Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:58

Mətbuatla məmur dostlaşacaqmı?


Səs: Real audio
Minilliyin Çağırışı Korporasiyası Ermənistandakı siyasi azadlıqlar və hökumət şəffaflığı ilə bağlı narahatlıq ifadə edir Prezident "İnformasiya əldə etmək haqqında" qanunu təsdiqləyib



Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası bu ilin iyulundan oktyabrınadək apardığı monitorinq nəticəsində belə qənaətə gəlib ki, dövlət orqanları elə də qapalı deyillər, onlardan sorğulara cavab almaq olur.



Məsələn, Prezident Aparatı Liqanın göndərdiyi sorğuya şifahi cavab verib. Ümumiyyətlə, göndərilən 27 sorğudan 17-sinə cavab alınıb. Sorğulara ən operativ və dolğun cavabı Dövlət Yol Polisi və Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi verib. Dolğun cavab verən təşkilatlar içərisində Ekologiya və Təbii Sərvətlər Nazirliyi də olub.



Liqa dövlət idarələrinə həm bir təşkilat kimi, həm də media və vətəndaşlar vasitəsilə sorğu göndərib.



Nəticədə məlum olub, Azərbaycanda informasiya əldə etmək üçün vəziyyət elə də yaxşı deyil. Məmurlar təşkilatlara nisbətən mətbuata daha həvəssiz məlumat verirlər.



Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov: "Səbəb budur ki, bəzən mətbu orqanları əldə etdikləri informasiyanı öz mövqelərinə uyğun şərh edirlər, bu da məmurları çəkindirir".



İnsan Hüquqları üzrə Maarifləndirmə Təşkilatından İradə Cavadova isə ümumilikdə, məhkəmələrdən sorğuya cavab almağın çətin olduğunu bildirir. Belə ki, məhkəmələrə göndərilən 5 sorğudan 2-nə cavab gəlib.



"Azadlıq" radiosunun gündəlik iş təcrübəsinə əsasən demək olar ki, bəzi dövlət orqanlarından istənilən vaxt şifahi, telefonla məlumat almaq mümkündür. Bir sıra idarələrin mətbuat xidmətləri ilə isə hətta telefon əlaqəsi qurmaq belə xeyli vaxt aparır.



Bu kontekstdə ekspertlər "İnformasiya əldə etmək haqqında" qanunu ümumilikdə müsbət qiymətləndirir, beynəlxalq standartlara cavab verdiyini deyirlər.



Həmin qanunun 24-cü maddəsində deyilir ki, informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə, 24 saatdan gec olmayaraq cavab verilməlidir. Bundan başqa, qanunda informasiya sahibləri – ictimaiyyətə informasiya verməli olan orqanlar müəyyənləşdirilir. Bura dövlət orqanları və bələdiyyələr, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, eyni zamanda əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi şəxslər aiddir.



Amma qanunun 25-ci maddəsinə görə, informasiya sahibi həddən çox sorğu aldıqda və bu informasiyanı hazırlamaq üçün əlavə vaxt tələb olunduqda, o, bu qanunla nəzərdə tutulmuş icra müddətini əlavə olaraq 7 gün də uzada bilər.



Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun fikrincə, bu halda istənilən məmur sorğunun çox olduğunu deyib cavab verməkdən imtina edə bilər. Sahib Məmmədov həmçinin məmurun sorğuya cavab verməməsinə görə mövcud qanunvericilikdə cəza nəzərdə tutulmadığını deyir.



İnformasiya əldə etmək haqqında qanuna görə, qanun dərc olunduqdan bir ildən gec olmayaraq dövlət orqanları öz İnternet informasiya ehtiyatlarını yaradırlar, bələdiyyələrə isə bunun üçün 3 iləcən vaxt verilir. Qanun qüvvəyə mindikdən sonra ən gec 6 ay ərzində informasiya məsələləri üzrə müvəkkil seçilir. Müvəkkil prezidentin təqdim etdiyi 3 namizəd arasından Milli Məclis tərəfindən seçilir.
XS
SM
MD
LG