Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:31

Bahalı saatlar toplayan milyonçu


«C.Əsgərov Telman İsmayılova qiymətli bir tapança hədiyyə etmişdi. Məndə olan məlumata görə, həmin tapançanın 500 min dollar qiyməti var»
«C.Əsgərov Telman İsmayılova qiymətli bir tapança hədiyyə etmişdi. Məndə olan məlumata görə, həmin tapançanın 500 min dollar qiyməti var»
Ötən ilin oktyabrında 52 yaşını qeyd edən «AST» Şirkətlər Qrupunun prezidenti Telman İsmayılovun ad günündən çəkilən şəkillər uzun müddət Azərbaycan mətbuatından düşmədi. «Forbes» jurnalının dəyərləndirməsinə görə, 620 milyon dollar vəsaiti olan T.İsmayılov, Azərbaycanda olduqca məşhurdur. Ancaq həmin şəkillərə Azərbaycanda marağı təkcə İsmayılovun zəngin sərvəti yaratmırdı. Bunun bir başqa səbəbi də var idi və bu barədə bir qədər sonra.

Əslində Rusiyada yaşayan Telman İsmayılovun Azərbaycanda elə də ciddi biznesinin olmadığı söylənilir. Onun əsas sərvəti Rusiya və Türkiyədədir. Elə «AST» Şirkətlər Qrupuna ən müxtəlif təyinatlı 31 şirkət daxildir. Bura otel biznesindən tutmuş nəşriyyat işlərinə qədər geniş fəaliyyət sahəsi aid edilir.

Bundan başqa, Azərbaycandan Rusiyaya çörəkpuluna gedən insanların yaxşı tanıdığı «Çerkizov» bazarının və adı Bakıdakı şou-biznes əhlinin dilindən düşməyən «Praqa» restoranının da ona məxsusluğu bildirilir. T.İsmayılovun Türkiyədə də böyük otel biznesinin olduğu söylənilir. Bu günlər isə Türkiyə mətbuatının yazdığına görə, Antaliyada İsmayılovun atasının adının verildiyi «Mərdan» otelinin açılışı olub.

Rusiya mətbuatının yazdığına görə, «AST» Şirkətlər Qrupunun ötən il 1 milyard dollar gəliri olub. Bu şirkətlər qrupunun illik dövriyyəsinin isə 2 milyard dollardan çox olduğu bildirilir.

Onu tanıyanların deməsinə görə, bahalı saatların kolleksiyasını saxlamağı sevən T.İsmayılovun təmtəraqlı həyat keçirdiyini bir qədər əvvəl bəhs etdiyimiz şəkillərdən də görmək mümkündür. Onun ad gününə Hollivud ulduzlarından Cenifer Lopesdən tutmuş bir çox ünlü şou-biznes əhli təşrif buyurmuşdu. Onların arasında Azərbaycandan gəlmiş müğənnilər də var idi. Ancaq «Bizim yol» qəzetində dərc edilən həmin şəkillərdə yerli oxucuların daha çox diqqətini çəkən isə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə və Azərbaycanın bir sıra yüksək çinli məmurların orada yer alması idi.

«Bizim yol» qəzetinin redaktor müavini Elçin Rüstəmli:

Yuri Lujkov və Telman İsmayılov
- Bizim hörmətli şeyxin orada olması çox maraqlı idi. Halbuki, ora içki məclisidir. «AZAL» Dövlət Konsernin prezidenti Cahangir Əsgərov orada iştirak edirdi. C.Əsgərov Telman İsmayılova qiymətli bir tapança hədiyyə etmişdi. Məndə olan məlumata görə, həmin tapançanın 500 min dollar qiyməti var.

E.Rüstəmli deyir ki, həmin şəkillərin dərcindən sonra onların redaksiyasına hər hansı təkzib göndərilməyib.

