Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:47

Matilda Boqner: «Hökumət azad seçki tərəfdarlarına təzyiq edir»<p align=`left`><br><br>


Səs: Real audio
İnsan Hüquqları Evi parlament seçkisinin qorxusuz və ədalətli keçirilməsinə çağırır Beynəlxalq hüquq müdafiə təşkilatlarının birləşdiyi İnsan Hüquqları Evi Azərbaycan iqtidarını qarşıdakı parlament seçkisini qorxusuz və ədalətli keçirməyə çağırır. Hüqüq müdafiəçiləri Bakıda illik yığıncaq keçirəndən sonra sentyabrın 8-də bəyanat imzaladılar. Sənəd müəllifləri bildirirlər ki, saxtakarlıq və zorakılıqla müşayiət olunan 2003-cü il prezident seçkisindən sonra Azərbaycanda insan haqlarının pozulması halları davam edir.



Oslo İnsan Hüquqları Evinin direktoru Maria Dahle deyir ki, dövlət orqanlarının jurnalistlərə, siyasi partiya nümayəndələrinə və hüquq müdafiəçilərinə qarşı zorakılığından narahatdırlar: «Hüquq müdafiə təşkilatlarının qeydə alınmasına əngəl törədilir, 2003-cü ilin prezident seçkisindən sonra baş verən iğtişaşlara görə heç bir rəsmi şəxs məhkəməyə cəlb olunmayıb».



O, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlini Azərbaycanda jurnalistlərə qarşı baş vermiş hücumlar sırasında «ən faciəli hadisə» adlandırır.



Bəyanat müəllifləri hökuməti 30 faiz xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının seçkini müşahidəsinə qoyulan qadağanı götürməyə, 2003-2004-cü illərdə keçirilən məhkəmə proseslərinin monitorinqi əsasında ATƏT-in verdiyi tövsiyələri həyata keçirməyə çağırır.



Human Rights Watch təşkilatının nümayəndəsi Matilda Boqner isə bildirir ki, hökumət seçkiləri müşahidə etmək istəyən təşkilatlara təzyiq göstərir: «Hökumət tərəfindən müxalifət və azad seçki prosesini müdafiə edənlərə təzyiqlər var».



Milli Məclisin Hüquq Siyasəti daimi Komissiyasının sədri Əli Hüseynov isə bu fikirlərlə razı deyil. «Başlıcası odur ki, insanlar seçkidə öz iradələrini ifadə edə bilsinlər, icra strukturları bu prosesə müdaxilə etməsinlər. Əgər söhbət seçkini izləməkdən gedirsə, bu qədər beynəlxalq müşahidə, «exit-poll»un həyata keçirilməsi kifayət deyilmi?»- deyə, o vurğulayır.



İnsan Hüquqları Evinin bəyanatını Azərbaycan, Rusiya, Belorus, Polşa, Norveç, İsveç, İngiltərə, Keniya və Uqandadan olan hüquq müdafiəçiləri və BMT Baş Katibinin Hüquq müdafiəçilərinin işi üzrə xüsusi nümayəndəsi Hina Jilani imzalayıb.
XS
SM
MD
LG