Gecə-gündüz ingilis dili öyrənib, Amerikada təhsil almaq arzusunda olan tələbələr çətinlik çəkəndə Amerikaşünaslıq Mərkəzinə üz tuta bilərlər. Bakı Dövlət Universitetində yerləşən bu mərkəz ABŞ-ın İndiana Universiteti ilə mübadilə proqramı çərçivəsində yaradılıb. Burada tələbələr üçün Amerika universitetlərindən gələn professorların apardığı mühazirələr, məsləhət saatları təşkil olunur. Bundan başqa, mərkəzdə 2000-ə yaxın ingilis dilli ədəbiyyat, texniki avadanlıq, bir sözlə, tələbələrin dili ilə desək, bilgilənmək üçün nə istəsən var.
Amerikaşünaslıq Mərkəzinin direktor müavini Lalə Hüseynova deyir ki, onlara təkcə Bakı Dövlət Universitetinin deyil, Bakıdakı bütün alı məktəblərin tələbələri üzv ola bilərlər. Həm üzvlük, həm də xidmətlərdən istifadə pulsuzdur: "Mərkəzə üzv olmaq çox asandır. Bunun üçün sadəcə birsəhifəlik ingilis dilində inşa – esse yazmaq lazımdır. İnşada tələbə nəyə görə bura üzv olmaq istədiyini bildirməlidir. Daha sonra isə tələbəni müsahibəyə çağırırıq. Müsahibə də ingilis dilində aparılır. Amerika təhsil proqramlarının məzunları isə bu mərhələləri keçmədən də mərkəzə üzv ola bilərlər".

İndi tələbələrin başları məşqlərə yaman qarışıb. Məşqlərin birində mən də oldum, oxuyan kim, oynayan kim. Hətta Azərbaycan musiqisini və rəqslərini də əcnəbi tələbələr çox böyük məharətlə ifa edirlər.
AMERİKA HÜQUQŞÜNASLAR ASSOSİASİYASI VƏ ATƏT GƏNCLƏR ÜÇÜN MEDİASİYA MÖVZUSUNDA TƏLİM TƏŞKİL EDİR
Mediasiya gündəlik həyatda meydana çıxan mübahisələrin məhkəmədən kənar həlli yollarından bəhs edir. Əlbəttə, söhbət oğlanların öz məsələlərini bir-birini tinə çəkib həll etmələrindən getmir. Mediasiya zamanı üçüncü şəxs – mediator iki tərəf arasında yaranan müxtəlif xarakterli mübahisələri həll edib qarşılıqlı razılığa gəlməkdə onlara köməklik edir. Təlimin məqsədi Azərbaycanda da mediatorların, yəni həmin üçüncü şəxsin işini görəcək adamların olmasına nail olmaqdır.
Amerika Hüquqşünaslar Assosiasiyasının əməkdaşı Aliyə Ələkbərova: "Əsas məqsədimiz informativ xarakter daşıyır. Yəni məlumat verək ki, belə bir şey var. İkinci məqsəd isə mediatorların yetişməsinə köməklik etməkdir. Treninq zamanı təcrübi dərslər də təşkil olunacaq. Hər bir iştirakçı mediator kimi özünü sınayacaq".
Aliyə Ələkbərovanın sözlərinə görə, treninqdə təkcə vəkillər və gənc hüquqşünaslar deyil, hətta hüquqi bilikləri olmayan müəllimlər və tələbələr də iştirak edə bilərlər. Təlimlər iki şəhərdə – mayın 15-dən 18-dək Bakıda, mayın 27-dən 30-dək isə Şəki şəhərində keçiriləcək. Təlimdə iştirak pulsuzdur: "İştirakçılar lazımi materiallar və naharla da pulsuz təmin olunacaqlar. Yalnız onların yol xərclərini biz ödəməyəcəyik".
Təlimdə iştirak etmək istəyənlər ərizə formalarını mayın 10-dək Amerika Hüquqşünaslar Assosiasiyasına təqdim etməlidirlər.
DİNLƏYİN!