Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:11

Azərbaycan futbolunda kim-kimdir?


Azərbaycan premyer-liqasında təmsil olunan klublar kimlərə məxsusdur?
Azərbaycan premyer-liqasında təmsil olunan klublar kimlərə məxsusdur?
Azərbaycanın futbol təsərrüfatı əsasən ya yüksək çinli məmurların, ya da hakimiyyətə yaxınlığı ilə seçilən iş adamlarının əlindədir. «Futbol+» qəzetinin redaktoru Mahir Rüstəmov deyir ki, son illər Azərbaycan futboluna əvvəlki illərlə müqayisədə daha çox pullar ayrılır. Bu göstəricilərinə görə, Azərbaycan Rusiya istisna olmaqla nəinki bir sıra MDB, hətta bəzi Şərqi Avropa ölkələrini də geridə qoyur. Ancaq bu bir gerçəklikdir ki, futbola nə qədər böyük pullar xərclənsə də, hələ ki, ölkə futbolunun inkişafından danışmaq mümkün deyil. M.Rüstəmovun sözlərinə görə, problemlərdən biri də Azərbaycan futbolunda şəffaflığın olmamasıdır.

Əslində klubların nə qədər xərclədiyi, transferlərin neçəyə başa gəldiyi, bu pulların hansı mənbələrdən formalaşdığı, himayədar dövlət idarələrinin klublara nə qədər vəsait ayırdığı mühüm dövlət sirri kimi qorunur. «Azadlıq» radiosunun bu barədə suallarını da həm klublar, həm də dövlət idarələri cavabsız qoyur.

Bu da futbol mütəxəssislərində belə bir təəssürat yaradıb ki, Azərbaycan futbolunda hələ ki, «çirkli pullar»ın «yuyulması» prosesi gedir. Hətta klublarda ikili maliyyə hesabatlarının aparıldığı da yazılır. Məlum olan isə suyun üzündə olanlar - futbol klubları və onların aşkar və pərdəarxası himayədarlarıdır.

Beləliklə, Azərbaycan futbolunda kim-kimdir?

Azərbaycan premyer-liqasında təmsil olunan klublar kimlərə məxsusdur?

Çempionatın hazırkı turnir cədvəlinə uyğun olaraq həmin suallara cavab axtaraq.

«İnter» (Bakı) (keçmiş «Xəzər Universiteti») 2004-cü ildə yaranıb. Rəsmi saytı www.inter.az-dır. Prezidenti bolqar əsilli iş adamı Georgi Nikolovdur. Azərbaycan futbol mütəxəssisləri hesab edirlər ki, bolqar iş adamı bu klubda daha çox işlərin icrası ilə məşğuldur.

Klubun sponsoru Azərbaycan Beynəlxalq Bankıdır. Klub «Şəfa» stadionunu 17 illiyə icarəyə götürüb.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev hakim ailəyə yaxınlığı ilə tanınır. Məhz C.Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı Hacı Məmmədovun rəhbərlik etdiyi bildirilən dəstə oğurladıqdan və əvəzində 15 milyon avro tələb etdikdən sonra Milli Təhlükəsizlik Nazirliyi «Qara kəmər» əməliyyatı keçirmiş və dəstə zərərsizləşdirilmişdi.

Hacı Məmmədovun məhkəməyə ifadəsindən: «15 milyon deyib 2 milyon avroda dayanmaq fikrindəydik. Fikirləşirdik ki, Cahangir Hacıyev iki günə həmin məbləği bizə çatdıracaq və arvadını azad etdirəcək. Lakin bu, bizim sonuncu əməliyyatımız oldu. Biz Cahangir Hacıyevdən həmin məbləği ala bilmədik, əvəzində isə məni tutub MTN-ə apardılar və Zamirə Hacıyevanı azad etdilər».

