Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:55

Şəki bazarında satıcı alıcıdan çoxdur


Səs: Real audio
Azərbaycan hökumətinin insan haqları sahəsində göstəricisi aşağı olaraq qalır və o, insan haqlarını pozmaqda davam edir. 6 noyabr parlament seçkiləri bu göstəriciyə ciddi təsir edib Şəkidə bir neçə yeni müəssisə açılıb, amma həmin müəssisələrə işə düzəlmək çətindir



Şəkinin kəndlərində Sovet dövründən qalma birmərtəbəli evlərlə yanaşı, dəbdəbəli villalar da görmək olar. Bunların çoxu Rusiyada işləyən şəkililərin evləridir. Sovet İttifaqı dağılandan sonra Azərbaycanın əksər bölgələrində olduğu kimi, çörək pulu qazanmaq üçün Şəkidən də Rusiyaya axın olub. Amma Şəkini tərk edənlərin heç də hamısının günü xoş keçmir.



Şəkidə rastlaşdığım 30 yaşlı Sahib isə Bakının üçüncü mikrorayon bazarında alver edir. Şəkiyə iki-üç günlüyə valideynlərinə dəyməyə gəlib. Deyir ki, rayonda dolana bilmədiyi üçün ailəsini də götürüb Bakıya üz tütüb, kirayədə qalır: «İşləyib pul yığmaq olmur. Ancaq kirayə haqqını verə və ailənin çörək pulunu çıxarda bilirsən».



Sahib deyir ki, son vaxtlar Şəkidə bir neçə yeni müəssisə açılıb, amma həmin müəssisələrə işə düzəlmək çətindir: «O müəssisələrin açılmasından çoxlarının xəbəri olmur. Bir də görürsən, bütün iş yerləri dolub. Hərə öz qohumunu, tanış-tunuşunu işə götürür».



Digər həmsöhbətim Gülnaz Nurəhmədova isə Şəki İpək Kombinatının işçisidir. İpək xalça toxuyur. Sovet İttifaqı dağılanda kombinatın 7 min nəfər işçisi kimi, o, da işsiz qalmışdı. Amma 5 il əvvəl kombinat yenidən işə düşdü və təcrübəli bir işçi kimi əvvəlki iş yerindən ona dəvət gəldi.



Şəki İpək Kombinatında indi 1600 nəfər çalışır. Beş il əvvəl dövlətin ayırdığı yardımdan sonra kombinat dirçəlməyə başlayıb. Baş mühəndis Rasim Həsənov deyir ki, xammalın çox hissəsini Özbəkistandan gətirirlər. Amma indi Azərbaycanda baramaçılığı inkişaf etdirməyə çalışırlar, əgər bunu edə bilsələr, məhsulun maya dəyəri aşağı düşər və kombinat daha da böyüyər: «Bu halda biz işçilərin sayını iki dəfə artıra bilərik».



Kombinat xaricdən 2.5 milyon ting də alıb gətirib və həm Şəkidə, həm də başqa bölgələrdə tut plantasiyaları salmağa başlayıb. Rasim Həsənov deyir ki, müəssisənin dəzgahları Sovet dövründən qalmadır. İndi onlar bir Çin şirkəti ilə müasir avadanlıq almaq üçün danışıqlar aparırlar, əgər yeni avadanlıq alsalar, dünya bazarına çıxmaq daha asan olacaq.



Şəki İpək Kombinatında əsasən qadınlar çalışır. Kişilər üçün iş yerləri isə rayonda elə də çox deyil. Şəkidən Bakıya qaydanda, avtobusda söhbətləşdiyim Sahib deyir ki, əgər Bakıda qazandığı pulun yarısını Şəkidə qazana bilsə, yenə doğma yurda qayıdar. Amma hələ ki, özünə ancaq Şəki bazarında iş tapa bilər. Orda isə özü demişkən, satıcı alıcıdan çoxdur: «Bakıda günə 20 min manat əvəzinə Şəkidə günə 10 min manat qazana bilsəm, günü bu gün qayıdıb gələrəm ata-anamın yanına. Gəlirəm, üç-dörd gün gəzirəm, görürəm ki qayıtmağın mənası yoxdur, yenə gedirəm Bakıya».



Şəki rayon İcra Hakimiyyətindən isə dedilər ki, tezliklə rayonda yeni müəssisələrin açılması gözlənilir. Xarici sərmayə hesabına süd zavodunun tikintisi nəzərdə tutulub, bundan başqa, şəkər zavodu, camışçılıq, donuzçuluq komplekslərinin, üzümçülük təsərrüfatının yaradılması planlaşdırılır.



Şəkidə bir təbəqə də var ki, işi ola-ola işsizdir. Bunlar qədim sənətkarlıq növləriylə məşğul olanlardır. Kəlağayıçılar, sandıqçılar, şəbəkəçilər nədən şikayətçidirlər? Bu barədə növbəti söhbətinizdə.
XS
SM
MD
LG