Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:22

Salyanda su hələ aydınlıq sayılmır


Salyan şəhəri, Taleh Davudzadə küçəsində ev, 9 may 2006
Salyan şəhəri, Taleh Davudzadə küçəsində ev, 9 may 2006

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Etibar Hüseynov: “Təklif edirik ki, Kür ilan kimi rayonun ətrafına dolana-dolana yox, düz xətlə keçsin”


"Aya hey, potunu gətir, tez elə!"... Bu, Salyan şəhərinin Təbriz Xəlilbəyli küçəsində yaşayan Tahir Əliyevdir. Qonşu uşağı səsləyib, potu – çəkmə gətirməsini istəyir ki, həyətlərdə gəzə bilim. Elə həmin uşağın gətirdiyi çəkmələri geyib başladım həyətləri gəzməyə.


Təbriz Xəlilbəyli küçəsində dörd ailənin yaşadığı bu həyətdə 20-30 santmetr dərinliyində qurunt suyu yığılıb. Həyətlərini su basmış adamlar deyirlər ki, icra hakimiyyətinə və digər ünvanlara etdikləri müraciətlərə cavab verən yoxdur.


24 saylı evin sakini Xalisə Məmmədova deyir ki, ötən il də onların həyəti suyun içində olub, bu il də. Yaşadıqları evin bir otağı tamamilə uçub. Həmin otağı təzəcə tikiblərmiş ki, yenidən ötən ilki kimi həyət tamamilə su ilə dolub. İndi evdən bayıra çıxmaq üçün suyun içərisinə düzülmüş daşların üstüylə addımlayırlar. Amma hər dəfə Kürdə suyun səviyyəsi qalxanda həmin daşlar da suyun altında qalır.



Xalisə Məmmədovanın evi, 9 may 2006
Ən acınacaqlı vəziyyət 69 yaşlı Solmaz Məmmədovanın həyətindədir. Ötən il daşqından qorunmaq üçün həyətə torpaq tökülməsinə baxmayaraq evin birinci mərtəbəsi suyun içərisində qalıb. İkinci mərtəbədə yaşamağın hər an təhlükəli olduğunu bildirən Solmaz xanım gecələr səksəkə içərisində yatdıqlarını deyir.

Gəzdiyim həyətlərin yalnız birində qurunt sularının texniki vasitələrlə çəkildiyinin şahidi oldum. Bu da qonşularıın ümumi istifadəsində olan su nasosudur.


Taleh Davudzadə küçəsində rayon icra hakimiyyəti tərəfindən bir neçə su nasosu quraşdırılsada, mən onların heç birini işləyən görmədim. Həmin küçədə su içərisində yaşayanların da ən çox iradı bu nasoslarla bağlı idi: "Bir dənə motoru qoyublar, onu da üç saatdan bir söndürürlər".


Evləri su içərisində qalan salyanlılar köçmək təklifini isə heç yaxına buraxmırlar. Tahir Əliyev adlı rayon sakini deyir ki, ona qalsa, onda gərək bütün rayonu köçürələr: "Bizim dədə-baba yurdumuzdur, biz burdan hara köçək, köçmək çıxış yolu deyil. İmkan yaratsınlar, kanalizasiya sistemini qaydaya salsınlar məsələ bununla da bitsin....".



Evdən bayıra çıxmaq üçün sakinlər suyun içərisinə düzülmüş daşların üstüylə addımlayırlar, 9 may 2006
Neçə həyətdə oldumsa, hamısından eyni şikayətlər eşitdim. Əsas iradlar da o idi ki, bir dəfə də olsun rayon icra hakimiyyətindən onların qapısını açan, su içərisində necə yaşadıqlarını soruşan olmayıb.

Qurunt suları təkcə evlərə yox, rayondakı tarixi abidələrə də ziyan vurub. Ən ciddi ziyan 1865-ci ildə inşa edilən Ağahüseyn məscidinə dəyib. İkinci belə bir məscidin İranın Ərdəbil şəhərində olduğunu deyən rayon sakini Emil Məmmədovun sözlərinə görə, 2003-cü il daşqınlarından sonra həmin məscidin 17 tağından 6-sı tamamilə uçub.


Həyətləri gəzib, rayon icra hakimiyyətinə gedərkən, su basmış evlərdən 100-150 metr aralıda Heydər Əliyev Parkının açılışına ciddi hazırlıq getdiyini gordüm. Rayon icra hakimiyyətinin başçısı Rasim Bəşirov və onun müavinləri həmin parkla üzbəüz ərazidə abadlıq işlərinə nəzarət edirdilər. Onu da öyrəndik ki, prezidentin yaxın vaxtlarda Salyana səfəri gözlənir.


İcra hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissi


Ağahüseyn məscidi, 9 may 2006
yasının sədri Etibar Hüseynov deyir ki, sakinlərin iradları haqlıdır. Amma hamıya birdən kömək etmək də rayon icra hakimiyyətinin imkanları xaricindədir. Etibar Hüseynov hesab edir ki, Kürdə suyun səviyyəsi gündən-günə azaldığından, qrunt suları da yaxın vaxtlarda tamamilə çəkiləcək. Qaldıkı Kür çayında daşqınların qarşısını alma yollarına, cənab Hüseynov deyir ki, bununla bağlı iki təklifləri var: "Təklif edirik ki, Kür ilan kimi rayonun ətrafına dolana-dolana yox, düz xətlə keçsin. Digər təklifimiz də odur ki, Kürsəngi ərazisindən Xəzər dənizinə yeni bir qol çəkilsin və suyun səviyyəsi qalxanda, həmin qolla çay birbaşa dənizə axsın".

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov da çərşənbə axşamı bildirib ki, yaxın vaxtlarda Salyan rayonu ərazisində Kür çayının yatağını təmizləmək üçün Rusiyadan iki lilsoran gəmi gətiriləcək. Salyandakı vəziyətlə tanış olduğunu bildirən nazir gələcəkdə problemin həlli üçün xüsusi layihə hazırlanacağını deyib. Amma cənab Heydərov həyətlərini su basmış əhaliyə kompensasiya ödənib-ödənməyəcəyi barədə konkret bir söz deməyib.


Hazırda təklif kimi səslənən işlərə nə vaxt başlanacağı isə məlum deyil. Bəlkə elə ona görədir ki, bu xəmirin hələ çox su aparacağını düşünən salyanlılar problemdən çıxış yolunu prezidentin rayona gəlməsində görürlər: "Biz prezident İlham Əliyevi və onun xanımı Mehriban Əliyevanı dəvət edirik. Salyana gəlsin, bizim halımızla tanış olsun...”


XS
SM
MD
LG