Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:47

Türkiyənin Ermənistanla yaxınlaşması Azərbaycana nə vəd edir


ABŞ-dakı Hudson İnstitununun Avrasiya Siyasəti Mərkəzinin direktoru Zeyno Baran
ABŞ-dakı Hudson İnstitununun Avrasiya Siyasəti Mərkəzinin direktoru Zeyno Baran
Son vaxtlar Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması istiqamətində apardığı fəal siyasi danışıqlar Azərbaycanda narahatlıqla izlənir.

Bu narahatliq nə dərəcədə əsaslıdır?

«Azadlıq» radiosu Türkiyənin son illər Azərbaycan, eləcə də regionun digər ölkələri ilə apardığı siyasətə dair fikirlərini bölüşmək üçün ABŞ-dakı Hudson İnstitutunun Avrasiya Siyasəti Mərkəzinin direktoru Zeyno Barana müraciət edib.

- Zeyno xanım, son zamanlar Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq sahəsində cəhdləri müşahidə olunur. Bu cəhdlər də Azərbaycanda narahatlıqla izlənir. Son iki həftədə Azərbaycan mətbuatında Türkiyənin bu siyasəti fəal şəkildə tənqid edilir. Sizcə, Türkiyənin Ermənistanla yaxınlaşması Azərbaycan üçün nə dərəcədə problem sayıla bilər?

- Türkiyə Qarabağ münaqişəsinin həllində Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək istədiyini bildirir. İndiyə qədər Ankaranın Ermənistanla bir əlaqəsi yox idi deyə onun vasitəçiliyi də mümkün olmayıb.

İndi Yerevanla əlaqələrin qurulmasına doğru prezident səviyyəsində bir cəhd edildi.

Amma Türkiyənin öz daxilində də buna etirazlar var. Buna qarşı olan adamlar hesab edirlər ki, bu addım Azərbaycanı təkləyəcək.

Ermənistanla danışıqların nəticəsində heç bir problem həll edilməyəcək. Əksinə, Türkiyə ilə Azərbaycanın münasibətləri soyuyacaq, bunun da yalnız İran və Rusiyanın siyasətinə faydası dəyəcək. Müxalif mövqedə olanlar təxminən bu fikirdədirlər.

Türkiyə rəsmiləri isə deyirlər ki, onlar bütövlükdə bütün qonşuları ilə yaxşı əlaqələr qurmaq niyyətindədirlər. Ermənistanla danışıqlar da bu istiqamətdə siyasətin tərkib hissəsidir.

Eyni məqsədlə Türkiyənin İran və Suriyayla da yaxınlaşmasını hiss edirik.

Bu da həm ABŞ-da, həm də Qərbdə bir qədər narahatlıqla izlənir. Bu baxımdan, həqiqətən də vəziyyətin bir qədər qarışıq olduğunu deyə bilərəm.

- «Erməni soyqırımı» iddiaları ilə bağlı Konqresdə yeni müzakirələr gözlənilir. Belə ehtimallar səslənir ki, həmin iddiaları bu dəfə Konqres tanıya bilər. Sizcə, «erməni soyqırımı» iddialarının Konqresdə tanınması ehtimalı nə qədər realdır? Və bir də Vaşinqtonda yeni administrasiya Türkiyə ilə münasibətləri necə qurur?

- Obama hökumətinin apardığı xarici siyasətə nəzərə salanda son dərəcə realist və praqmatik bir siyasət görə bilərik.

Türkiyə ilə də bu şəkildə münasibət qurulur. Təbii ki, Türkiyə həm Yaxın Şərq, Fələstin, İsrail, Suriya, İran, İraq kimi ölkələrlə münasibətlərdə, həm də Rusiya, Qafqazlar, Qara dəniz, Əfqanıstan və Pakistana qədər uzanan geniş bir ərazi prizmasından Amerika üçün önəmli bir dövlətdir.

ABŞ-ın da həm NATO çərçivəsində əlaqələrə, həm də bölgəsindəki önəminə görə, Türkiyə ilə münasibətlərini yüksək səviyyədə saxlaması vacibdir.

