Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:26

Cənazələr Gəncəyə gətirildi<p align=`left`><br><br>


Səs: Real audio
Fevralın 26-sı gecə saat 4-dür. Yüzlərlə adam Gəncənin hava limanında toplaşıb. Bir azdan təyyarə Moskvanın "Bauman" bazarının uçması nəticəsində həlak olanların cəsədlərini gətirəcək. Artıq aeroporta 30-dan çox təsili yardım maşını gətirilib, 15-dək yük maşını da sırayla düzülüb. İcra nümayəndələri əllərindəki siyahıları dəqiqləşdirir, polislər isə vəziyyəti nəzarətdə saxlayırlar Cənazələri gətirən təyyarə səhər saat 6-da havada göründü. 45 cənazədən Gəncənin payına 24-ü düşmüşdü. Cənazələri müşayiət edən qohum-əqrəba isə bundan iki saat əvvəl aeroporta enmişdi. Onları gözləyənlər yaxınları qapıda görünəndə göz yaşlarını saxlaya bilmirdilər.



Hadisənin şahidləri deyirlər ki, həlak olanların bəzilərini elektrik vurub, bir neçəsi də suda boğulub.



Həlak olanlardan çoxunun Gəncə sakini olması şəhərdə matəm ovqatı yaradıb. Sakinlər deyirlər ki, Gəncədən yüzlərlə adam Rusiyaya dolanışıq arxasınca gedib. "Bauman" bazarında işləyən, oğlunu hərbi xidmətə yola salmaq üçün vətənə gələn Şəfa xanımın sözlərinə görə, "Bauman" bazarında da azərbaycanlılar çox olub. Bazarı göy-göyərtiylə əsasən Gəncə sakinləri təmin edirmiş.



Üç bacısını itirən Nofəl Salmanov xəbəri televiziyadan eşidib və o dəqiqə Moskvadakı qardaşına zəng edib. O deyir ki, qohum-əqrəbasından çoxu dolanışıq ardınsa Rusiyaya üz tutub. Bacıları isə yaxın vaxtlarda həmişəlik vətənə qayıtmağa hazırlaşırmış.



Baş vermiş hadisəylə əlaqədar Gəncə şəhər İcra Hakimiyyətində komissiya yaradılıb. Komissiya rəhbərliyindən aldığımız məlumata görə, onlar həlak olan Gəncə sakinlərinin dəfn mərasiminə hər cür köməklik göstərəcəklər.
XS
SM
MD
LG