Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:40

Kömək istəyən ölkələrin sayı arta bilər


Səbəb sadədir, kimin ki, borcu qaytarmaq imkanı yaxşıdırsa, ona nə qədər borc lazımdırsa, bu pulu verən tapılır
Səbəb sadədir, kimin ki, borcu qaytarmaq imkanı yaxşıdırsa, ona nə qədər borc lazımdırsa, bu pulu verən tapılır
Beynəlxalq iqtisadi böhran indi həm də ölkələrin bu cür vəziyyətlərə hazırlıq səviyyəsini, onların gücünü sınağa çəkib. İqtisadiyyatını dirçəltməyə elə bu yaxınlarda 787 milyard dollar yardım ayırmış ABŞ kimi ölkələr nə qədər borcda olsalar da, yenə onlara borc vermək istəyənlər var. Amma böhrana görə çətin vəziyyətə düşmüş Ukrayna, Latviya kimi ölkələrə borc verən azdır. Borc pul üçün Beynəlxalq Valyuta Fonduna (BVF) üz tutanda isə onlardan sosial xərclərini azaltmağı, vergiləri artırmağı tələb edirlər. Halbuki Britaniya, Fransa, Almaniya, ABŞ kimi ölkələrə borc lazım olanda onlardan bu cür tələbləri edən olmur.

Bəzilərinin ikili standartla yanaşma adlandırdığı bu vəziyyətin səbəbini «Azadlıq» radiosunun müxbiri BVF-nin sözçüsü David Havleydən soruşub. O deyir ki, səbəb sadədir, kimin borcu qaytarmaq imkanı yaxşıdırsa, ona borc pul verən tapılır:

- ABŞ kimi Ukrayna öz iqtisadiyyatına iri məbləğdə yardım etmək iqtidarında deyil. Düşdüyü vəziyyətdən çıxması üçün ona kənardan yardım lazımdır. Bu da o deməkdir ki, həmin ölkəyə həm bəzi büdcə düzəlişləri, həm də kənardan, BVF-nin yardımı lazımdır.

Havley bildirir ki, BVF Ukrayna kimi ölkələrə iki yolla kömək edə bilər. Ya onlara borc verməklə, ya da böhrandan daha tez çıxmaq üçün öz məsləhətləri ilə. Məsləhətlər isə əsasən sosial xərclərin azaldılması, vergilərin artırılmasından ibarət olur.

ABŞ, Almaniya, Britaniya kimi ölkələr nə qədər borclansalar da, onlar dövlət qiymətli kağızlarını satıb borclarını ödəmək qabiliyyətlərini saxlayırlar. Ukrayna, Latviya kimi ölkələrin qiymətli kağızlarına yiyə duran isə tapılmır. Dövlətlərin borcqaytarmaq imkanı da əsasən bununla ölçülür.

22 il BVF-də işləmiş Desmond Laçman da əmin edir ki, söhbət ölkələrə hansısa ikili standartlarla yanaşmadan yox, sadəcə onların borcqaytarmaq imkanlarından gedir:

- Mən deməzdim ki, imkansız ölkələri onların kommunist keçmişləri geri salır. Bu cür ölkələrin aralarında da fərqlər var. Məsələn, Çexiya, Slovakiya kimi ölkələrin maliyyə əsasları daha etibarlıdır. Onlar problemlərinin həllində kömək üçün qapıları daha rahat döyə bilirlər. Amma Latviya yox. Bu ölkənin xaricə külli miqdarda borcu var. İndi də xarcin özündə borc veriləsi pullar azdır. Beləliklə də, Latviya ağır problemlə üzləşir.

İqtisadçılar xəbərdarlıq edirlər ki, Ukrayna və Latviya kimi təcili kömək gözləyən ölkələrin sayı arta bilər. Ona görə də Britaniya, Fransa, Almaniya və İtaliya böhrandan əziyyət çəkən daha çox ölkəyə yardım edə bilmək üçün BVF-nin ehtiyatlarının iki dəfə artırılaraq 500 milyard dollara çatdırılmasını istəyirlər.
XS
SM
MD
LG