«Bakı»nın loqosu
«Bakı»
(Bakı) 1997-ci ildə «Çinar Polis Akademiyası» və «Qartal- 95» klublarının birləşməsindən yaranıb. 1997-ci ildə «Polis Akademiyası» adlandırılıb. 1997-2000 - ci illərdə «Dinamo» adını daşıyıb. Rəsmi saytı www.bakifc.az-dır.

2004-cü ildən «BAGHLAN GROUP» şirkətlər qrupu klubu himayəsinə götürüb. Klub ev oyunlarını Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirir.

«Bakı»nın prezidenti «BAGHLAN GROUP» şirkətlər qrupunun rəhbəri Hafiz Məmmədovdur. Mətbuatın yazdığına görə, H.Məmmədovun rəhbərlik etdiyi qrupa bir çox otellər, o cümlədən «Delfin» oteli məxsusdur. Həmçinin yerli mətbuat hesab edir ki, H.Məmmədov neft biznesi ilə də məşğul olur.

Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov Hafiz Məmmədovun atası Məcid Məmmədovu oğurlayıb azad olunması əvəzində ondan 2 milyon avro və 200 min dollar alıb.

Hacı Məmmədovun məhkəməyə ifadəsindən: «Bakıda Hafiz Məmmədovun imkanlı şəxs olduğunu hamı bilir. Biz fikirləşdik ki, onun atasını oğurlayıb bunun müqabilində ondan bir milyon dollar pul alaq. Onun atasının oğurladıq. Cibindən 30 min dollar xərclik pul çıxdı. Hafiz Məmmədovla danışıqlar aparanda, o dedi ki, qabaqkı vaxt deyil, indi vəziyyət pisdir, ayda 100 min dollar ancaq qazanır. Bundan sonra biz məbləği 3 milyon dollara qaldırdıq və ondan 2 milyon avro və 200 min dollar aldıq».

«Simurq» (Zaqatala). Əvvəlki adı «Daşqın» olub. «Simurq» adını 2005-ci ildə götürüb. Rəsmi sponsorları «BakFem» və «Parabank»dır. Klubun prezidenti Zaur Məmmədovdur. Dövlət çevrilişinə cəhddə ittiham olunan Hacıbəy İshak oğlu İbrahimov, yerli mətbuatın iddiasına görə, «Simurq»a maddi dəstək verirmiş.

Yerli mətbuatda «Simurq»un elə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev tərəfindən maliyyələşdirilməsinə dair məlumatlar var. Həmin məlumatlara görə, «Simurq»un çempionat oyunlarında daima «İnter»ə məğlub olması da məhz bu yaxınlıqla bağlıdır. Məqsəd də nisbətən daha güclü heyətə malik olan «İnter»in hər vəhclə ölkə çempionu olmasına yardım etməkdir. Hətta gəzən söz-söhbətlərə görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) bu qarşılaşmaların şübhəli məqamları ilə bağlı təftiş aparmaq niyyətindədir.

«Simurq»un rəsmi saytı www.simurqpfk.com-dur. Klub ev oyunlarını Zaqatala stadionunda keçirir. Tamaşaçı tutumu: 3500 yerlikdir.

«Qarabağ» (Ağdam) yaradılması 1950-ci illərin əvvəllərinə təsadüf edir. Rəsmi saytı www.qarabagh.com-dur. Əvvəlki adı «Məhsul» olub. «Azərsun» Holdinqin prezidenti Abdulbari Gözelin oğlu Taher Gözel klubun vitse-prezidentidir. Ancaq yerli mətbuatın iddiasına görə, «Qarabağ»a rəhbərliyi Abdulbari Gözel özü edir. Bu barədə isə rəsmi açıqlama verilmir. Klub ev oyunlarını Bakıdakı «Tofiq İsmayılov» adına stadionda keçirir.

«Azərsun» Holdinq qida sənayesi üzrə keçmiş postsovet məkanında ən nüfuzlu şirkətlərdən hesab olunur. Holdinqin prezidenti Abdulbari Gözelin adı yerli mətbuatda tez-tez PKK kürd terrorçu təşkilatına dəstək verən şəxslərdən biri kimi hallandırılır. Bu iddialara cavab olaraq A.Gözel «Yeni Müsavat» qəzetini məhkəməyə versə də, sonradan tərəflər arasında barışıq əldə edilib.

