Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:43

«Özünüz bilirsiniz də türmə yolu nə deməkdir…»


Bura Bakıdakı 6 saylı cəzaçəkmə müəssisəsinin qarşısıdır
Bura Bakıdakı 6 saylı cəzaçəkmə müəssisəsinin qarşısıdır
«Ata, ay ata…» Daha sonra bu 8-10 yaşlı qızı nənəsi başa saldı ki, nə qədər qışqırsa da, onu atası eşitməyəcək. Əvvəlcə giriş qapısına yaxınlaşmaq, keşikçilərdən blank götürmək, onu doldurmaq, sonra da görüş otağına çağrılmağı gözləmək lazımdır. Bu 8-10 yaşlı qız, görünür, birinci dəfə cəza evinə gəldiyindən bütün bu qayda-qanunları bilmirdi:

- Bayramınız mübarək, cəza evinə bayramlaşmağa gəlmisiniz?
- Bəli.
- Hər bayram gəlirsiniz?
- Yox, oğlum bura təzə düşüb…

Bura Bakıdakı 6 saylı cəzaçəkmə müəssisəsinin qarşısıdır. İlaxır çərşənbə olduğundan cəza evinin qabağında əvvəlki günlərlə müqayisədə daha çox valideyn gözə dəyirdi. Onların hər birinin də əlində bayram sovqatları var idi. Saçına artıq dən düşmüş, orta yaşlı bir qadın isə deyirdi ki, artıq üç ildir hər bayramı cəza evinin qarşısında keçirir. Ananın deməsinə görə, yeganə oğlu Rasim Dəşdəmirov haqsız yerə 9 il cəza alaraq bu müəssisəyə gətirilib:

- Bu ölkədə bir davaya görə, adama 9 il cəza verirlər, adamı öldürüb, tikə-tikə doğrayana isə 8 il. Mənim pulum yox, yiyəm yox. Həkimindən tutmuş, hakiminə qədər hara getdim - məndən pul istədilər.
Pul da verə bilmədiyimdən işdə şikayət olmaya-olmaya oğluma 9 il cəza verdilər. Sonra Apellyasiya Məhkəməsi cəzanı iki il yüngülləşdirdi. 7 ildən 3 ilini artıq oğlum çəkib.

Ancaq görüşə gələnlər cəzaçəkmə müəssisəsinin rəhbərliyindən bir elə də şikayətlənmirdilər. Onların demələrinə görə, bayramlarda və ara günləri iki həftədən bir müftə-müsəllah görüş ala bilirlər. Qalan günlər isə cəza evinə gəlsələr, gərək əlləri ciblərində olsun:

- Hər gələndə də…Day özünüz bilirsiniz də türmə yolu nə deməkdir. Çatdırmaq olmur. Artıq intihar dərəcəsinə gəlmişəm. Ər yox, qardaş yox. Bir qədər də danışsam ağlayacam. Ancaq bu bayram günü ağlamaq istəmirəm. Daha bəsdir.

30-35 yaşlı bir gənc isə qardaşı ilə görüşə gəlmişdi. Onun 7 il 6 ay cəza alan qardaşı isə ilk dəfə Novruz bayramını cəza evində keçirməli olacaq:

- Qozdu, fındıqdı, almadı, toyuqdu, çörəkdi…Bir sözlə, rayondan nə qoyublar, qardaşıma gətirmişəm. Neyliyək qardaş, fəhlə işləməklə birtəhər çalışırıq ki, qardaşımın yanına çörək keçirək.

Görüşə gələnlərin deməsinə görə, cəza evində qiymətlər nisbətən bahadır. Çörək 40 qəpiyə, qənd 1 manat 20 qəpiyə, azadlıqda hər yerdə 70 qəpiyə olan bir qutu «Vest» siqareti isə 1 manatadır. Onların sözlərinə görə, cəza evində bütün mal və məhsullar aşağı-yuxarı 40-50 faiz baha satılır.

İlaxır çərşənbə günü, 6 saylı cəzaçəkmə müəssisəsinə bir ucdan insanlar müxtəlif sovqatlarla gəlib, ordan əliboş geri qayıdırdılar. Ordan çıxan məhbus qohumları deyirdi ki, yaxınlarının bu bayramı heç olmasa dolu süfrə ilə keçirməsi üçün əllərindən gələni edirlər. O ki qaldı baharın gətirdiyi ümid və sevincə, bu paydan hündür divarlı, məftillərlə əhatə olunmuş hasarın arxasında qalanlara nə düşməsinə, onu demək çətindir.
XS
SM
MD
LG