Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:10

Vatslav Havelin Azadlıq Radiosuna müsahibəsi


Musahibə ixtisarla təqdim olunur

Çexiyanın keçmiş prezidenti, dünyada demokratiyanın ünlü müdafiəçilərindən sayılan Vatslav Havel Azadlıq Radiosuna verdiyi eksklüziv müsahibədə deyib ki, NATO Rusiya sərhədlərinəcən gedib çıxmalıdır.

“Mən o fikirlə razı deyiləm ki, indiki qlobal maliyyə böhranı liberal iqtisadiyyat və sosial sisteminin iflasıdır”.

Çexiyanın keçmiş prezidenti, dünyada demokratiyanın ünlü müdafiəçilərindən sayılan Vatslav Havel Azadlıq Radiosuna eksklüziv müsahibəsində belə deyib.

Bəzi ekspertlər qlobal maliyyə böhranını hətta bütövlükdə Qərb demokratiyasının iflası kimi qoymətləndirirlər. Havel isə hesab edir ki, qlobal böhran bir iqtisadi sistemin yox, bütövlükdə sivilizasiyanın böhranıdır.

Havel Azad Avropa və Azadlıq Radioları Korporasiyasının Çexiyanın paytaxtı Praqadakı ən müasir avadanlıqla təchiz edilmiş yeni binasında olub - Azərbaycan xidməti də daxil olmaqla radionun 20-dən artıq servisinin direktorlarının binada təşkil edilən ilk iclasına rəmzi sədrlik edib.

Havel öz müsahibəsində onu da bildirib ki, qlobal böhran həm də bir xəbərdarlıqdır, əgər insanlar bundan düzgün nəticə çıxarsalar, bu, gələcək inkişafa müsbət təsir edəcək.

“Bu problem bizdən tələb edir ki, insan qüruruna, hər şeyi bildiyini düşünən, ancaq günlərin bir günü baş verənləri izah edə bilməyən bəzi iqtisadçıların qüruruna münasibətdə daha ehtiyatlı olaq”.

Vatslav Havel Ukrayna, Gürcüstan, Moldova, Cənubi Qafqaz ölkələrinin yenidən Rusiyanın təsir dairəsinə düşməsi, yenidən Dəmir Pərdənin “səhv tərəfində” yer alması təhlükəsi ilə bağlı sualı da cavablandırıb.

“Əlbəttə bu heç yaxşı olmazdı” – deyir Havel və əlavə edir ki, sözügedən ölkələr öz vəziyyətlərini dərin analiz etməlidirlər, çünki yayğın sərhədlər həmişə münaqişələrə, müharibələrə səbəb olur.

“Tarixən müharibələrin çoxu torpaq üstündə baş verib. Mən nəyinsə coğrafi limitinin olmasında, amma eyni zamanda başqa bir coğrafi təsisatın mövcud olmasında qəbahət görmürəm. Onlar tərəfdaşlar kimi əməkdaşlıq edə bilərlər. Amma eyni zamanda bu, Dəmir Pərdə kimi anlaşılmamlıdır”.

O ki qaldı Gürcüstan və Ukraynanın NATO-ya qəbulunun mümkünlüyünə Havel hesab edir ki, alyans özünü Avropanın sərhədlərinə uğunlaşdırmalıdır.

“Bu o deməkdir ki, NATO Avropa Birliyi kimi Rusiyanın sərhədlərinə gəlib çatmalıdır. Ordan geniş Avrasiya sivilizasiyasının məkanı başlayır. Həmin məkan da bizimlə eyni hüquqa malikdir, amma bizdən fərqlidir. Əlbəttə NATO və Avropa Birliyi dəyərlərə əsaslanan təsisatlardır. Amma bununla yanaşı mən coğrafi komponenti niyə qabardıram? Dünyada 200 dövlət var və onların gələcəyi geniş regional qruplarda birləşmək və əməkdaşlıq etməkdən asılıdır. Ona görə hər bir təsisat öz yerini dəqiq təsəvvür etməlidir”.

Vatslav Havel Rusiyanın Çeçenistan bölgəsinin müstəqil olmasının əleyhinə deyil.

“Problem ondadır ki, tarix Rusiyanın dəqiq harda başlayıb harda qurtardığını bilmir. Buna baxmayaraq mən təkcə fərdi azadlığın yox, həm də xalqların azadlığının tərəfdarıyam.

Əgər çeçen xalqı ciddi şəkildə və israrlı olaraq müstəqil dövlət olmaq istəyirsə, onda belə bir hüquqa malik olmalıdır”.

Azadlıq Radiosunun müxbiri Vatslav Havelə belə bir sual da verib ki, “dünyada, o cümlədən Amerikada bir çoxlarının Buş administrasiyasına münasibəti mənfi olub. Buna görə də indi başqa ölkələrə demokratiya dəyərlərinin yayılması ideyası populyar deyil. Bununla bağlı sizin yeni Amerika prezidentinin administrasiyasına tövsiyələriniz varmı?”

Havel deyib ki, bu məsələni Prezident Buşla çox müzakirə edib. “Mənim fikrimcə, bizim dəyərlərin və sistemin dünyanın başqa bölgələrinə ixracı həqiqətən təhlükəlidir. Amma bu demək deyil ki, biz dünyada baş verənlərə görə məsuliyyəti bölüşməməli, yardıma ehtiyacı olanların köməyinə gəlməməliyik”.

Havelin fikrincə, hər bir hala fərdi şəkildə yanaşmaq, mümkün nəticələri nəzərdən keçirmək və atılacaq addımlar üçün geniş dəstəyə nail olmaq lazımdır. “Düzgün balans tapılmalıdır. Bir tərəfdən həmrəylik nümayiş etdirilməli, bilinməlidi ki, biz biganə deyilik, amma o biri tərəfdən bu elə bir formada edilməlidir ki, müstəmləkəçiliyin yeni forması, yaxud müəyyən dəyərlərin onları bölüşməyən məkana ixrac edilməsi kimi anlaşılmasın”.

Hazırladı: Rövşən Qəmbərov

XS
SM
MD
LG