Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:53

«Lavrovun referendum ərəfəsində gəlişi təsadüf deyil»


Lavrovun Azərbaycan paytaxtında həmkarı Elmar Məmmədyarovla görüşü mübahisəsiz keçməyib
Lavrovun Azərbaycan paytaxtında həmkarı Elmar Məmmədyarovla görüşü mübahisəsiz keçməyib
Ciddi siyasi olaylar ərəfəsində Rusiya rəsmilərinin Azərbaycana gəlişi ənənəyə çevrilib. Bunu siyasi şərhçi İbrahim Bayandurlu deyir. Onun fikrincə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Bakıya səfərinin bir məqsədi də Azərbaycanın Rusiyayönlü siyasətdə nə qədər uzağa gedə biləcəyini öyrənməkdir.

Amma martın 11-də axşam saatlarında Bakıya gələn Lavrovun Azərbaycan paytaxtında həmkarı Elmar Məmmədyarovla görüşü mübahisəsiz keçməyib.

Səfərin məqsədi ilə bağlı açıqlama verən Lavrovun özü bildirib ki, danışıqlar iki ölkə arasında davam edən ənənəvi, intensiv dialoq çərçivəsində keçirilib. Dialoqun mövzusunu isə dövlət başçıları müəyyənləşdirir.

Azərbaycan XİN-in başçısı Elmar Məmmədyarov isə deyib ki, görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub:
- Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə də toxunduq. Rusiyanın Xarici İşlər naziri bizə bildirdi ki, ölkəsi münaqişənin dinc yolla nizamlanmasına tərəfdardır. Biz də Qarabağ məsələsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasını mümkün sayırıq.

Müzakirə edilən məsələlər sırasında Xəzərin bölünməsi, sərhədlərin delimitasiya, demarkasiya məsələləri, humanitar sahələrdə işbirliyinin genişləndirilməsi, iqtisadi münasibətlərin dərinləşdirilməsi də olub. Elmar Məmmədyarov onu da vurğulayıb ki, 2008-ci ildə iki dövlət arasındakı ticarət dövriyyəsinin həcmi 2 milyard dollara çatıb.

Tərəflər gələcəkdə də dövlətlərarası münasibətlərin dərinləşməsinə tərəfdar olduqlarını bildirməklə yanaşı, bir sıra qaranlıq məqamların bu münasibətlərə kölgə saldığını da etiraf ediblər. Söhbət Azərbaycan mediasında 2008-ci ildə Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah-sursat verməsilə bağlı yayılan xəbərlərdən gedir. Lavrov bildirib ki, Rusiya bir sıra ölkələrlə hərbi işbirliyi qurub. Ancaq heç bir halda bu işbirliyi, hər hansı üçüncü dövlətin təhlükəsizliyinə qarşı yönəlmir. Rusiyalı nazir bir daha ölkəsinin Ermənistana 2008-ci ildə heç bir silah-sursat vermədiyini deyib:

- Mediada yayılan sənəd saxtadır. Bu, artıq dəfələrlə bildirilib. Bu tip sənədlər tamamilə fərqli qaydada tərtib olunur. Ordakı çoxsaylı qrammatik yanlışlıqlar isə bu sənədin ümumiyyətlə harada hazırlanması ilə bağlı ciddi suallar doğurur.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov isə Rusiyanın Ermənistana silah verməsi məsələsində bütün detallar aşkar olunmadığından bir sıra məsələlərlə bağlı ciddi araşdırmaya ehtiyac olduğunu bildirib.

Hərbi ekspert Üzeyir Cəfərov Rusiyanı bu məsələdə səmimi olmağa çağırır:

- Rusiya Müdafiə Nazirliyinin rəsmisi polkovnik Aleksandr Petrunin Rusiyanın Ermənistana silah verməsi faktını təsdiq etdi. Bundan 2 gün sonra Rusiya durumun ciddiliyini görüb polkovnik Petrunini vəzifə səlahiyyətlərini aşmaqda suçlayaraq postundan kənarlaşdırdı. Yəqin Azərbaycan tərəfinin də bu məsələnin çox hallanmamasında az-çox «xidməti» var. Görünür, istəmirlər ki, ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Rusiyanın imicinə ziyan dəysin. Ona görə çox yaxşı olardı ki, Rusiya bu məsələdə özünü səmimi aparsın.

Sergey Lavrov ölkəsinin Qəbələ RLS-dən istifadə məsələsində də maraqlı olduqlarını bildirib. İki ölkə arasında RLS-in istifadəsi uzrə müqavilə 2012-ci ilə qədər qüvvədə olacaq. Buna baxmayaraq, artıq Pentaqon Qəbələ RLS-in istismarı ilə bağlı Azərbaycan tərəfə təkliflər ünvanlayıb. Bu sözləri isə Azərbaycan XİN-in başçısı Elmar Məmmədyarov deyib. Ancaq nazir RLS-in istismarı ilə bağlı hər hansı yeni qərarın olmadığını da bildirib.

Ekspertlər hesab edirlər ki, bu cür səfərlərin əsas məqsədini nazirlərin rəsmi açıqlamalarında axtarmaq lazım deyil. Hər halda İbrahim Bayandurlunun sözlərinə görə, Lavrovun Bakıya 18 mart referendumu ərəfəsində gəlişi təsadüf deyil.
XS
SM
MD
LG