Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:09

Ölkə kənd təsərrüfatı mütəxəssisi qıtlığı ilə üzləşə bilər


Gəncə Kənd Təsərrüfatı Akademiyasının laboratoriyası, rəsmi sayt
Gəncə Kənd Təsərrüfatı Akademiyasının laboratoriyası, rəsmi sayt

Çünki aqrar sahəyə maraq göstərən gənclərin, xüsusilə də bu sahə üzrə elm ardınca gedənlərin sayı azalıb


Belə getsə, on-on beş ildən sonra Azərbaycan kəskin kənd təsərrüfatı mütəxəssisi qıtlığı ilə üzləşə bilər. Çünki aqrar sahəyə maraq göstərən gənclərin, xüsusilə də bu sahə üzrə elm ardınca gedənlərin sayı azalıb. Bu barədə Gəncədəki Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının müəllimləri və Aqro Tədqiqat İnstitutunun rəhbərləri həyəcan təbili çalırlar. Onların söhbətinə keçməzdən əvvəl deyək ki, bu sahədə kadr çatışmazlığı artıq «quş qripi» virusuyla mübarizədə özünü göstərdi. Ölkədə bir müddət əvvəl H5N1 virusunun yayılması təhlükəsi yayılanda Gəncədə olan Dövlət Baytarlıq Xidmətinin əməkdaşları baytar qıtlığından gileylənmişdilər. Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun direktoru Çingiz Əhmədov: «Quş qripi»ylə mübarizə üçün baytarımız çatışmır. Ən ağrılı yerimiz məhz mütəxəssis olmamağıdır».


Kənd Təsərrüfatı Akademiyasının müəllimi, biologiya elmləri namizədi Zaur Hümbətov deyir ki, aqrar sahəyə ölkənin strateji gücü kimi yanaşılmalıdır. İndiyədək bu sahədə dövlət proqramının olmaması kənd təsərrüfatı sahəsinə öz ciddi ziyanını vurmaqdadır. Onun bildirdiyinə görə, artıq aqro genofondun, yerli bitki növlərinin məhvi prosesi gedir. Buna bir az sonra toxunacağıq. Hələliksə, Zaur Hümbətovun kadr çatışmazlığıyla bağlı dediklərini eşidək: «Tələbələr fundamental kənd təsərrüfatı sahələrinə getmirlər. Artıq boşluq yaranıb».


Tələbələrin təhsili başa vuran kimi, diplomu da götürüb başqa iş arxasınca getməsi kənd təsərrüfatı sahəsindəki elmi-tədqiqat institutlarını da boş qoyub. Pambıqçılıq İnstitutunun rəhbəri Fəxrəddin Məmmədov deyir ki, son on beş ildə gəlib onlarla birgə işləmək arzusunda olduğunu bildirən olmayıb. Amma keçən il iki gəncin aspirant kimi qapılarını döyməsi onları sevindirib: «Bizim institututda əməkdaşların yaşı 70-dən yuxarıdır. Bir azdan onları əvəz edən olmayacaq».


Akademiyada elmi-tədqiqat işləri üzrə prorektor Xalid Qurbanov da tələbə qəbulunun azlığından gileylənir: «Qəbul planımız dolmur. Ya da az balla bura qəbul olunanlar birinci kursu bitirən kimi, başqa instituta köçürülmək üçün Təhsil Nazirliyinə müraciət edirlər».


Amma problem təkcə yerdəyişmədə deyil. Akademiyanın müəllimi Zaur Hümbətovun fikrincə, bu təhsil müəssisəsinə keçid balı 200 olduğundan, şəhərdə yaşayan və repetitorlar – şagird hazırlayan müəllimlər vasitəsilə yaxşı hazırlıq keçən abituriyent müsabiqə nəticəsində ilk yazdığı fakültələrə düşməsə də, az balla Akademiyaya asanlıqla girə bilir. Rayon və kənd yerlərində yaşayan abituriyentlər isə yaxşı təhsil hazırlığı olmadığından belə rəqabətə davam gətirmir. Nəticədə birbaşa kənd təsərrüfatı sahəsiylə bağlı olan Akademiyada oxuyanların əksəriyyəti şəhərdə yaşayan və yiyələnəcəyi ixtisas üzrə kəndə getməyəcək məzunlar olur.


