“İrana hər hansı hərbi müdaxilə təhlükəsi yoxdur”. Bunu Bakıda səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad bəyan edib. Onun sözlərinə görə, İranın əleyhinə çıxış edən ölkələrin iradları əsassızdır: "Onların nüvə enerjisi, hətta nüvə silahları var. Nüvə yanacağı pis şeydirsə, niyə onların var. Yaxşıdırsa, niyə İranın da olmasın. Bütün millətlərin olmalıdır".
Azərbaycan prezidenti İlham Əliyev də keçirdiyi mətbuat konfransında İran probleminin beynəlxalq hüquq və prinsiplər əsasında həllinin tərəfdarı olduğunu bildirib.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA informasiya agentliyinə verilən məlumata görə, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin sammitinin keçirildiyi Gülüstan Sarayında Mahmud Əhmədinejad Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla da görüşüb. Görüşdə müzakirə olunan məsələlər barədə mətbuata hələlik məlumat verilmir.
İran prezidenti Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə də görüşüb.