Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 12:31

AŞ Konqresinin rəsmisi hökuməti xartiyaya hörmət etməyə çağırır


Yan Mikallef
Yan Mikallef
Avropa Şurasının Yerli Hakimiyyətlər Konqresinin Bürosu rəsmi Bakını referendumu təxirə salmağa çağırıb. Qurumun prezidenti Yan Mikallef Konstitusiyanın 146-cı maddəsinə təklif edilən dəyişikliklərin Azərbaycanın 2002-ci ildə imzaladığı yerli özünüidarəetmə haqda Avropa xartiyasının müddəalarıyla ziddiyyət təşkil etdiyini bildirir.

Y.Mikallef deyir ki, 146-cı maddəyə təklif edilən dəyişikliklər hökumət tərəfindən bələdiyyələrin fəaliyyətinə nəzarəti nəzərdə tutur. Bu da ciddi narahatçılıq və problemlər yaradır.

Eyni zamanda Büro referendumu təxirə salmağı və təklif edilən düzəlişlər barədə Venesiya Komissiyasının mövqeyini gözləməyi təklif edir.

Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə deyir ki, referendumu təxirə salmaqla bağlı Avropa Şurasının hökumətə heç bir çağırışı olmayıb:

«Bu açıqlama Avropa Şurasının mövqeyi kimi qəbul oluna bilməz. Avropa Şurasının mövqeyini Parlament Assambleyası və Nazirlər Kabineti ifadə edə bilər. Azərbaycan hökuməti Venesiya Komissiyası ilə əməkdaşlıq edir, hüquqi sahədə komissiyanın tövsiyələrinin nəzərə alır. Amma referendum Azərbaycanın daxili işidir».

Y.Mikallef isə «Azadlıq» radiosuna müsahibəsində Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliyini xatırladır:

«Biz Azərbaycan hakimiyyətinin idarə sisteminə müdaxilə etmirik. Sadəcə hökuməti xəbərdar edirik ki, Azərbaycanın Avropa Şurası qarşısında öhdəliyi var. Onlar özünüidarəetmə haqda Avropa xartiyasını təsdiq ediblər və indi bu xartiyaya hörmətlə yanaşmalıdırlar».

Y.Mikallef deyir ki, bu xartiyaya Avropa Şurası Yerli Hakimiyyətlər Konqresinin Bürosu nəzarət edir:

«Buna Azərbaycan hökuməti nəzarət etmir. Bizim səlahiyyətimiz çatır deyək ki, onlar bizim söylədiklərimizə qulaq asmalıdır, referendumu ləğv etməlidirlər».

Referendumla bağlı şərait haqqında isə Y.Mikallef bunları deyir:

«Biz əmin olmaq istəyirik ki, referendum demokratik qaydalara uyğun şəkildə keçiriləcək. Ancaq indiyə qədər hələlik belə olmadığını görürük».

Bələdiyyələrlə iş üzrə ekspert Rövşən Ağayev də deyir ki, Y.Mikallefin narahatlığı başadüşüləndir:

«Yerli qanunvericilik aktlarına dəyişiklik olunanda xartiyanın tələbləri nəzərə alınmalıdır. Əvvəlkində inzibati nəzarət tutulurdu. Yəni, inzibati nəzarəti həyata keçirən orqan kənardan bələdiyyələri sənədlər əsasında izləyirdi, onların fəaliyyətində qanun pozuntusu varsa, onu aradan götürürdü. İndiki halda isə birbaşa nəzarətdən və müdaxilədən söhbət gedir. Bununla Azərbaycan qoşulduğu öhdəliklərin tələbinə zidd addım atır».

Konstitusiyaya təklif edilən bir sıra düzəlişlər bələdiyyələrin fəaliyyəti ilə bağlıdır. Xüsusən, 146-cı maddəyə əlavə edilir ki, bələdiyyələrin öz səlahiyyətlərini müstəqil şəkildə həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə ziyan vurmamalıdır. Bu maddəyə digər bir əlavədə isə deyilir ki, dövlət bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirir. Qanunla nəzərdə tutulmuş hallarda bələdiyyələr öz fəaliyyətləri haqda parlamentə hesabat verirlər.

Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək.

Əsas qanunun 29 maddəsinə 41 əlavə və düzəliş təklif edilib. Əsas müzakirə olunan dəyişiklik bir nəfərin iki dəfədən çox prezident seçilməsini qadağa edən maddənin ləğvidir.

Referendum təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.
XS
SM
MD
LG