Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:42

Müxalifət rəhbərləri Bakıdakı səfirlərlə görüşdülər


Səs: Real audio
«Xaricdən mənəvi və maddi dəstək olmasa, Azərbaycanda yerli müxalifətin hökumətə qarşı durmaq imkanları məhduddur» Noyabrın 11-də Böyük Britaniyanın Azərbaycandakı səfirliyində ABŞ-ın və Avropa Birliyinə daxil olan ölkələrin səfirləri ilə «Azadlıq» seçki blokuna daxil olan Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ADP sədrinin müavini Sərdar Cəlaloğlu, Milli Birlik Hərəkatının rəhbəri Lalə-Şövkət Hacıyeva və «Yeni Siyasət» blokunun deputatlığa namizədi Eldar Namazov arasında görüş keçirildi.



Görüşdən sonra mətbuata açıqlama verən Müsavat Partiyasının başqanı İsa Qəmbər dedi ki, müzakirələr seçkisonrası vəziyyətlə bağlı olub: «Əsasən seçkidə yol verilən pozuntular və onların aradan qaldırılması imkanları müzakirə olundu».



AXCP sədri Əli Kərimli isə müxalifətçilərlə Qərb diplomatlarının fikirlərinin üst-üstə düşdüyünü deyir: «Bu fikirlər ondan ibarətdir ki, seçkilər saxtalaşdırılıb, Azərbaycan xalqının iradəsini ifadə etmir, azad və ədalətli deyil. Qərb diplomatları da istəyirlər ki, bu şikayətlərin hamısı düzgün araşdırılsın».



Milli Birlik Hərəkatının rəhbəri Lalə-Şövkət Hacıyeva: «Biz bildirdik ki, ümumiyyətlə, bu seçkini tanımırıq, ona görə ki, total saxtakarlıqla keçib».



«Azadlıq» bloku, Milli Birlik Hərəkatı və seçkidən narazı qalan namizədlərin etiraz aksiyası isə noyabrın 13-də keçmiş «Qələbə» kinoteatrının qarşısında keçiriləcək. Noyabrın 12-i Konstitusiya günü olduğundan həmin günə planlaşdırılan yürüş-mitinqə Bakı Şəhər İcra Hakimiyyəti icazə verməyib.
XS
SM
MD
LG