Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:08

Bakı da karikaturalara etirazını bildirdi


Səs: Real audio
Xarici İşlər Nazirliyi karikatura məsələsi ilə bağlı bəyanat verdi Danimarka qəzetində Məhəmməd peyğəmbərin karikaturalarının çəkilməsinə, bir sıra Avropa qəzetlərinin də bunu təkrar çap etməsinə etiraz yürüşləri artıq Azərbaycanda da başlanıb. Fevralın 7-də 200-dək dindar Bakının Füzuli meydanında etiraza çıxıb



Karikaturalarla bağlı etirazların radikal forma alacağı barədə hələlik hansısa fikir söyləmək çətindir. Düzdür, fevralın 7-də Bakının mərkəzi meydanlarından birində 200 nəfərədək şəxs etiraz aksiyası keçirib, ikinci belə bir aksiyası isə Nardaran kəndində olub. Əvvəlki günlərdə də gənclərdən ibarət kiçik qruplar Qafqaz Müsəlmanları İdarəsinin qarşısında yığılıb, həmin idarədən baş verənlərə etiraz bildirməsini istəyiblər. Amma hələ ki hansısa radikal addımlar qeydə alınmayıb.



"Turan" informasiya agentliyinin eksperti Zəfər Quliyev hesab edir ki, bir neçə aksiya keçirilsə də, Azərbaycanda İslamla bağlı radikallaşma indiki dövrdə mümkün deyil. Amma bununla belə, hansısa maraqlı qüvvələr ölkədə süni radikallaşma mühiti yarada bilər.



"Şərq-Qərb" Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, digər müsəlman ölkələrində aksiyaları təşkil edənlər radikal islamçı təşkilatlardır. Azərbaycanda isə açıq şəkildə fəaliyyət göstərən belə təşkilatlar yoxdur.



Daxili İşlər Nazirliyi də bu sahədə hansısa təhlükə görmür. Amma buna baxmayaraq, nazirlik Bakıdakı diplomatik korpusun mühafizəsini gücləndirilib.



6 noyabr parlament seçkilərindən sonra deyirdilər ki, hökumət demokratik müxalifəti sıradan çıxartmaqla sonradan bu boşluğu islamçıların tutması təhlükəsini yaradır. Belə fikirlər indi də səslənməkdədir.



"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, bu tendensiya hələlik qapalı şəkildə gedir. Onun sözlərinə görə, nə hakimiyyət, nə də müxalifətin arxasınca kifayət qədər insan apara biləcək ideologiyası olmadığından, narazı elektorat islamçıların arxasınca gedə bilər: "İslam siyasiləşdiriləndə, o, kifayət qədər tarixi bazası olan ideologiyadır. Bu baxımdan mən hesab edirəm ki, Azərbaycanda son dövrlər dinin təsirinin güclənməsi həmin prosesə təkan verə bilər. Etiraz elektoratının böyük bir hissəsi islamçıların arxasınca gedə bilər".



"Turan" agentliyinin eksperti Zəfər Quliyev isə mövcud boşluğun yaxın müddətə islamçıların doldurulmasını mümkün saymır. Bununla yanaşı, o hesab edir ki, bəzi məsələlər regionda baş verə biləcək hadisələrdən, əsasən də Amerika-İran münasibətlərindən asılıdır.
XS
SM
MD
LG