Klubun Lənkəranda 15000 yerlik müasir standartlara cavab verən stadionu var
«Xəzər Lənkəran»
dörd il əvvəl yaradılıb. Rəsmi saytı www.lankaranfc.com-dur. Klubun fəxri prezidenti «Palmali» Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovdur. Prezidenti isə onun qardaşı Mais Mənsimovdur. Klubun Lənkəranda 15000 yerlik müasir standartlara cavab verən stadionu var.

«Palmali» Şirkətlər Qrupunun mərkəzi ofisi Türkiyədə yerləşir. Şirkətin yüzlərlə tanker və mal daşıyan gəmisi var. «Xəzər Lənkəran» özünü Qafqazın «Çelsi»si hesab edir.

«Karvan» (Yevlax) 2004-cü ildə yaradılıb. Rəsmi saytı www.karvan.az-dır. Prezidenti Cavanşir Şirəliyevdir. Klubun İdarə Heyətinin sədri isə Şahmar Vəliyevdir. Ancaq çoxları məhz Şahmar Vəliyevin bu klubun əsas söz sahibi olduğunu iddia edir.

Şahmar Vəliyev Yevlax rayon İcra Hakimiyyətinin başçısı Yelmar Vəliyevin qardaşıdır. Onların başqa bir qardaşları isə Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyevdir. Yerli mətbuat ötən il Şahmar Vəliyevin adını Feyruz Nəsibov adlı iş adamının Mingəçevir şəhərində qətlə yetirilməsində hallandırıb.

Yevlax rayonunun sabiq icra başçısının qardaşı olan Feyruz Nəsibovla Şahmar Vəliyevin arasında gərginliyin birinciyə məxsus Taxıl Kombinatı üzündən yarandığı bildirilir. Şahmar Vəliyev özü isə bu məlumatları təkzib edərək, F.Nəsibovun avtoqəzada həlak olduğunu açıqlayıb.

Klubun stadionu Yevlax şəhərində yerləşir, tutumu 5000 nəfərlikdir.

«Olimpik» (Bakı) 2000-ci ildə bu adla yaradılıb. Saytı yoxdur. Əvvəlki adı AMMK olub. Prezidenti Rəsul Rəsulovdur. R.Rəsulov əvvəllər Azərbaycan Polis Akademiyasının rəisi olub. Klubun rəsmi sponsoru Azərbaycan Hava Yolları Dövlət Konsernidir (AZAL). Konsernin rəhbəri Cahangir Əsgərovu yerli və xarici mətbuat Azərbaycanın ən varlı şəxslərindən biri hesab edir.

AZAL Azərbaycanın hava nəqliyyatında dövlət monopoliyasını həyata keçirir. Mətbuat Əsgərovun rəhbərlik etdiyi şirkətin bazardakı mövqeyindən istifadə edərək hava nəqliyyatı ilə bağlı bütün xidmətləri şəxsi monopoliyasında saxladığını iddia edir. C.Əsgərovun Əliyevlər ailəsinə yaxın olduğu da bildirilir.

AZAL prezidenti ilə bağlı mətbuatda ən maraqlı məlumatlardan biri də onun 2002-ci ildə «Nord-Ost» teraktı zamanı çeçen yaraqlıları ilə şəxsi əlaqələrini işə salması haqqındadır.

Həmin məlumatlara görə, «Nord-Ost» müziklinin Moskvadakı Teatr Mərkəzindəki tamaşası zamanı 40-a yaxın çeçen yaraqlısı tamaşaçıları girov götürərkən C.Əsgərovun həyat yoldaşı və başqa yaxınları da onların arasında olub. Keçirilən əməliyyat zamanı 130-a yaxın girov həlak olub.

