Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:38

Türkan - Ağzı günə qalan istixanalar


Başqa türkanlılar kimi Ənvər kişinin də çörəyi göy-göyərtidən çıxır
Başqa türkanlılar kimi Ənvər kişinin də çörəyi göy-göyərtidən çıxır
Həyətə girəndə adamı göy-göyərtinin xoş ətri vurur. Yaz nəfəsindən oyanmış torpaq bu göy-göyərtiylə həm özünü bəzəyib, həm də Ənvər kişinin büdcəsini…

«-Həyat yoldaşım dəstə bağlayır, sonra bazara aparırıq. Yığırıq, bir dəstə bağlayırıq.
-Bir dəstəni 5-10 qəpiyə satırıq.
-Axşam maşın gəlir, aparırıq «8-ci km»in bazarına. Onu alverçilərə satırıq, sonra da özümüzə lazım olan azuqəni alıb qayıdırıq evə».

Başqa türkanlılar kimi Ənvər kişinin də çörəyi göy-göyərtidən çıxır. Bakının uzaq kəndlərindən sayılan Türkan camaatının əsas məşğuliyyəti əkin-biçindir. Bu qədim kənddə köklü-köməcli ağac görmədim. Hər halda mən gəzdiyim məhəllələrin bəzilərində ağac yox idi, bəzilərində isə pöhrəydi.

Vəliağa kişi deyir ki, vaxtilə hamının qapısında istixana varıydı. İstixanayla ağac isə bir araya sığmayıb. Amma neçə illərdi ki, onların istixanasının elə adı qalıb. Kəndin qazı kəsildiyindən kimisi istixanasını dağıdıb, kimisə də qışda burda göy-göyərti əkir:

«Əvvəl sovetin dövründə qazımız var idi. Pomidor, gül əkirdik. Yaxşıydı. İndi istixananı saxlamışıq ki, qışda göy-göyərti əkək».

Cənnət Tanrıverdiyev isə deyir ki, onların yeganə ümid yerləri əkinçilikdir, amma indi bu da sərf etmir.

Türkanda həyətlərə girəndə adamı göy-göyərtinin xoş ətri vurur
- Göy-göyərtiylə dolanmaq olar, varlanmaq yox. İndi göy-göyərti çox ucuzdur. Heç əziyyətinə dəymir. Gəlib qapıdan dəstəsini 2 qəpiyə alırlar.
- Amma bazarda dəstəsini 20 qəpiyə satırlar?
- Neçə adamın əlindən keçir də, ona görə.
- İndi bazara Gəncə göyərtisi də çıxarırlar, sizə rəqabət yaranmayıb?
- Gəncə göyərtisi də yaxşıdır. Özü də onların dəstəsi bizimkindən iri olur. Bizdə külək olur ona görə.

Cənnət kişi deyir, Gəncə göyərtisiylə rəqabətə girməyə gücləri çatsa da, Azərbaycan əkinçisi İran, Türkiyə pomidoru, kartofuyla rəqabətə tab gətirməyəcək:

Türkanda Lənkəran balığı

Türkan Bakıdan təxminən 30-40 km aralıda, Xəzər dənizinin sahillərində yerləşir. Amma balığı Lənkərandan gəlir. Adını heç cür söyləmək istəməyən türkanlı oğlan satdığı balığı Bakının Keşlə qəsəbəsindən aldığını söyləyir. Özü də qiyməti şəhərdəkindən xeyli ucuz. Məsələn, kütüm balığının kilosunu 4 manata satır. Piştaxtasına 5-6 balıq yığıb. Deyir, ucuzluğuna baxmayın, alan yoxdur ki:

Türkanlılar deyirlər ki, göynərtinin dəstəsini alverçilərə 5-10 qəpiyə satırıq
«Kənd adamı kasıbdı də. Ucuz alıb ucuz da satırıq. Amma camaatın bu dəqiqə pulu yoxdur».

Müsahibim deyir ki, Türkanda dənizə girib balıq tutmaq istəyən yoxdur. Çünki tilov atmaq mümkün deyil. Könlü balıq istəyənin gərək gəmisi, qayığı olsun. Buna da kasıb türkanlıların gücü çatmır.

«Daşın tozu özünü sonra göstərəcək»

«Türkanlılar işsizdir, nə iş olsa gedərlər». Bunu da balıqsatan oğlan deyir. Onu da söyləyir ki, tikinti azaldığından kənddəki daş karxanası da daha cəlbedici görünmür. Gününü dörd-beş qoyununu otarmaqla keçirən Cənnət kişi isə daş karxanasında işləməyin tərəfdarı deyil.

«Cavanlarımız gəlib işləyirlər. 5 manat puldan ötrü canlarını satırlar. Onun tozu bəs eləyir adama. İndi cavandı ağlı kəsmir. Amma on beş-iyirmi ildən sonra istər-istəməz əziyyətini görəcək».

Türkanlılardan bəziləri günlərini dörd-beş qoyun otarmaqla keçirirlər
Türkan şəhərdən uzaq olduğundan bağ mövsümünü burda keçirən varlı adamlar azdır. Kənddə bir neçə gözəgəlimli villa görmək olar. Camaat deyir ki, qaz-su çətinliyi olan yerdə kim yaşamaq istəyər ki? Balıqsatan oğlan danışır ki, 2000-ci il zəlzələsindən sonra su quyularının çoxu batıb, kənd su sarıdan əziyyət çəkir.

Kəndin əziyyət çəkmədiyi bircə yoldu. Seçiciləri arasında Türkan camaatı da olan prezidentin xanımı, millət vəkili Mehriban Əliyevanın göstərişiylə kəndin əsas yoluna asfalt döşənib. Türkanın ağsaqqallarından biri Hacı Rasim deyir ki, uzaq yol dərdindən kənddə işsiz qalan qadınlar üçün də bir iş yeri açılsaydı, yaxşı olardı.

Camaat bir də kənddə tikilən mədəniyyət evinə ümid bağlayır. Həm iş yeri baxımından, həm də uşaqlara peşə öyrədəsi dərnəklər açılacaq deyə…

Həmçinin bax:

İşsizlikdən dənizə gedirlər…

Avtobusun getmədiyi Bakı kəndi

Hökməlinin 5 fərqi…

Maştağada dəyişiklik gözləyirlər

Nardaranlılar: «Referendumda gərək bir məsələ müzakirəyə çıxarılaydı»
XS
SM
MD
LG