Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:57

Dövlət rəssamların ən yaxşı əsərlərini alacaq


Bakı, "Kitab passajı", 16 aprel 2005
Bakı, "Kitab passajı", 16 aprel 2005
Bəzi rəssamlar rəsm əsərlərinin ədalətlə seçiləcəyinə şübhə edirlər.

Mədəniyyət və Turizm Nazirliyi hər il dövlət vəsaiti hesabına Azərbaycan rəssamlarının ən dəyərli rəsm əsərlərinin alınacağını bildirir. Rəsm əsərlərini qiymətləndirmək üçün xüsusi komissiya yaradılacaq. Həmin komissiya Mədəniyyət və Turizm Nazirilyi, eləcə də Rəssamlar İttifaqının ekspertlərindən ibarət olacaq. Ekspertlər ölkədə ən müxtəlif janrlarda keçirilən rəsm sərgilərini izləyəcəklər və onların seçdikləri əsərlər dövlət vəsaiti hesabına alınacaq. Bundan başqa, dövlət tarixi və başqa mövzularda əsərlərin yaradılması üçün rəssamlara sifarişlər verəcək. Məsələn, Qarabağ müharibəsi, Xocalı faciəsi ilə bağlı.

Bütün bu alınan əsərlər həm yerli muzeylərin fondlarını zənginləşdirəcək, həm də dövlətin hədiyyə fonduna veriləcək. Həmin fonddan xarici qonaqlara, səfirlərə Azərbaycan dövlətinin adından xatirə hədiyyələri verilir.


Amma bəzi rəssamlar rəsm əsərlərinin ədalətlə seçiləcəyinə şübhə edirlər. Rəsam Mirteymur deyir ki, belə kampaniyalar keçiriləndə nədənsə, eyni rəssamların əsərləri alınır: «Axı Azərbaycan incəsənəti iki-üç rəssamdan ibarət deyil». Onun sözlərinə görə, rəsm əsərlərinin dövlətin vəsaiti hesabına alınması ənənəsi sovet dövründən başlayıb. Elə o vaxtdan da seçim məsələsində ədalətsizliyin əsası qoyulub - rəsm əsərinin keyfiyyətindən çox rəssamın Kommunist Partiyasının üzvü olub-olmaması, partiya qarşısında xidmətləri əsas meyar kimi götürülüb. Həmsöhbətim deyir ki, Sovet İttifaqı dağılandan sonra da Mədəniyyət Nazirliyi bəzi rəssamların əsərlərini alıb, amma meyarlar dostluq, qohumluq, şəxsi maraqlar olub: «Münsiflər heyəti təmiz adamlardan ibarət olmalıdır. Rəssamın işi qiymətləndirilərkən onun qohumunun hansısa dövlət orqanında işləməsi və başqa amillər nəzərə alınmamalıdır».


Rəsam Mirteymur deyir ki, sovet dövründən fərqli olaraq indi rəssamlar mövzu və janr seçməkdə azaddırlar, onların maddi təminatı da dövlətdən asılı deyil. Amma rəssamların öz əsərlərini satıb pul qazanması elə də asan deyil. Ona görə də dövlət büdcəsindən ayrılan pulların ən layiqli sənətkarlara çatması onlara böyük kömək olardı.


Rəssamlar İttifaqında da indiyəcən rəsm əsərlərinin seçimində ədalətsizlik olduğunu etiraf edirlər. Amma qurum sədrinin informasiya və xarici əlaqələr üzrə müşaviri Ənvər Qarayev deyir ki, yeni ideyanın uğuruna inanır. Onun sözlərinə görə, seçimin tam ədalətli olması üçün ekspert komissiyasının işinə hətta xaricdən də mütəxəssislər cəlb ediləcək: «Həmin xarici mütəxəssislər həm dünya rəssamlıq sənətində gedən prosesləri dərindən biləcəklər, həm də onların yerli adamlardan heç bir asılılığı olmayacaq. Ona görə də xarici ekspertlərin qərarı tam obyektiv olacaq».


Digər həmsöhbətim sənətşünas Ziyadxan Əliyev isə deyir ki, dövlət vəsaiti hesabına alınacaq rəsmlərin seçimi məsələsində hansısa qüsurların olub-olmayacağını indidən demək çətindir. Amma onun fikrincə, yeni sistem rəssamların maddi vəziyyətini yaxşılaşdıracaq və gənc rəssamlar üçün stimul olacaq.


Hər halda, yeni Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev rəssamlara yaxşı pul vəd edir. O, ötən həftənin sonu Rəssamlar İttifaqında keçirdiyi görüşdə deyib ki, rəsm əsərləri alınanda qiymətlər kifayət qədər yüksək olacaq. Məsələn, əvvəllər dövlətin 200 dollara aldığı əsərə görə bundan sonra 2000 dollar, yəni 10 dəfə çox pul veriləcək.



XS
SM
MD
LG