramının Azərbaycan təmsilçisi Petro Morqos deyir ki, onlar bu problemi öyrəniblər. Elə hazırda deputat köməkçiləriylə bu barədə təlimlər aparırlar:

- Ərazilərində yataqxanaları olan seçki dairələriylə maraqlanırıq. Burda insanlar illərdir ki, ev növbələrinə dururlar. Biz deputat köməkçilərini həvəsləndiririk ki, onlar bu problemi öyrənsinlər, ekspertlərlə görüşsünlər. Bu problemin həlli yollarını hazırlayıb öz deputatlarına təqdim etsinlər.

Milli Məclisin ikinci oxunuşa çıxardığı layihədə aztəminatlı ailələr yaddan çıxmayıb. Amma onları mülkiyyətçi kimi evlə təmin etmək yox, sosial mənzilləri kirayə vermək nəzərdə tutulub. Yəni mənzilə ehtiyacı olan adamlar ya dövlətin, ya da bələdiyyənin fondunda olan sosial mənzilləri kirayə götürə bilərlər. Kirayə pulunu da həmin mülkiyyətçilər müəyyənləşdirəcək.

Milli Məclisin İqtisadiyyat Daimi Komissiyasının üzvü Nazim Məmmədov hesab edir ki, sosial mənzil kirayəsiylə aztəminatlı ailələrin mənzil ehtiyaclarını ödəmək mümkündür:

- İndi bu binalar tikiləcək. Dövlət Neft Fondunun pulları ölkəyə gətiriləndə bu sahəyə investisiya qoyulacaq.

Amma hələlik hökumət bu barədə danışmır.

İqtisadçılar isə deyirlər ki, sosial mənzil kirayəsi problemin həlli yollarından biridir, amma tam həlli demək deyil. Beynəlxalq ekspertlər də hesab edirlər ki, aztəminatlı ailələrin özəl mənzillə təminatı hökumətə bahalı layihə kimi görünə bilər, amma onların fikrincə, evsizlik - həm də təhsilsiz və xəstə adam deməkdir. Bu isə hökumətə bu gün xərclənə biləcək pullardan daha baha başa gələ bilər.

Elə Xətai rayonundakı yataqxanada 30 ilini çürütdüyünü deyən Çiçək xala da burda böyüyən uşaqların dərdinə ağlayır. Deyir ki, şəraitsizlikdən il boyu xəstə olan bu uşaqlardan gələcəkdə nə olacaq, bilmir…
XS
SM
MD
LG