Soyqırımı mövzusu isə təbii ki, ikitərəfli münasibətlərə ziyan vura biləcək bir məsələdir. Türkiyədə çoxları bundan bərk narahatdır.

İstər Obamanın komandasında, istər də Konqresdə nüfuz sahibi olan adamların çoxu bir hadisə kimi erməni soyqırımının baş verdiyini düşünür.

Hətta belə düşünməyənlər də daxili siyasi maraqlara görə, söz verirlər ki, ermənilərin iddialarını tanıyacaqlar.

Digər tərəfdən də hər dəfə Türkiyənin xarici siyasətindəki məqamlardan, məsələn, onun Həmasla, Sudanla yaxınlaşmaq cəhdlərindən və ya Qərblə gərginlik yaşananda, erməni diasporu cəhd göstərir ki, Vaşinqtonda bundan öz xeyrinə istifadə etsin.

Əminəm ki, martın ortasından etibarən həm Türkiyə, həm də diaspora tərəfdən ABŞ-da lobbi fəaliyyətləri artacaq.

Türkiyədə ictimai fikir bu məsləyə o qədər həssasdır ki, məncə, ABŞ hökumətində və ya Konqresdə «soyqırımı» sözünün ucadan tələffüz edilməsi Türkiyə-ABŞ münasibətlərinə zərbə vurar. Elə bir zərbə ki, bundan sonra ikitərəfli əlaqələri bərpa etmək çox çətin olar.

Ümid edirəm ki, Obama və onun yüksək səviyyəli bürokratları bunu nəzərə alırlar.

- Türkiyənin Rusiya ilə münasibətlərdə də yaxınlaşması var. Prezident Abdullah Gül Moskvaya səfər etdi. Sizcə, Moskva ilə münasibətlərin sıxlaşmasında Ankaranın məqsədi nədir? Bundan Bakı narahat olmalıdırmı? Çünki Bakıda həmişə Rusiya siyasətinə bir ehtiyatlı, şübhəli yanaşma var.

- Türkiyə üçün Rusiya getdikcə önəmi artan bir ölkədir. Onların arasında milyardlarla dollarlıq ticarət əlaqələri var.

Ancaq bundan əlavə, bu iki ölkənin enerji sahəsində əməkdaşlığı çox vacibdir. Onların aralarında bir «Mavi axın» layihəsi var.

İndi bu «Mavi axın»ın ikincisinin tikilməsi planlaşdırılır. Əlbəttə, burada hər iki tərəfin çox ciddi pul qazanmaq imkanı da var.

Bundan başqa, xüsusilə Azərbaycan, Avrasiya və Avropa dəhlizi üçün çox vacib olan, Türkiyədən Yunanıstan və İtaliyaya gedəcək «Nabucco» qaz kəməri layihəsi var.

Türkiyənin Rusiyadan da bu layihəyə qoşulmasını istədiyini görürük. Eyni zamanda, İranın da həmin layihəyə qoşulmasından söhbət gedir. Hərçənd ki, yaxın vaxtlarda onun bu layihəyə qoşulacağı ağlabatan variant deyil.

Türkiyənin Rusiyanı «Nabucco»ya qatması təbii ki, bu layihənin strateji önəmini və mahiyyətini bir anda dəyişəcək. Layihənin xüsusilə də ABŞ tərəfindən müdafiə edildiyini nəzərə alanda qeyd etmək olar ki, Rusiyanın ora qoşulması geosiyasi düzənə ciddi bir ziyan (yenilik) gətirə bilər. Təbii ki, Azərbaycan da bu məsələni narahatlıqla izləməkdə haqlıdır.

Əlbəttə ki, kimsə Türkiyənin Rusiya ilə ticarət və qonşuluq münasibətlərinin vacibliyini inkar etmir. Ancaq ümid edirəm ki, Ankara Moskva ilə münasibətlərini bu tip uzaq perspektivli və son dərəcə regional təsirləri ola biləcək layihələrdə kəskin fərqli bir mahiyyətə varmadan davam etdirir.
XS
SM
MD
LG