Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 23:10

Azərbaycanda hakim komandanın həbsxana taleyi


Üç qoçun başı bir qazanda
Üç qoçun başı bir qazanda
1991-ci ildə Azərbaycan müstəqil dövlət olandan bəri bu dövlətin prezidentlərindən tutmuş, nazirinə, komitə sədrinə, "jek" müavinlərinə kimi o qədər məmur həbsxanaya düşüb ki, bu adamlardan kamil bir “Nazirlər kabineti” təşkil etmək olardı.

Əlbəttə, onların hamısının adını sadalamaq bir məqalə üçün çox olar. Yalnız ən ali vəzifələrdə çalışıb sonradan həbsə atılanları sadalayanda görünür ki, həbsxanada olduqca peşəkar bir hokumət komandası da yaratmaq olarmış.

Tərtib etdiyimiz siyahıdə yeni heç bir məlumat yoxdur. Yalnız bir-neçə iddia var.

Əvvəla, bu siyahı həqiqətən demokratik olan bir dövlətdə heç vaxt yarana bilməzdi.
MTN-lə üzbəüz yaşayan siyasətçilərdən neçəsi bir müddət öz evi ilə üzbəüz yaşamağa məcbur olub

İkincisi, bu siyahı Azərbaycanda vəzifə kabineti ilə türmə kamerası arasındakı məsafənin necə də qısa olduğunu əyani şəkildə göstərir.

Və nəhayət, bu siyahı həm də elə bir həqiqəti əks etdirir ki, Azərbaycanın ixtiyar sahibləri sanki onu yalnız qollarındakı qızıl saatları polad qandallar əvəzləyəndə dərk etmək iqtidarında olurlar.

Azərbaycan müstəqil olandan bəri bu ölkənin ali dövlət strukturlarının az qala hamısının rəhbərlərinə qarşı cinayət işi açılıb.

Vaxtilə Milli Təhlükəsizlik Nazirliyində həbsdə olan jurnalistlərdən biri öz xatirələrində yazır ki, MTN təcridxanasındakı dəhlizlərdən birinin adına “Nazirlər prospekti”, digərinə isə “Generallar döngəsi” deyirdilər. Çünki buradakı hücrələdə müxtəlif illərdə onlarla nazir və general həbsdə saxlanılıb.

Ötən 18 ildə iki prezident, iki parlament sədri, iki Baş nazir, bir Baş prokuror, iki dövlət müşaviri ya həbs olunub, ya da ağır cinayətlərdə ittiham olunandan sonra ölkədən qaçıb.
Gələcək məhbus nazirlər Heydər Əliyevin məzarına gül qoyurlar

12 nazir omrünün azı bir neçə ayını həbsxanada yaşayıb. Onlardan biri elə məhbəsdə ikən vəfat edib. İki keçmiş nazir hələ də həbsdədir.

Komitələrə, konsernlərə, akademiyaya və s. nüfuzlu dövlət təşkilatlarına rəhbərlik edən altı nəfər vəzifə sahibi müxtəlif ittihamlarla azadlıqdan məhrum edilib.

Müstəqil Azərbaycanda hökumət işinin ən təhlükəli sahəsi iqtisadiyyat olub.

Müxtəlif vaxtlarda Azərbaycanın iki Baş naziri, iqtisadiyyata cavabdeh olan iki naziri, iki kənd təsərrüfatı naziri və bir maliyyə naziri həbs edilib.

İqtisadiyayata rəhbərlik hətta zahirən riskli görünən güc nazirliklərinə rəhbərlikdən də təhlükəli olub. Amma hər halda, güc strukturlarının başçıları üzərində də domokl qılıncı hərəkətsiz qalmayıb.

Son 18 ildə bir daxili işlər naziri, iki milli təhlükəsizlik naziri, bir müdafiə naziri və bir baş prokuror müxtəlif müddətlərə həbs olunub.

Bu həbslərlə yaranan mənzərə Azərbaycan dövlətçiliyinin sağlam təbiətini şübhə altına alır.

1. Haqqında cinayət işi açılmış prezidentlər, parlament sədrləri və baş nazirlər

2. Prezident aparatının həbs olunan yüksək rütbəli məmurları

3. Güc strukturlarının həbs olunmuş rəhbərləri

4. Yüksək vəzifə kreslosundan müttəhimlər kürsüsünə atılan şəxslər

(Siyahını təqib görmüş, haqqında cinayət işi açılmış millət vəkilləri, nazir müavinləri, idarə rəhbərləri və s. vəzifə sahiblərinin adları ilə uzatmaq da olar. Bunu isə oxucularımızın öhdəsinə buraxırıq. Həbs olunmuş digər vəzifəli şəxslər haqqında məlumatınız varsa, şərh kimi bizə göndərin)
XS
SM
MD
LG