Akademiyanın prorektoru Xalid Qurbanov hesab edir ki, kadr çatışmazlığını aradan qaldırmaq üçün Akademiyaya az bal toplayan abituriyentləri qəbul edib, bir il onlara hazırlıq kursu da keçmək olar, bir şərtlə ki, bu məzunlar rayon və kənd sakinləri olsunlar.


Cənab Qurbanovun fikrincə, mütəxəssis qıtlığı yaradan əsas səbəblərdən biri də ölkədə aparılan torpaq islahatıdı. Şəxsi fermer təsərrüfatları yarandığından onlar nə tələbələri təcrübəyə göndərə bilirlər, nə də bir çox fermerlərin əkin-biçin və ya heyvandarlıqdan bilgiləri olur: «Amma fermer təsərrüfatları irsi xarakter daşımalıdır və heyvandarlıq, bitkiçilik qaydalarını bilməlidir. Məsələn, Amerikada fermer ailəsinin üzvləri həm təsərrüfatında işləyir, həm də bu sahə üzrə mütəxəssis olur».


Akademiyanın tələbələrinin də problemə öz yanaşmaları var. Söhbət etdiyimiz birinci kurs tələbələri dərslərin keyfiyyətindən narazıdırlar və bunun da səbəbini həm müəllimlərin maaşlarının, həm də tələbə təqaüdlərinin azlığında görürlər. Aqromühəndislik fakültəsinin tələbəsi Rufin Quliyev: «Heç bir stimullaşdırıcı amil yoxdur. Biz tələbələrlə söhbət edirik, görürük ki, onlar elm arxasınca getməklə, ya öz ixtisasını işlətməklə ailəsini dolandıra bilməyəcək, ona görə də başqa sahəyə üz tuturlar».


Yazının əvvəlində demişdik ki, mütəxəssislər yerli bitki növlərinin sıradan çıxmasından narahatdırlar. Akademiyanın əməkdaşı Zaur Hümbətov tələbəsilə birgə apardığı anatomik tədqiqat zamanı maraqlı bir nəticəylə üzləşib. Belə ki, onlar Azərbaycanda xörəyi çox sevilən badımcan, bibər və pomidorun nəyə görə gah dadlı, gah da dadsız olmasını araşdırıblar və Gəncə bazarında satılan bütün bu məhsul növlərini toplayıblar: «Məlum oldu ki, yerli sortlarda hüceyrəarası boşluq olmur. Hüceyrədə peqtenli maddə çox olur və bu da dad verəndi. Yerli sortlar, bu səbəbdən dadlıdı. Bu, bizim genefonddu. Amma belə tədqiqatlar aparılmır».


Akademiyanın prorektoru Xalid Qurbanov isə bu ildən kadr məsələsinə ciddi yanaşılacağına ümid edir: «İndi yeni struktur əsasında tələbə hazırlığına fikir verilir. Bu ildən ucqar kəndlərə mütəxəssis göndərilməsi planlaşdırılır».


Mütəxəssislər hesab edirlər ki, aqrar sahənin inkişafı üçün Milli Proqram olmalı, Akademiya Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə qaytarılmalı, bu təhsil müəssisəsində müasir standartlara uyğun laboratoriya qurulmalı və hər il perspektivli tələbələr bir neçə illiyə Avropa ölkələrinə təhsillərini artırmağa göndərilməlidir. Əks halda, bir neçə ildən sonra Azərbaycanın özünün milli tədqiqat və təlim sektorunun mövcudluğundan danışmaq çətin olacaq.


XS
SM
MD
LG