Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:03

Manas bağlandı. Bəs sonra?


Koalisiya hərbçiləri Manas bazasında, 19 fevral 2009
Koalisiya hərbçiləri Manas bazasında, 19 fevral 2009
Qırğızıstandakı Manas bazasının Amerika üçün böyük əhəmiyyəti vardı. Bazadan ayda 15 min əsgər, 500 ton ləvazimat keçir. Talibançılar güclənəndən sonra Amerika və NATO Əfqanıstanda əməliyyatları genişləndirməyə başlayıb. Üstəlik Taliban Pakistandan gələn yolu kəsməklə Manas bazasının əhəmiyyətini artırıb. Amma baza bağlanır.

Qırğızıstan parlamentinin qərarından sonra prezident Kurmanbek Bakıyev qanun layihəsini imzalayacaq və Amerika hərbçilərinə bazanı boşaltmaq üçün 180 gün vaxt veriləcək.

Parlamentin qərarını fevralın 19-da elan etdi. Spiker Aitibay Tagayev:

«Hörmətli deputatlar, parlament komitələrinin qanun layihəsiylə bağlı nəticələrini səsverməyə çıxarırıq, xahiş edirəm, səs verin…
Hörmətli deputatlar, qanun layihəsi 78 səs lehinə olmaqla qəbul olundu».

2 deputat sənədin əleyhinə səs verib, biri bitərəf qalıb. Qırğızıstan Sosial Demokrat Partiyasının üzvü Bakit Beşimov bazanın boşaldılmasına etiraz edib:

«1999 və 2000-ci ildə Qırğızıstan Əfqanıstandan olan terrorçuların hücumuna məruz qaldı. O vaxt birgə səylər nəticəsində biz Mərkəzi Asiyaya qarşı təhlükənin qarşısını ala bildik. Amma bu məsələ ekstremistlərin və terrorçu təşkilatların gündəliyində qalır. Onlar regionda dini fanatizmə, siyasi kartları qarışdırmağa, dövlət quruluşunu dəyişməyə cəhd edirlər. Belə çətin vaxtda regional təhlükəsizlik sistemini zəiflətmək ekstremistlərin və terrorçuların yolunu açmaq deməkdir. Qırğızıstanın milli maraqlarından çıxış edərək bildiririk ki, bazasının boşaldılması qərarı tələsik qərardır».

Amma məsələnin həll olunduğunu demək də tezdir. Qırğızıstanın xarici işlər naziri Kadırbek Sarbayev AFP-ə deyib ki, Amerikayla gündəlik danışıqlar gedir. Ancaq nazir Amerika tərəfdən təklif almadıqlarını bildirib. Prezident Kurmanbek Bakıyev Vaşinqtonun onlara lazımi qədər pul ödəmədiyini deyirdi. Nə qədər istədiklərini qırğız rəsmiləri demirlər.

Bakıyev bazanın bağlanması qərarını Moskvada, Rusiyadan 2 milyard dollarlıq kredit vədi alandan sonra elan edib. Amma həm rus, həm də qırğız rəsmiləri məsələdə Rusiyanın əli olduğunu danırlar.

Amerikanın müdafiə naziri Robert Geyts deyir ki, Rusiya ikibaşlı oyun oynamaqdadır. Bir tərəfdən Əfqanıstanda əməliyyatlara yardım etmək istədiyini deyir, o biri tərəfdən Amerikanın əleyhinə işləyir.

Amerika Əfqanıstanda əməliyyatlara yardım üçün Asiyada başqa yollar axtarmağa başlayıb.
XS
SM
MD
LG