Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:15

Rəsul Quliyev seçkiyə qədər Bakıya qayıtmaqda israrlıdır


Səs: Real audio
Növbəti dönüş vaxtı oktyabrın 25-də açıqlanacaq «Parlament seçkisinə qədər Bakıya qayıdacağam. Dəqiq tarix isə oktyabrın 25-də Milli Komitənin iclasında müəyyən olunacaq».



ADP rəhbəri, Milli Məclisin keçmiş sədri Rəsul Quliyev oktyabrın 24-də keçirdiyi telekonfransda belə dedi. Onun sözlərinə görə, oktyabrın 17-də Azərbaycan hökuməti Bakıya dönüşünə mane olub: «Mən gəlmək üçün hər şey etdim, ancaq iqtidar buna imkan vermədi».



Cənab Quliyev həbs olunmuş keçmiş İqtisadi İnkişaf və Səhiyyə nazirləri Fərhad Əliyev və Əli İnsanovun onunla əlaqələrinə «Əli İnsanov heç vaxt müxalifətdə ola bilməz, Fərhad Əliyevi isə tanımıram» şəklində cavab verdi.



Rəsul Quliyev prezident İlham Əliyevin ünvanına korrupsiya ittihamları da səsləndirdi.



Daxili İşlər nazirinin müavini Oruc Zalov isə oktyabrın 24-də söyləyib ki, Rəsul Quliyev Azərbaycana gələcəyi təqdirdə həbs olunacaq.



ADP sədri oktyabrın 17-də Bakıya gəlməyə cəhd etmişdi. Onu Londondan gətirən təyyarə həmin gün Ukraynanın Simferopol şəhərində saxlanmışdı. Oktyabrın 20-də isə Simferopol məhkəməsi Azərbaycanın eks-spikerin ekstradisiyası haqqında sorğusunu əsassız sayaraq təmin etməmişdi.



Rəsul Quliyev külli miqdarda dövlət əmlakını mənimsəməkdə ittiham olunur. O, özü isə bu ittihamı hakimiyyətin siyasi rəqibinə qarşı əsassız təqibi hesab edir.
XS
SM
MD
LG