Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:58

“ABŞ demokratiya toxumu səpmir”...


Səs: Real audio
“...artıq torpağa atılan toxumların yetişməsinə kömək edir” --“İnterneşnl Herald Tribyun”



Ukraynada xalq “narıncı inqilab”ın demokratiya bəhrəsini hələ dadmamış Amerikanın Ukraynanın daxili işlərinə qarışdığı barədə tənqidlər başlanıb. Digər keçmiş Sovet respublikası – Qırğızıstanda da demokratiyaya keçid həmin əsassız mübahisələri yenidən dirçəldib.



Demokratiyanın inkişafı proqramının iştirakçıları öz işlərini görməyə başlayanda o saat yersiz müdaxilə haqda ittihamlar səslənir. Həm soldan, həm də sağdan tənqidçilər Birləşmiş Ştatları seçkiləri saxtalaşdırmaqda və “soyuq müharibə” dövründə Cənubi Amerikadakılara bənzər dövlət çevrilişləri təşkil etməkdə günahlandırırlar.



Ancaq Birləşmiş Ştatlar demokratiya toxumu səpmir; o, artıq torpağa atılan toxumların böyüməsinə kömək edir. Amerika Qırğızıstan fəallarını çap maşını ilə təchiz etsə də, muxbirlərə nəyi çap etməli olduqlarını deməyib. O, vətəndaş qruplarına kompüterlərin alınması və binaların kirayəsinə pul ayırsa da, onların nitq və çıxışlarını yazmayıb.



Daha önəmlisi isə müstəqil mətbuat, azad seçkilər və vətəndaş qruplarının fəallığı kimi Birləşmiş Ştatların dəstəklədiyi fəaliyyət növlərinin heç biri qanunsuz deyildir. ABŞ hökuməti istənilən konkret yardım proqramının reallaşması üçün əvvəlcə yerli hakimiyyət orqanlarından icazə alır. Odur ki, bunu təxribatçılıq fəaliyyəti kimi səciyyələndirmək çətindir.



--“Çikaqo Tribyun”



Son həftələr Kaliforniya ştanın qubernatoru Arnold Şvartsenegger müəllimlər, tibbacıları və yanğınsöndürənlərin etiraz aksiyası ilə qarşılaşır.



Seçki kampaniyası zamanı Şvartsenegger vergiləri qaldırmadan Kaliforniyanın böyük büdcə kəsirini nizamlayacağını demişdi. Bunun üçün onun təcili pula ehtiyacı vardı və bu vəsait ştatın təhsil büdcəsindən götürülüb.



Bu, Şvartseneggerə vergiləri qaldırmamaq imkanı verib və o, vergi daxilolmaları artan kimi pulu qaytarmağı vəd edib. Ancaq ştatın maliyyə vəziyyəti nisbətən yaxşılaşsa da, o, pulları bu vaxtadək təhsil xəzinəsinə geri qaytarmayıb.



Bu arada keçmiş Hollivud ulduzunun populyarlığı azalmaqdadır. Aparılan son sorğunun nəticələrinə əsasən, onun reytinqi 54 faizə enib. Halbuki, 2003-cü ilin noyabrında qubernator seçilən vaxt bu göstərici 75 faiz idi.



2006-cı il qubernator seçkilərinə qatılıb-qatılmayacağı barədə isə Şvartsenegger hələlik bir söz demir.
XS
SM
MD
LG