Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:37

«Freedom House»: «Azərbaycanda mətbuat azad deyil»


Təşkilatın hesabatında Azərbaycan 194 ölkə arasında Çad və Qambiyayla 161-ci yeri bölüşür


Azərbaycanda mətbuat azadlığı bir az da pisləşib. Bu, noyabr parlament seçkiləri öncəsi polisin jurnalistlərə qarşı zorakılığının artması, hökumətin müstəqil mediaya təzyiqləriylə bağlıdır. Beynəlxalq ictimaiyyət həmin seçkilərin azad və ədalətli olmaması qənaətinə gəlib.


«Freedom House» beynəlxalq azadlıqlar təşkilatının 3 may - Mətbuat Azadlığı Günü ərəfəsində yaydığı hesabatında belə deyilir. Qurum bildirir ki, Azərbaycanda mətbuat azad deyil. Azərbaycan 194 ölkə arasında Çad və Qambiyayla 161-ci yeri bölüşür.


Hesabatda deyilir ki, 2005-ci ildə mediaya qarşı məhkəmə iddialarının sayı azalıb, ancaq məhkəmə hökmləri qüvvədə qalıb. Milli Televiziya və Radio Şurasının 9 üzvünü prezident təyin edir, bu qurum müstəqil və lisenziya verilməsində qeyri-şəffaflığına görə tənqid olunur.


«Freedom House»a görə, İctimai Televiziya nisbətən qərəzsiz olsa da, dövlət tərəfindən maliyyələşir və verilişlərinin çoxu da hakim partiyaya həsr olunur.


Hesabatda «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinə də yer ayırıb. Hökumət bu qətli terror aktı adlandırsa da, Hüseynovun həmkarları onun jurnalist işinə görə öldürüldüyünü düşünür.


Mətbuat Şurasının sədri Əflatun Amaşovsa deyir ki, son illər Azərbaycanda söz və mətbuat azadlığı sahəsində qanun pozuntuları azalıb, ona görə də bu hesabat reallığı tam əks etdirmir: «Bu faktlar getdikcə azalır. Ancaq Elmar Hüseynovun qətli Azərbaycanın adının bu sayaq siyahılarda daha da aşağıda olması üçün əsas yaradır».


«Freedom House» təşkilatının dünyada mətbuat azadlığının vəziyyətinə dair hesabatında Gürcüstan qismən azad, Ermənistan isə qeyri-azad ölkələr sırasına daxil edilib. Ümumilikdə, bir sıra, məsələn, keçmiş SSRİ ölkələrindən Rusiya və Özbəkistanda media azadlığı sahəsində geriləmə qeyd olunur.


XS
SM
MD
LG