Mətbuatın yazdıqlarına görə, AZAL prezidenti yaraqlılarla danışığa girib, öz qohumlarının azadlığa buraxılmasına nail olub.

Heydər Babayev nazir postundan uzaqlaşdırılandan sonra klubun maliyyə sıxıntıları keçirdiyi barədə məlumatlar dolaşır
«Standart»
(Bakı) Prezidenti sabiq İqtisadi İnkişaf naziri Heydər Babayevin oğlu Emin Babayevdir. Klubun sponsorları «Bank Standard», «Standard Insurance» və «AB Standard»dır. Rəsmi saytı www.standardfc.com-dur.

Emin Babayevin «Bank Standard»da çalışdığı deyilsə də, hansı postu tutduğu məlum deyil.

Heydər Babayev nazir postundan uzaqlaşdırılandan sonra klubun maliyyə sıxıntıları keçirdiyi barədə məlumatlar dolaşır. Emin Babayevin özünü isə Azərbaycanda tapmaq müşkülə çevrilib. O, bu günlərdə AFFA-da klub rəhbərlərinin iştirakı ilə keçirilən toplantıya da gəlməyib.

«Neftçi» (Bakı) ötən əsrin 30-cu illərində yaradılıb. Rəsmi saytı www.neftchipfc.com-dur. Prezidenti «Azərneftyağ» Neft Emalı Zavodunun rəhbəri Əkbər Hacıyevdir.

«Azərneftyağ» əsasən, sürtgü yağlarının istehsalı ilə məşğul olur.

Klubun sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir (ARDNŞ). ARDNŞ-in prezidenti Rövnəq Abdullayev keçən ilə qədər elə «Neftçi»nin rəhbəri olub.

R.Abdullayev Azərbaycanın ən böyük maliyyə maqnatlarından biri hesab olunur.

Onun rəhbərlik etdiyi ARDNŞ-in idmana marağı təkcə futbolla məhdudlaşmır. Pekin Olimpiya Oyunları zamanı Azərbaycanı çapar yarışında təmsil edən fransız atı şirkətə 3 milyon dollara başa gəlmişdi.

«Qəbələ» (Qəbələ). «Qəbələ»nin əsası 1995-ci il iyulun 3-də «Göy Göl» adı altında qoyulub. Komanda əvvəllər Xanlar rayonunu təmsil edib. 2005-ci may ayının 4-də «Göy Göl» adı «Gilan»la əvəz edilib. 2006-cı ilin avqust ayında - yüksək liqada debüt ərəfəsində «Gilan» Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin müddətdən etibarən Qəbələ şəhərini təmsil etməyə başlayıb. Rəsmi saytı www.gabalafc.az-dır. Klub ev oyunlarını Qəbələ şəhər stadionunda keçirir.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da ölkənin ən imkanlı şəxslərindən hesab olunur
«Qəbələ»nin prezidenti Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur.

T.Heydərovun əsasən Londonda yaşadığı deyilir. Avropa-Azərbaycan Cəmiyyətinin rəhbəridir.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da ölkənin ən imkanlı şəxslərindən hesab olunur. Yerli mətbuatda Heydərova məxsusluğu bildirilən onlarla holdinq, şirkət və bankın adı çəkilir.

Niyə məhz Qəbələ?

Bu rayonla Kəmaləddin Heydərovu bir neçə faktor bağlayır. Əvvəla, onun atası Fəttah Heydərov bu rayondan deputat seçilib. Digər tərəfdən, nazirin həyat yoldaşının Qəbələdən olduğuna dair məlumatlar var. K.Heydərov Qəbələdə əsas istehsal sahələrinin sərmayədarı və sahibi hesab olunur. Mətbuatda bu rayonun Fövqəladə Hallar nazirinin şəxsi mülkiyyətində olması barədə iddialar dolaşır.
«Bakılı»nı (Bakı) 1995-ci ildə Misir Səttar oğlu Əbilov yaradıb. Rəsmi saytı www.bakili-fclub.com-dur. Rəsmi olaraq klub ilk dəfə «Araz» adı altında 1997-ci il martın 27-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 1998-ci il fevralın 3-dən klub «Bakılı» adlanır.

