Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:11

İşləməyən dişləməz


Səs: Real audio
Həlak olanların ailələri 25 min ABŞ dolları alacaq Yeni pensiya sisteminə görə, hər bir işləyən vətəndaşın adına hesab açılır və orada sosial ödənişlər toplanmağa başlanır. Azərbaycan qanunlarına görə, bu ödənişlərin 22 faizini müəssisə, 3 faizini isə vətəndaş özü verir. Hesaba nə qədər pul gəlirsə, vətəndaş pensiyaya çıxanda da o qədər məbləği geri alır. Həmin məbləğ hissə-hissə – yəni aybaay ona qaytarılır. İndi Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları ölkə üzrə işləyən vətəndaşların qeydiyyatını aparır və məlumat bankı yaradırlar



Sosial Müdafiə Fondunun nümayəndəsi Oqtay İbrahimov deyir ki, yeni sistemin tətbiq olunması indiyəcən köhnə qaydayla sosial ödənişlər edən vətəndaşlara heç bir ziyan vurmayacaq. Onların pensiyasının bir hissəsi köhnə, bir hissəsi isə yeni qaydayla hesablanacaq. Məsələn, əgər Məmməd kişinin 58 yaşı varsa və əgər o, bu gün pensiyaya çıxsaydı, 250 min alacaqdısa, 5 ildən sonra – 63 yaşında, yəni pensiya yaşı çatanda, onun pensiyası yeni qaydayla hesablanacaq.



Oqtay İbrahimov deyir ki, yeni pensiya sistemiylə dövlətin funksiyası ancaq əhalidən pul toplayıb saxlamaq və sonra geri qaytarmaq deyil. Pensiyalar hər il inflyasiyaya uyğun indeksasiya ediləcək ki, qiymətdən düşməsin. Bundan başqa, əgər vətəndaşın pensiyası ancaq yeni sistemlə hesablanıbsa, toplanan məbləği pensiya şəklində geri alandan sonra o, minimal pensiya məbləğində müavinət alacaq. Yox, əgər pensiyasının bir hissəsi köhnə sistemlə hesablanıbsa (köhnə sistem isə məlumdur ki, ömürlük pensiya verilməsini nəzərdə tutur), onda həmin vətəndaş pensiyasının köhnə sistemlə hesablanan hissəsini ömrünün sonuna qədər alacaq.



Amma əhalinin dövlətə – daha dəqiqi dövlətin pul saxlamaq işinə etibarı varmı? Bakı küçələrində söhbətləşdiyimiz taksi sürücüsü Həsənağa Abuzərov deyir ki, Sovet dövründə banka qoyduğu pullar batdığı üçün yeni pensiya sisteminə də inanmır.



Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu fikirlə razıdır. Onun fikrincə, vətəndaşların dövlətə inamını bərpa etmək üçün bəzi addımlar atılmalı, məsələn, dövlət əhalinin Sovet dövründən banklarda qalan əmanətlərini qaytaracağı ilə bağlı verdiyi vədə əməl etməlidir.



Oqtay İbrahimov isə deyir ki, vətəndaşların dövlətə inamı həqiqətən də vacibdir. Amma onun fikrincə, bu inamı bərpa etmək üçün kifayət qədər iş görülür. O deyir ki, əgər yeni sistemlə yığılan ödənişlərlə bağlı sonradan problem yaransa, bu, dövlətin imicinə böyük zərbə olar. Ona görə də belə bir hal baş verə bilməz: «Bəlkə də hansısa özəl bank camaatdan pul toplayıb aradan çıxa bilər, bəs dövlət hara qaçacaq?»



Oqtay İbrahimov deyir ki, yeni pensiya sistemi təqaüdlərin hesablanması sistemində bir qayda-qanun yaradacaq. Və bu işdə təkcə dövlət yox, həm də vətəndaşların özləri iştirak edəcəklər. Əgər məsələn, indi bəzi müəssisələr müxtəlif yollarla Sosial Müdafiə Fonduna ödəmələrdən yayınmağa çalışırlarsa və sonda vətəndaşlara pensiya ödəmək yükü dövlətin üzərinə düşürsə, yeni sistemdə vətəndaş müəssisənin onun hesabına pul köçürüb-köçürməməsinə özü nəzarət edəcək.



Amma iqtisadçı ekspert Azər Mehtiyev deyir ki, Azərbaycanda iş yerləri məhdud olduğu üçün işçinin müdirdən nəyisə tələb etməsi asan deyil. O, işini itirmək təhlükəsi ilə üzləşə bilər. Onun bildirdiyinə görə, indinin özündə bəzi müəssisələr vergidən yayınmaq üçün işçilərlə müqavilə bağlamır.



Amma Azər Mehtiyev ümumilikdə yeni pensiya sisteminə keçidi alqışlayır. Onun fikrincə, əksər dünya ölkələrinin istifadə etdiyi və özünü doğrultmuş fərdi uçot sistemi gec-tez Azərbaycanda da tətbiq olunmalı idi.
XS
SM
MD
LG