Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:42

MDB və Qərb müşahidəçiləri fərqli danışırlar


Səs: Real audio
Rino Harniş: «Müasir texnikanın bu son modelləri vasitəsilə baş verə biləcək təhlükələr daha tez müəyyən ediləcək» Bu, seçkilərə münasibətdə Rusiya və Qərbin mövqeyini əks etdirir



Keçmiş Sovet məkanındakı seçkilərdə həmişə MDB müşahidəçiləri ilə Qərb müşahidəçilərinin dediyi bir-biri ilə düz gəlmir. Azərbaycandakı seçkilərə münasibətdə də Qərb deyir ki, "ekzit-pol" keçirin. Buna pul da ayırır ki, səs verib-çıxanların nə cür səs verdiyini bilməklə heç olmasa, bəzi mümkün saxtakarlığın qarşısı alınsın. MDB müşahidəçiləri missiyasının rəhbəri Vladimir Ruşaylo isə deyir ki, "ekzit-pol"un nəticəsi onu keçirəndən asılıdır, Azərbaycan müxalifəti inqilab eləmək istəyir, MSK bununla maraqlanmalıdır.



Təbii ki, MDB və Qərb müşahidəçilərinin seçkiyə yanaşmaları Rusiya və Qərbin mövqeyini əks etdirir.



Müsavat partiyasının Divan üzvü Rasim Musabəyov deyir ki, Qərbin aparıcı ölkələri, o cümlədən də ABŞ Gürcüstan və Ukraynada olduğu kimi Azərbaycanda da demokratik seçkilərin keçirilməsini istəyir. Rasim Musabəyovun sözlərinə görə, bu zaman əslində, onlar üçün seçkilərdə kimin qələbə çalacağı elə də önəmli deyil:



"Moldovada kommunist dövlət başçısı demokratik seçki keçirdi. Hətta MDB müşahidəçilərini Moldovaya buraxmadı. Qərb dairələri heç də bu seçkilərin nəticələrinə etiraz etmədi".



Rasim Musabəyov hesab edir ki, avtoritar hakimiyyətlərlə sıx əməkdaşlıq Rusiyaya heç də baş ucalığı gətirmir. Onun sözlərinə görə, ötən həftə Bakıda səfərdə olan MDB müşahidə missiyasının rəhbəri cənab Ruşaylonun da istər "ekzit-pol"larla bağlı tənqidi fikirləri, istərsə də müxalifətin ünvanına sərt tənqid söyləməsi Azərbaycan hakimiyyətini himayə etmək niyyətindən xəbər verir:



""Ekzit-pol" effekt vermirdisə, onu Rusiyada niyə keçirirdilər? Bəs bir qədər əvvəl niyə özləri də "ekzit-pol" keçirmək haqda niyyətlərini açıqlamışdılar?"



Yeni Azərbaycan partiyası [YAP] Siyasi Şurasının üzvü Səyyad Aran isə hesab edir ki, Rusiyanın Azərbaycandakı istəyini təkcə imperiya maraqları ilə izah etmək olmaz. Onun sözlərinə görə, Rusiya həm də Azərbaycandan yaxın bir qonşu kimi narahatdır. Səyyad Aran deyir ki, əslində, istər Gürcüstanda, istərsə də Ukraynada demokratikləşmə prosesi çox ciddi problemlər meydana çıxarıb:



"Ukrayna və Gürcüstanda iqtisadi cəhətdən böyük tənəzzül yaranır. Bir ildən çox keçməsinə baxmayaraq, bu ölklər heç cür özlərini düzəldə bilmirlər. İqtisadiyyatda artım yoxdur, sosial-iqtisadi gərginlik günü-gündən artır".



Avroatlantika Mərkəzinin baş katibi Rahim Hacı isə deyir ki, ABŞ demokratikləşmə prosesinə sadəcə ideya ixracı kimi yox, həm də qlobal təhlükəsizlik məsələsi kimi baxır:



"ABŞ dövlət katibi bu yaxınlarda açıq şəkildə etiraf etdi ki, sabitlik xatirinə bir sıra avtoritar hökumətlərlə əməkdaşlıq heç bir xeyir gətirmədi. İndi həmin ölkələrdə nə demokratiya, nə də sabitlik var. ABŞ rəsmiləri başa düşür ki, terrorun, korrupsiyanın kök saldığı ölkədə demokratiya olmasa, uğurlar əldə etmək olmaz".



Rahim Hacı deyir ki, Rusiya istər Gürcüstanda, istərsə də Ukraynada Qərbin bu istəyi qarşısında duruş gətirə bilmədi. Ancaq Rusiyadan Azərbaycana son səfərlər göstərir ki, bu ölkə hələ də həmin məğlubiyyətlərdən nəticə çıxarmayıb.
XS
SM
MD
LG