Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:07

Mərhum generalın yerinə kadr axtarırlar


Müdafiə nazirinin müavini general-leytenant Rail Rzayev fevralın 11-də evinin yaxınlığında qətlə yetirilib
Müdafiə nazirinin müavini general-leytenant Rail Rzayev fevralın 11-də evinin yaxınlığında qətlə yetirilib
«Yeni Müsavat»: Prezidentin hərbi və təhlükəsizlik məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev general Rail Rzayevin postunun boş qalmayacağını bildirib. O, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyinatın yaxın vaxtlarda olacağını da söyləyib: «Yəqin ki, yaxın vaxtlarda bu vəzifəyə təyinat olacaq».

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının əvvəlki qaydada döyüş növbətçiliyini yerinə yetirdiyini qeyd edən V.Əliyev ölkənin hava məkanının qorunmasında heç bir problemin olmadığını vurğulayıb.
Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanı, general-leytenant Rail Rzayev fevralın 11-də evinin yaxınlığında qətlə yetirildi. Qətlin motivi, cinayəti törədən şəxslərin və sifarişçinin kimliyi barədə bu günə qədər də rəsmi açıqlama yoxdur.

«Azadlıq»: Rusiyalı politoloq, MDB Dövlətləri İnstitutunun Cənubi Qafqaz ölkələri şöbəsinin müdiri Mixail Aleksandrov bu günlərdə mətbuata verdiyi açıqlamasında Azərbaycanı öz ərazilərini azad etmək məqsədi ilə hərbi əməliyyatlar keçirməməyə çağırıb. Aleksandrov Azərbaycanın hərbi əməliyyatlara başlayacağı təqdirdə Kollektiv Təhlükəsizlik Təşkilatının (KKT) çevik hərbi qüvvələrinin məsələyə müdaxilə edəcəklərini və ölkəmizin Gürcüstanın taleyi ilə üzləşəcəyini bildirib.

Məsələyə münasibət bildirən siyasi şərhçi Rauf Mirqədirovun sözlərinə görə, KKT-nin hərbi qüvvələrinin yaradılması həqiqətən Azərbaycan üçün təhlükəlidir: «Çevik hərbi qüvvələrin yaradılması Kollektiv Təhlükəsizlik Təşkilatının hərbi-siyasi bloka çevrilməsinin göstəricisidir. Əgər hər hansı hərbi-siyasi blok yaradılırsa, müəyyən müttəfiqlik öhdəlikləri nəzərdə tutulur».

«Bizim Yol»: Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyir ki, «Türkiyəni İrana çevirmək istəyirlər». O, bildirib ki, ölkədə olmadığı müddətdə bir sıra maraqlı proseslər baş verib. Xüsusilə İran saytlarının Sabir Rüstəmxanlının şiə təriqətini təhqir etməsi, «Ergenkon»un Azərbaycan qoluna rəhbərlik etməsinə dair fikirlər yer alıb. Bu haqda S.Rüstəmxanlı sualları cavablandırıb. O,deyib ki, «Azərbaycanda «Ergenkon»un izlərini axtarırlarsa, doğrudan da bu təşkilat saxta bir şeydir».

«Avstraliyada oxudum ki, guya şiəliyi və şiə müctəhidlərini təhqir etmişəm. Belə bir şey yoxdur və dindarları mənə qarşı çevirmək istəyirlər. Əslində isə hər şey mənim İranın dini rəhbəri Seyid Əli Xamneyiyə məktubumdan sonra başlayıb. Həmin məktubda İranın mövcud durumuna necə dözdüyünü soruşmuşam. Məktubumdan sonra mənə şərlər atıldı, yalandan cavablar təşkil edib göndərdilər. Lakin son zamanlar mənim guya dinə qarşı çıxmağımla bağlı görüntü yaratmaq acıq-aşkar dindar kəsimi mənə qarşı qaldırmaq məqsədi güdür».

«Yeni Azərbaycan»: «Artıq referendumla bağlı təşviqat kampaniyasına start verilib. «Yeni Azərbaycan» təşviqat qrupu kampaniya dövründə geniş tədbirlər keçirməyi nəzərdə tutur. Bu haqda jurnalistlərə YAP İcra katibinin müavini, «Yeni Azərbaycan» təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Siyavuş Novruzov məlumat verib:

«Hamı qanun qarşısında bərabərdir. Qanuna müvafiq olaraq, Bakının 11 rayonunun hər birində təbliğat kampaniyası zamanı açıq və qapalı tədbirlərin keçirilməsi üçün müvafiq yerlər ayrılıb. Referendum üzrə qeydiyyatdan keçən təşviqat qrupları qanunun tələblərinə, yəni, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tədbir keçirə bilər. Lakin müxalifət qanunun tələblərinə uyğun hərəkət etmir. Ona görə də, müxalifətin hər hansı tədbir keçirməsi üçün digər yerləri tələb etməsi qanunlara hörmətsizlikdir».
XS
SM
MD
LG