«Bakılı»nın prezidenti də Misir Əbilovdur. Klubun rəsmi saytının məlumatına görə, «Bakılı»nı elə o maliyyələşdirir.

M.Əbilovun Rusiyada bizneslə məşğul olduğu bildirilir.

Klubun stadionu yoxdur.

«Muğan» (Salyan) əvvəlki adı NBC olub. Klub 2007-ci ilin avqustunda yaranıb. Saytı yoxdur. «Muğan»ın prezidenti «NBCBank» Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Surxay Əhmədovdur. S.Əhmədov Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini bitirib.

«Muğan» rəsmilərinin deməsinə görə, onlara əsasən «Nurgün» Şirkətlər Qrupu köməklik edir. Şirkətlər Qrupu Azərbaycanda «Nissan» avtomobillərinin satışı ilə məşhurdur. «Nurgün»ün rəhbəri Nuru Əliyevdir. Bu şirkət «Exspress» qəzetini də maliyyələşdirir.

MOİK (Bakı). Klub ötən əsrin 60-cı illərində yaranıb. Saytı yoxdur. Klubun prezidenti Natiq Əliyevdir. O, eyni zamanda Müdafiə Nazirliyinə məxsus Ordu Mərkəzi İdman Klubunun rəisidir. Bu klub da elə həmin mərkəzin nəzdində fəaliyyət göstərir. MOİK-də hərbi xidmət yaşına çatmış futbolçular çıxış edirlər.

Klubu Müdafiə Nazirliyi himayə edir.

«Turan» (Tovuz). Saytı yoxdur. «Turan»ın prezidenti əyalət iş adamlarından hesab edilən Elçin Süleymanovdur. Klubun rəsmilərindən Fizuli Əliyevin «Azadlıq» radiosuna deməsinə görə, onlara Tovuz rayon İcra Hakimiyyəti də yardım edir.

Bununla belə, klub ciddi maliyyə böhranı keçirir. Son vaxtlar «Turan»ın azərbaycanlı iş adamı Vahid Ələkbərovun prezidenti olduğu «LukOyl» şirkəti tərəfindən himayəyə götürüləcəyi barədə məlumatlar dolaşır.

Beləliklə, bu araşdırmadan görünür ki, Azərbaycan premyer-liqasında təmsil olunan 14 klubdan 11-i ya yüksək çinli dövlət məmurlarına, ya da onların ailə üzvlərinə məxsusdur. Bir klub - «Xəzər-Lənkəran» isə biznesi Türkiyədə olan iş adamınındır. Qalan iki klub - «Turan» və «Bakılı» isə belə himayəçilərə məxsus olmadığından ciddi maliyyə sıxıntıları keçirir. Əslində bütün bu mənzərəni elə turnir cədvəli də özündə ehtiva edir.

KOMANDALAR O Q H M T-F Xal

1. «İnter» 14 10 4 0 29-8 34
2. «Bakı» 14 10 2 2 34-6 32
3. «Simurq» 14 9 4 1 19-8 31
4. «Qarabağ» 14 8 3 3 22-15 27
5. «Xəzər-Lənkəran» 14 8 3 3 24-12 27
6. «Karvan» 14 8 2 4 19-11 26
7. «Olimpik» 14 7 4 3 17-11 25
8. «Standard» 14 6 2 6 13-15 20
9. «Neftçi» 14 4 4 6 13-11 16
10. «Qəbələ» 14 4 3 7 17-14 15
11. «Bakılı» 14 1 3 10 9-33 6
12. «Muğan» 14 1 2 11 9-28 5
13. MOİK 14 1 2 11 6-29 5
14. «Turan» 14 0 4 10 3-30 4
XS
SM
MD
LG