Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:27

İlham Əliyev MDB dövlət başçılarının görüşünə niyə qatılmaq istəmədi?


Səs: Real audio
“Dondurma adamı xoşbəxt edir” Prezidentin Mətbuat Xidmətinin məlumatında İlham Əliyevin MDB dövlət başçılarının görüşünə qatılmamasının yalnız bir səbəbi göstərilib, o da belə ifadə edilib: «İlham Əliyev Azərbaycan xalqının tarixi yaddaşına qanlı hərflərlə həkk olunmuş Azərbaycanın əzəli torpağı olan Şuşa şəhərinin erməni işğalçı qüvvələri tərəfindən zəbt olunduğu gündə işğalçı dövlətin - Ermənistanın prezidentinin qatılacağı tədbirdə iştirakını mümkün hesab etmir». Bu kəskin bəyanatın başqa səbəblərlə də bağlı olub-olmaması barədə isə ancaq ehtimallar irəli sürmək olar.



«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov güman edir ki, İlham Əliyevin addımı parlament seçkiləri ərəfəsində siyasi xal toplamağa yönəlib. Onun fikrincə, hakimiyyət hər dəfə seçki ərəfəsində Qarabağ probleminə münasibətdə güzəştsiz mövqe tütdüğünü nümayiş etdirir və yəqin ki bu dəfə də belə olacaq. Amma millət vəkili Fəzail İbrahimli bu fikirlə razı deyil. Onun sözlərinə görə, MDB dövlət başçılarının sammitinin vaxtını İlham Əliyev təyin etməyib ki, bundan da siyasi xal toplamaq üçün istifadə etsin. Deputat deyir ki, prezidentin yerinə kim olsaydı belə hərəkət edərdi.



Rauf Mirqədirov isə İlham Əliyevin MDB dövlət başçılarının sammitində məhz tədbirin mayın 8-nə təsadüf etdiyi və Robert Köçəryanın orada olduğu üçün iştirak etməməsini inandırıcı saymır. O güman edir ki, burada daha dərin səbəblər ola bilər. Rauf Mirqədirov deyir ki, indi Qarabağ probleminin həlli üzrə danışıqlar həlledici mərhələyə çatıb, bəzi məlumatlara görə, ATƏT-in Minsk qrupu nizamlanmayla bağlı çərçivə sazişi layihəsi hazırlayıb, amma qarşılıqlı güzəştlərə əsaslanan bu layihə ilə bağlı həm Ermənistan, həm də Azərbaycan rəhbərliyində tərəddüdlər var. Rauf Mirqədirovun sözlərinə görə, Ermənistan, ümumiyyətlə, problemin həllini uzatmaq taktikasına üstünlük verir, bu baxımdan o, Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın Frankfurt danışıqlarına qatılmadığını misal çəkir, Azərbaycan rəhbərliy isə, onun fikrincə, seçki ərəfəsində belə bir sazişin imzalanmasını ictimaiyyətin düzgün başa düşməyəcəyindən ehtiyatlanır. «Zerkalo» qəzetinin şərhçisi deyir ki, Azərbaycan tərəfi bu məsələni seçkidən sonraya saxlamaq istəyir və ona görə də Azərbaycan prezidenti Şuşanın işğalı gününü əsas gətirərək ermənistanlı həmkarıyla görüşdən yayınıb.



Seçki Texnologiyaları İnstitutunun rəhbəri Şirzad Məmmədli isə deyir ki, İlham Əliyevin MDB dövlət başçılarının görüşünə qatılmaması daha dərin səbəblərlə bağlıdır. Onun fikrincə, son illər Gürcüstan. Ukrayna, Moldova və Qırğızıstanda hakimiyyətə qərbyönümlü qüvvələrin gəlməsi, GÜÖAM-ın öz fəaliyyətini gücləndirməsi bir ittifaq olaraq MDB-nin mövcudluğuna təhlükə yaradıb. Rusiya isə bütün mümkün vasitələrlə bu birliyin ömrünü uzatmaq istəyir. Şirzad Məmmədli hesab edir ki, belə bir məqamda Azərbaycan strateji seçim qarşısında qalıb, o ya Rusiyanın təsiri altında olan qurumla əlaqələri davam etdirməli, ya da qərbyönümlü siyasət yürütdüyünü nümayiş etdirməlidir. Şirzad Məmmədli düşünür ki, İlham Əliyev MDB dövlət başçılarının sammitinə getməmək yolunu seçib və sammitin Şuşanın işğalı gününə təsadüf etməsi ondan ötrü əsasa çevrilib.
XS
SM
MD
LG