Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:47

Milli Məclisin qanlı-qadalı günü


Parlament budəfəki iclasını Xocalı faciəsinin 17-ci ildönümünü xatırlayıb həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməkdən başladı
Parlament budəfəki iclasını Xocalı faciəsinin 17-ci ildönümünü xatırlayıb həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməkdən başladı
Milli Məclis fevralın 24-də Mənzil Məcəlləsini ikinci oxunuşda müzakirə etsə də, çıxışlar daha çox cari məsələlərin müzakirəsini xatırladırdı. Yəni deputatlar Məcəlləyə dəxli olan və olmayan hər şeydən danışırdılar.

Parlament budəfəki iclasını Xocalı faciəsinin 17-ci ildönümünü xatırlayıb həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməkdən başladı.

Deputat Qənirə Paşayeva isə dedi ki, Xocalı qurbanlarını andıq, bu, yaxşıdır. İndi də gəlin, lazım olan xüsusi maddəni alıb aparaq Qubadakı məzarlıqda çürüyən sümüklərə yaxaq ki, 1918-ci ildə də millətə qarşı törədilmiş daha bir soyqırımın ortada olan faktı əldən çıxmasın:

«Əgər o sümüklər də çürüyüb getsə, sonra orda muzey yaratmağın hər hansı effekti olmayacaq».

Deputat İsa Həbibbəylinin isə Mənzil Məcəlləsi o qədər xoşuna gəlmişdi ki, ona əsaslanıb 17 ildir Ermənistanın nəzarəti altında olan Xocalıda ev tikmək ümidlərini də gizlətmədi:

«Gələcəkdə bu Məcəlləyə əsasən, Xocalıda da mənzil tikərik, soydaşlarımız da öz mənzillərinə qayıdar. Prezidentin siyasəti də buna aparır».

Əlbəttə ki, müzakirələrin gedişində spiker Oqtay Əsədov demişkən «mövzudan kənara çıxmalar» məsafə baxımından təkcə
Xocalıya qədər uzanmırdı. Bəzi məqamlarda haşiyələrin ünvanı okeanın o tayına qədər gedə bilirdi. Məsələn, deputat Sabir Rüstəmxanlı Avstraliya – Azərbaycan münasibətlərinin möhkəmlənməsi üçün görüləsi vacib işlərdən danışdı. Sonra da dəxli olmadığı halda mövzudan bu qədər kənara çıxdığı üçün həmkarlarından üzr istədi.

YAP-dan olan millət vəkili Məlahət Həsənova isə ilk növbədə Azərbaycanda ailələrin möhkəm olmasını vacib saydı. Və bu məsələdə vəziyyətin heç də ürəkaçan olmadığını bildirdi:

«Ədliyyə Nazirliyindən və Statistika Komitəsindən şəxsən özümün əldə etdiyim məlumatlara görə, bu gün ölkədə qeyri-rəsmi ailə quranların sayı rəsmi nikahla ailə quranların sayından çoxdur. Ona görə də ailələrdə boşanma məsələsi ortaya çıxanda mənzil bölgüsündə problemlər yaranır».

M.Həsənova bir çox hallarda ailələrin taleyini həll edən məhkəmələrdə də ciddi problem olduğunu dedi. Özü də bunun ölkədə heç kimə sirr olmadığını bildirdi. Deputatın sözlərinə görə, boşanmalar zamanı mənzil bölgüsü məsələsini məhkəmələr boşananların yox, öz maraqlarına uyğun həll edirlər.

Spiker Oqtay Əsədov isə həmkarının çıxışının məhkəmələrlə bağlı hissəsinin üzərindən sükutla keçsə də, onun qanuni və qeyri-rəsmi ailə quranların statistikası hissəsilə razı olmadığını bildirdi:

«Belə bir statistika mümkün deyil».

M.Həsənova həm də hesab edir ki, son vaxtlar ölkədə intihar hallarının baş verməsi diqqəti çəkir. Əlbəttə ki, deputat bunu məhkəmələrlə əlaqələndirmir. Deyir ki, ölümə bais olan telekanallardır. Onların xüsusilə gecə efirində ağır kriminal hadisələrə aid verilişlər, qorxulu filmlər yayımlaması yeniyetmələri və gəncləri intihara sövq edir. Deputatın dediyinə görə, iş o yerə çatıb ki, hətta hüquq-mühafizə orqanlarının peşəkar əməkdaşları da telekanallarda belə verilişlərin və filmlərin məhdudlaşdırılmasına parlamentdən kömək istəyirlər.

Heç şübhəsiz ki, Milli Məclisin bu iclasında hamı qandan-qadadan danışmadı. Məsələn, deputat Nizami Xudiyevi filmlərdən daha çox, şadlıq saraylarından gələn müsiqi səsi və yeməklərin qoxusu narahat edir. O hesab edir ki, səs-küyün və kabab iyinin qarşısını almaq üçün restoranlarda xüsusi avadanlıq quraşdırılmalıdır. Özü də məsələ kəskin qoyulmalıdır.

Bir sözlə, deputatlar Mənzil Məcəlləsini qarşılarına qoyub eninə-boyuna müxtəlif fikirlər səsləndirdilər. Bircə qalmışdı Məcəllənin dili ki, ondan da millət vəkili Gülər Əhmədova danışdı:

«Dörd komissiya bu Məcəllənin hazırlanmasında böyük iş görüb, amma layihə Azərbaycan dilində yazılmayıb. Əgər bu, vətəndaşlar üçündürsə, onda onların başa düşdüyü dilə uyğunlaşdırılmalıdır».

Gülər Əhmədova da həmkarı Məlahət Həsənova kimi bir məsələdən danışmaqla kifayətlənmədi. Söhbəti Bakıdakı köhnə binaların vəziyyətinin xarablığına gətirən deputat fikrini ən azı millət vəkilləri və parlamentdə çalışan digər işçilər üçün əndişəli məqamla yekunlaşdırdı. Təxminən dedi ki, parlamentin binası xətalı ərazidə yerləşir. Özü də bunu hamı bilir:

«Mən bilmirəm ki, Milli Məclisin nəinki indi oturduğumuz, hətta yeni tikilən binası ilə sabah nə baş verə bilər».

İşə yenə də Oqtay Əsədov qarışmalı oldu:

«Narahat olmayın. Milli Məclisin yeni binasının özülünə yüzlərlə qatlar vurulub».

Amma bütün bu sadalananlara baxmayaraq günün əsas yaddaqalan ifadəsini YAP-dan olan deputat Səyavuş Novruzov səsləndirdi.

Əhvalat millət vəkili Pənah Hüseynin çıxışından sonra baş verdi.
Fasilə öncəsi Məclis tezbazar «Yol hərəkəti haqqında» qanuna bəzi əlavə və dəyişiklikləri müzakirə edirdi. Müvafiq qurumları rüşvətxorluqda ittiham edən Pənah Hüseyn çıxışında ötəri bir ifadə ilə maşınının olmadığını da dedi.

Sonrakı hadisə göstərdi ki, bu fikir YAP-çı deputat Səyavuş Novruzovun nəzərindən yayınmayıb. Həmkarının ardınca söz alan Novruzov dedi ki, Pənah Hüseyn özünü yaxşı aparsa, onun maşın məsələsi düzələr. Amma özünü yaxşı aparmaq üçün Pənah Hüseynin nə etməli və ya nəyi etməməli olduğu barədə S.Novruzov hər hansı fikir səsləndirmədi.
XS
SM
MD
LG