Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 21:06

«Əliyev metodu»


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Almaniyanın nüfuzlu «Rheinischer Merkur» həftəliyi: «Prezident öz hakimiyyətini referendumla betonlaşdırır. Müxalifətçilər ölkənin neft diktaturası yoluna qədəm qoyduğunu hesab edir»

2003-cü ildə atası Heydər Əliyevdən sonra hakimiyyətə gələn İlham Əliyev tezliklə öz idarəçilik üsulunu büruzə verdi. ATƏT tərəfindən «qeyri-azad və saxtalaşdırılmış» kimi dəyərləndirilən və İlham Əliyevin 77% səs topladığı seçkilərdən sonra paytaxt Bakı şəhərində iğtişaş və nümayişlər baş verdi. İki nəfər həyatını itirdi, onlarla insanın qanı axıdıldı, xeyli insan da həbsxanalara atıldı.

Ölkənin siyasi həyatına 30 ildən çox hökmranlıq etmiş Heydər Əliyev öz oğluna demək olar ki feodal quruluşlu, korrupsiya içində üzən və avtoritar idarə üsullu dövlət miras qoymuşdu. Neft ehtiyatları ilə zəngin bu ölkə çiçəklənən gələcək ümidində idi. Xəzər dənizinin altında 100 milyard barel neft ehtiyatlarının olduğu güman edilir. Hətta bu gün də ölkənin iqtisadiyyatı 10% artım tempinə malikdir. Artıq uzun illərdir ki, ekspertlər xəbərdar edirlər ki, neft gəlirləri çox az sayda insanın mənafeyinə xidmət edir. Bu gəlirlər ölkə infrastrukturunun müasirləşdirilməsi və iqtisadiyyatın diversifikasiyası üçün istifadə olunmur.
Zəif, küncə sıxılmış və parçalanmış demokratik müxalifət referendum haqqında ictimai müzakirə açmağa və ölkənin gələcəyi üçün onun mənasını açıqlamağa nail olmadı


Playboy hərəkətə keçir

Qeyri-sabit, nüfuz uğrunda ailə klanları arasında mübarizə obyekti olan bu cənubi Qafqaz ölkəsində İlham Əliyev öz hakimiyyətini möhkəmləndirməyə nail oldu. Opponentləri aradan qaldırıldı, müxalifət və mətbuat ardıcıl olaraq susduruldu və Ermənistanla Dağlıq Qarabağ uğurunda münaqişə daxili siyasət məqsədləri üçün nəzarət mexanizmi kimi istifadə edilməyə başladı. 2005-ci ildə parlament seçkiləri ərəfəsində bəzi hökumət üzvləri həbs edildi. Onların çevriliş hazırladıqları iddia edilirdi. Müxalifətin toplaşmaq və etiraz etmək hüquqları məhdudlaşdırıldı.

Əvvəllər playboy imicinə malik olan oğul öz hakimiyyətini uzun müddətə möhkəmləndirərək artıq özünü kifayət qədər güclü hiss edir. Gələn həftənin 3-cü günü o vətəndaşları seçki qutularının yanına dəvət edərək konstitusiyaya dəyişikliklərə səs verməyə çağırır. Prezidentin maksimum iki müddətə seçilməsi məhdudiyyəti aradan qaldırılır. Beləliklə, 2013-cü ildən sonra da o, istədiyi qədər seçilə bilər. 47 yaşlı Əliyev ötən ilin oktyabrında təkrar seçkidə prezident kimi təsdiq edilmişdi. Müxalifət seçkini boykot etmişdi. Zəif, küncə sıxılmış və parçalanmış demokratik müxalifət referendum haqqında ictimai müzakirə açmağa və ölkənin gələcəyi üçün onun mənasını açıqlamağa nail olmadı.

Bir neçə ildir ki vətəndaş cəmiyyəti üçün çalışan 29 yaşlı Emin Milli üçün bu referendum siyasi fəaliyyətə qoşulmağa əsas verir. Gənc intellektuallarla o, AN şəbəkəsini yaradıb. Daha əvvəl o, 5000 tələbənin xaricdə təhsili üçün dövlət proqramının təşəbbüskarı olub. «Biz həmişə müxalifət kimi şikayətçi olmaq istəmirdik. Biz konstruktiv yolla müasirləşmə və demokratikləşməyə can atırdıq. Bilik və informasiyanın yayılması yolu ilə. Amma İlham Əliyevin hakimiyyəti altında vəziyyət elə pisləşib ki, artıq utanmadan buna tamaşa etmək qeyri-mümkündür. Bu gün artıq mümkün deyil ki, 3 nəfər sərbəst toplaşsın. Təhlükəsizlik qüvvələri dərhal onları həbs edirlər».

Brüssel geri çəkilir

Bu aktivist AN-la birgə yanvarda BMT-nin qarşısında etiraz nümayişi təşkil etmişdi. Berlində olanda bildirmişdi ki, onun ölkəsi monarxiya yolundadır. O, Azərbaycanı Türkmənistan və Belorusla müqayisə edir. Azərbaycan hansı hüquqla Avropa Şurasının üzvüdür? Niyə Belarus boykot olunur, Azərbaycan yox?

Emin Milli Qərbi, xüsusən də Avropa İttifaqını yeni bir avtoritar rejimin yaranmasına belə fəaliyyətsiz oturub tamaşa etməməyə çağırır. «Azərbaycanda demokratiyaya inanan insanları tək buraxmayın».

Amma həm ABŞ, həm də Aİ Azərbaycanın insan hüquqları və demokratik öhdəliklərini yadına salmağa tələsmirlər. Heydər Əliyev beynəlxalq neft şirkətlərini Azərbaycana gətirmiş və avtoritar idarə stilinə rəğmən Qərblə yaxşı münasibətlər qurmağa nail olmuşdu. Xüsusən də Vaşinqton üçün neftlə zəngin olan və Rusiya ilə İran arasında yerləşən Azərbaycan böyük geosiyasi əhəmiyyətə malikdir.

Bu dövlətlər ancaq onların radio xidmətlərinə Azərbaycanda fəaliyyətinə qadağa qoyulduqdan sonra səslərinin çıxardılar. Bundan başqa, çox populyar olan day.az saytı da bağlandı. «Sərhədsiz reportyorlar» təşkilatının hesabatında mətbuat azadlığına görə ən arxa yerlərdən birini tutur -150-ci yer.

P.S. Ingo Petz 2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri haqqında kitabın müəllifidir. Onun «Əliyev metodu» məqaləsi Qərbi Almaniyanın nüfuzlu «Rhenischer Merkur» həftəliyinin 12 mart tarixli sayında dərc olunub.
XS
SM
MD
LG