Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:23

Bakıda Aşura günü anıldı


Səs: Real audio
Qafqaz Müsəlmanları İdarəsinin çağırışına baxmayaraq, özlərini zəncirlə döyənlər də var Fevralın 9-da - Aşura günü günortaya kimi Bakıdakı məscidlərdəki vəziyyət bir-birinə bənzəyirdi. Mərsiyələr oxunur, zəncir və sinə vurulurdu.



Şəhərin müxətlif yerlərindən Təzəpir məscidinə axın olduğundan nəqliyyatın hərəkətində problemlər yaranmışdı. Bəzi köşkləri çıxmaqla dükan-bazar günortaya kimi işləmədi. Yolboyu ehsan kimi şərbət, halva paylanır, kimsəsizlərə və imkansızlara yardımlar olunurdu.



Qafqaz Müsəlmanları İdarəsi möminləri özlərini zəncirlə döyməməyə, bədənlərinə xəsarət yetirməməyə çağırsa da, Aşura günündə bu adət yenə yerinə yetirilirdi. Yaşlılarla yanaşı uşaqlar da zəncir vururdular.



Təzəpir məscidinə əksəriyyət azyaşlı uşaqları ilə gəlsə də, onlardan çoxu Aşurayla bağlı çox az bilgiyə malikiydilər.



Təzəpir Məscidində eyni zamanda xəstələr üçün qanvermə aksiyası keçirilirdi.



Respublika Qan Bankının əməkdaşı, həkim Şirxan Rəncibərlinin sözlərinə görə, saat 12-dək 70-75 nəfər kişi, 35 nəfərsə, qadın qan verib. Və gün ərzində 400-500 nəfərin qan verəcəyini gözləyirlər.



Həkim müayinəsindən sonra səhhətindəki problemlərə görə, qan verə bilməyənlər də vardı.



«Cümə» Dini İcması isə, Şəhidlər Xiyabanında aksiya keçirib. Aksiyada İmam Hüseyni anmaqla yanaşı, Avropa mətbuatının Məhəmməd peyğəmbərlə bağlı karikaturları çap etməsini də pisləyiblər.



Daxili İşlər Nazirliyi (DİN) də fevralın 9-da gücləndirilmiş iş rejimində işləyib. DİN Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov ciddi qanun pozuntusu olmadığını deyir.



Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn 680-ci ildə 72 tərəfdarı ilə Kərbəlada qətlə yetirilib. Şiə məzhəbli müsəlmanlar hər il bu günü yas mərasimləri ilə qeyd edirlər, bütünlükdə Məhərrəm ayı boyunca yas saxlanır, şənliklər keçirilmir.



Əhalisinin əksəriyyəti şiə müsəlmanlar olan Azərbaycanda da kommunist rejiminin süqutundan sonar kütləvi Aşura mərasimləri keçirilir.
XS
SM
MD
LG