Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:15

KİV haqqında qanuna dəyişiklik qəbul edildi


Milli Məclisdə müzakirələr qızğın keçdi
Milli Məclisdə müzakirələr qızğın keçdi
«Deyirsiniz ki, ali təhsili olmayan şəxs qəzet redaktoru ola bilməz. Anlamıram niyə! Əgər qəzet kiminsə xoşuna gəlmirsə, onu almasın, oxumasın. Haqqı tapdalanan məhkəməyə müraciət edib qanuni şəkildə onun hüquqlarını məhdudlaşdırsın».

Milli Məclis martın 6-da KİV haqqında qanuna əlavə və dəyişiklikləri müzakirə edəndə deputat İqbal Ağazadə bəzi millət vəkillərinin təkliflərinə bu şəkildə etiraz etdi.

Parlamentin iclasının ikinci hissəsində mübahisələrə səbəb olan qanun layihəsi KİV-in fəaliyyətinin müəyyən hallarda müvəqqəti və ya birdəfəlik dayandırılmasına imkan verir.

«Ədalət» qəzetinin keçmiş baş redaktoru, deputat Aqil Abbas qaydaları pozan qəzetlərin mümkün qədər sərt cəzalandırılmasını istədi. Bundan ötrü Mətbuat Şurasının səlahiyyətlərinin artırılmasını, Vergilər Nazirliyinin qəzetlərdə yoxlamalar aparmasını təklif etməklə kifayətlənməyən deputat ümumiyyətlə KİV haqqında qanunun yenidən hazırlanmasını məqsədəuyğun saydı.

Bir sıra iqtidaryönlü və YAP-dan olan deputatlar da bu fikirlə razıdır. Deputat Səyavuş Novruzov kimi. O, jurnalistikanı qeyri-peşəkarlardan, təsadüfi adamlardan təmizlənməsinin vacib olduğunu deyib, bundan ötrü nə lazımdır edilməsini zəruri saydığını bildirdi:

«Mən Aqil Abbasın dedikləri ilə tamamilə razıyam ki, tək bu maddələr deyil, ümumiyyətlə bu qanuna baxılmalıdır».

Amma YAP-dan olan digər deputat Mübariz Qurbanlı təməlini Aqil Abbasın qoyduğu təklifin müzakirəsini səngitdi. Dedi ki, Azərbaycanın KIV haqqında qanunu ən mütərəqqi qanunlardan biridir:

«Onu dəyişməyə ehtiyac yoxdur. O ki qaldı başqalarının şərəf və ləyaqətinə toxunan KİV-lərə, jurnalistlərə onlar da yorulub sıradan çıxacaqlar».

Müsavat deputat qrupundan olan Pənah Hüseyn bu məsələdə həmkarı ilə razı olduğunu bildirdi:

«Burda söhbət gedir ki, məhkəməsiz-filansız qəzetləri bağlamaq üçün Mətbuat Şurasına səlahiyyət verilsin. Qanuna, söz azadlığına, KİV-ə hörməti olan insan belə fikirləri düşüncəsinə gətirməməlidir. Mən də razıyam ki, insanın ləyaqətinə, ailə üzvlərinə toxunmaq həqiqətən də şərəfsizlikdir. Amma əgər biz ictimai işlə məşğul oluruqsa, gəlin belə şeylərə dözümlü yanaşaq».

Mətbuat Şurasının səlahiyyəti məsələsinin artıq qanuna təklif olunan əlavə və dəyişiklikləri yavaş-yavaş üstələdiyini görən spiker Oqtay Əsədov isə dedi ki, Şuranın lazımi qədər səlahiyyəti var.

Deputat Sabir Rüstəmxanlı isə əcnəbi vətəndaşın Azərbaycanda qəzet redaktoru ola bilməməsini düzgün saymadı:

«Rusiyada azərbaycanlıların qəzetləri var. Bu qəzetlərin baş redaktoru təbii ki, azərbaycanlılardır. Başqa cür ola da bilməz. Azərbaycanda da əcnəbi icmaları özləri üçün qəzet buraxırlar. Onların baş redaktorunun Azərbaycan vətəndaşı olması nə dərəcədə düzgündür?»

Uzun müzakirələrdən, polemikalardan sonra əlavə və dəyişikliklər səsə qoyulub qəbul edildi.

Beləliklə, dəyişikliklər qüvvəyə minəndən sonra Azərbaycanda fəaliyyət göstərən mətbu nəşrin redaktoru əcnəbi və ya ali təhsilsiz adam ola bilməyəcək. Həmçinin mətbuat öz azadlığından və jurnalist hüququndan sui-istifadə edərsə, onu bir dəfə inzibati məsuliyyətə cəlb edəcəklər. Bu əməl təkrarlanarsa, həmin KİV-in fəaliyyətinin 2 ay müddətinə dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırıla bilər.

Ekspertlər hesab edir ki, inzibati məsuliyyətin konkretləşməməsi istənilən qəzetin dayandırılmasına münbit şərait yaradır.
XS
SM
MD
LG