Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 08:12

Fərhad və Rafiq Əliyevlərin Hüquqlarını Müdafiə Komitəsi yaradıldı


Səs: Real audio
Auksion Mərkəzinin direktoru Ağəli Əhmədov barədə isə həbs-qətimkan tədbiri dəyişdirilib Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı, «Azpetrol» şirkətinin sabiq prezidenti Rafiq Əliyevin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb. Quruma hüquq müdafiəçiləri, hüquqşünaslar, jurnalistlər daxildir. Komitənin fəaliyyətini İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin rəhbəri İradə Cavadova əlaqələndirəcək.



Sabiq nazir dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs olunub. Cənab Əliev bu ittihamları qəbul etmir. «Azpetrol»un keçmiş prezidenti Rafiq Əliyev isə qaçaqmalçılıqda təqsirləndirilir.



Yerli media vasitələrində Fərhad Əliyev və keçmiş Səhiyyə naziri Əli İnsanovun səhhətinin pisləşməsi barədə məlumatlar yayılsa da, Milli Təhlükəsizlik Nazirliyi bunu təkzib edir və işlə bağlı istintaq getdiyini bildirir.



Bu arada isə «Bakıelektroştamp» və «Bakıpoladtökmə» Açıq Səhmdar cəmiyyətlərinin İdarə Heyətinin sədri Nurəddin Zülfüqarlı dekabrın 27-də Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən 1 saylı Bayıl təcridxanasına köçürülüb.



Bu barədə cənab Zülfüqarlının vəkili Aslan İsmayılov məlumat verib.



Nurəddin Zülfüqarlının qardaşı Loğman Zülfüqarlı haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçünsə vəkil Baş Prokurorluğa müraciət edib. Cənab İsmayılov bunu Loğman Zülfüqarlının səhhətində yaranmış problemlərlə izah edir.



Zülfüqarlı qardaşları hədə-qorxuyla pul tələb etmə ittihamıyla həbs olunublar.



Respublika Auksion Mərkəzinin direktoru Ağəli Əhmədov barədəsə həbs-qətimkan tədbiri dəyişdirilib. Bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin əməkdaşı Əntiqə Qonaqova deyir. Bir neçə gün əvvəl Cinayət Məcəlləsinin ağırlaşdırıcı halda rüşvətalma və dövlət əmlakını mənimsəmə maddələri ilə ittiham olunaraq həbs olunmuş Ağəli Əhmədov hazırda ev dustağıdır.
XS
SM
MD
LG