Telman İsmayılov 1956-cı ildə Bakıda doğulub. Milliyyətcə yəhudidir. 1973-76-ci illərdə Azərbaycan Xalq Təsərrüffatı İnstitutunda ali təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra isə Moskvadakı Plexanov adına Xalq Təsərrüfatı İnstitutunu bitirib. «AST» Şirkətlər Qrupunu isə 1989-cu ildə yaradıb.

Rusiya mətbuatı yazır ki, «AST» Şirkətlər Qrupunun sərvətləri tək Telman İsmayılova yox, onun iki oğlu və himayəsinə götürdüyü bir qardaşı oğluna məxsusdur.

T.İsmayılovun varisləri də dünya mətbuatının gündəmindən düşmürlər. Hələ bir müddət əvvəl Türkiyə qəzetləri yazırdılar ki, onun oğlu Surxay İsmayılov bu ölkənin super-liqasında çıxış edən «Antalyaspor» klubunu almaq istəyir. Bundan ötrü o, 15 milyon dollarından da keçməyə hazırdır. Hətta həmin məlumatlarda o da qeyd edilirdi ki, S.İsmayılovun planlarına «Antalyaspor» klubu üçün mərhum babasının şərəfinə «Mərdan» adlı stadion da inşa etdirmək daxildir.

Telman İsmayılovu yaxından tanıyan Azərbaycan parlamentinin üzvü Yevda Abramov «Azadlıq» radiosuna deyir ki, bu iş adamı atasının adına İsraildə də bir sinaqoq inşa etdirib. Y.Abramov T.İsmayılovu böyük xeyriyyəçi sayır. Onun sözlərinə görə, xaricdə Azərbaycanın diaspor təşkilatlarına İsmayılovun böyük maddi və mənəvi dəstəyi olur.

Y.Abramov deyir ki, Moskvada minlərlə azərbaycanlı Telman İsmayılovun bazar və başqa ticarət obyektlərində çörəkpullarını qazanırlar:

«Bizim hörmətli şeyxin orada olması çox maraqlı idi. Halbuki, ora içki məclisidir»
- Mənə deyilənlərə görə, Azərbaycandan kim onun yanına gedirsə, Telman müəllim onu qəbul edir və probleminin həll edilməsinə lazımı köməkliyi göstərir.

Bir müddət Moskvada fəaliyyət göstərən jurnalist Səbuhi Məmmədli də Telman İsmayılovun xeyriyyəçiliyinə aid çoxsaylı misallar çəkir. Onun sözlərinə görə, Azərbaycan bayrağının təhqir edilməsinə görə, Ermənistandan gələn tələbələrlə dalaşan gənc azərbaycanlıya T.İsmayılov maddi yardım göstərmişdi. Ancaq S.Məmmədli Azərbaycandan Rusiyaya çörəkpulu ardınca gedən insanların İsmayılova məxsus ticarət obyektlərində çalışmasını onların heç də üstünlükləri saymır:

- Təkcə «Çerkizov» bazarında 40 mindən çox azərbaycanlı çalışır. Ancaq onlar çox yüksək vergi verirlər. Üstəlik, tez-tez total yoxlamalara məruz qalırlar. Telman İsmayılov öz nüfuzundan istifadə edib bu yoxlamaların qarşısını almır.

Telman İsmayılovun Azərbaycanda bir sıra yüksək çinli məmurlarla sıcaq münasibətlərindən də danışılır. Hətta bəzi məlumatlara görə, onun Azərbaycanda bəzi məmurlarla müştərək biznes strukturları da var. Belə məlumatların birində isə deyilir ki, Baş nazirin keçmiş müavini Abbas Abbasov da «AST» Şirkətlər Qrupunun idarəçiliyinə cəlb edilib.

Jurnalist Səbuhi Məmmədli T.İsmayılovun Azərbaycana sərbəst şəkildə sərmayə qoymamasını isə onun ehtiyatlılığı ilə izah edir. Jurnalistin fikrincə, Rusiyada yaşayan milyonçu sərvətlərinin əlindən alınacağından ehtiyatlanır.
XS
SM
MD
LG