Mayın 1-də Bakı İncəsənət Mərkəzində "Şuşa və şuşalılar" adlı fotosərgi açılacaq. Mərkəzin rəhbəri Rəfail Gülməmmədlinin sözlərinə görə, sərgidə müxtəlif illərdə Şuşada çəkilən və tanınmış ziyalıların arxivində saxlanılan 150-dək foto nümayiş etdiriləcək:
"Bu fotolar Şuşanın erməni işğalına qədər, yəni 8 may 1992-ci ilə qədər çəkilmiş fotolardır. Şuşanın tarixi, abidələri, əhalinin məişəti, dini etiqadı, təhsilini işıqlandıran maraqlı fotolar nümayiş olunacaq.
Sərgi mayın 10-dək davam edəcək. Bu 10 gün ərzində Şuşanı xatırlamaq istəyən hər bir kəs üçün mərkəzin qapıları açıq olacaq. Sərgiyə giriş pulsuzdur.
Rəfail Gülməmmədli deyir ki, sərgini təşkil etməkdə əsas məqsəd Şuşanın unudulmasına yol verməməkdir. Bu məqsədlə hətta Bakı İncəsənət Mərkəzindən başqa mayın əvvəllərində Rəssamlar İttifaqı, Qala Qalereyası və Üzeyir Hacıbəyovun Ev Muzeyində də Şuşanı xatırladan tədbirlər təşkil olunacaq.