Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:34

Fövqəladə Hallar Nazirliyi yaradılıb


Səs: Real audio
Bununla əlaqədar olaraq dövlət tabeçiliyində olan bir neçə orqan ləğv edilib Prezident İlham Əliyevin sərəncamı ilə Fövqəladə Hallar Nazirliyi yaradılıb.



Bu haqda rəsmi sənəddə bildirilir ki, nazirlik təbii fəlakətlərin, texnogen xarakterli qəzaların və yanğınların qarşısının alınmasını, onların nəticələrinin aradan qaldırılmasını, belə hallarda xilasetmə və bərpa işləri üzrə müvafiq orqanların fəaliyyətinin vahid mərkəzdən idarə olunmasını, ölkədə mülki müdafiə işinin təşkilini və həyata keçirilməsini təmin etmək məqsədilə yaradılır.



Bu sərəncama paralel olaraq prezident dövlət tabeçiliyində olan bir neçə orqanın ləğv edilməsinə göstəriş verib. Beləliklə Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi, həmçinin Nazirlər Kabineti yanında Material Ehtiyatları Komitəsi ləğv edilib.



Bu dövlət orqanlarının funksiyaları, əmlakı və tabeliyində olan idarə və təşkilatlar əsas fondları və dövlət ehtiyatları ilə birlikdə yeni nazirliyə – Fövqəladə Hallar Nazirliyinə verilib.



Bundan başqa, Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsi, Dövlət Sularda Xilasetmə Xidməti, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Departamentinin "İzotop" xüsusi kombinatı və Dövlət Tikinti və Arxitektura Komitəsinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti və Müdiriyyətin anbarları da yeni nazirliyin balansına keçirilib.
XS
SM
MD
LG