Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:57

«Rəssamlıq narkomaniya kimi bir şeydir»


Heykəltəraş-rəssam Mirteymir Məmmədov
Heykəltəraş-rəssam Mirteymir Məmmədov
«Kim deyir ki, emalatxanam yoxdur, ona görə də işləmirəm – inanmayın!». Bunu «Azadlıq» radiosuna heykəltəraş-rəssam Mirteymir Məmmədov dedi. Onun sözlərinə görə, son zamanlar, xüsusən də, gənc rəssamlar işləmək üçün normal şəraitlərinin olmamasından gileylənirlər. Amma bu, əsl rəssam üçün bəhanə ola bilməz:

«Rəssamlıq xəstəlikdir, sözüm pis çıxmasın, narkomaniya kimi bir şeydir. İşləmək istəyən rəssam evin bir küncündə də oturub çəkir, nəsə yaradır. Azərbaycanda dırnaqarası rəssamlar var ki, illərlə işləmirlər. Səbəbini soruşanda, deyirlər ki, «emalatxanam yoxdur», ya da «emalatxana soyuqdur». Vallah, beləsi rəssam deyil! Mən də gənc olanda emalatxanam yox idi. Evdəkilər gedirdilər gəzməyə, mən isə işləyirdim. O vaxtdan yüzlərlə rəsmlərim var. Nə emalatxana bazlıqdır? Götür material, düş çöllərə, mənzərə çək. Etüd işləmək üçün emalatxana lazım deyil. Mən hər bazar günü çıxardım mənzərə çəkməyə. Bütün Azərbaycanı gəzmişəm, mənzərələr çəkmişəm. Çıx mənzərə çək, özünü rəssam hiss elə də...»

Mirteymur Məmmədov «Mənim İçərişəhərim» adlı sərgi üzərində işlərini tamamlamaq üzrə olduğunu da dedi. Əlavə etdi ki, təxminən 50-yə yaxın əsərin nümayiş olunacağı bu fərdi sərginin açılışı maya planlaşdırılıb:

«Çox böyük işlərdir. Əsas mövzu İçərişəhərdir. Çalışıram ki, bu tablolar vasitəsilə İçərişəhərin ruhunu çatdırım. Kətan üzərində yağlı boya, keramika, qrafika və heykəltəraşlıq əsərləri üzərində işləyirəm».

Bundan başqa, Mirteymur Məmmədov «Mənim İçərişəhərim» adlı kitab da yazır. Bu kitabda rəssamın İçərişəhərlə bağlı xatirələri, baba-nənələrdən eşitdiyi maraqlı əhvalatlar, keçmiş adət-ənənələr və s. yer alıb. Sözügedən kitabın təqdimatı elə sərginin açılışı günü keçiriləcək.
XS
SM
MD
LG