Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 11:15

Azərbaycan Xalq Cümhuriyyəti qurucularına abidə qoyulacaq


Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsini əbədiləşdirmək üçün abidə qoyulacaq. Milli Məclisin mayın 12-də keçirilən iclasında spiker Oqtay Əsədov dedi ki, bununla bağlı müsabiqə elan edilib və hazırda layihələr qəbul olunur:


«Cümhuriyyət üçün abidənin qoyulması haqda qərar verilmişdi. Mədəniyyət Nazirliyi müsabiqə elan etmişdi. Müsabiqəyə təqdim edilən layihələrin heç biri bəyənilməyib. Ona görə də yeni müsabiqə təyin olunub və layihələrin qəbuluna başlanılıb».


Abidənin necə olacağı və hara qoyulacağı barədə hələ ki, məlumat yoxdur. Azərbaycan Xalq Cümhuriyyətin lideri Məhəmməd Əmin Rəsulzadənin heykəlinin isə yeri məlum olsa da, vəsait çatışmazlığından özü hazır deyil.


Gündəliyin müzakirəsi zamanı Azərbaycan Xalq Partiyasından olan millət vəkili Pənah Hüseyn parlamentdə boş qalan yerlərə mayın 13-də keçiriləcək seçkiləri parlamentin nəzarətə götürməsini təklif etdi. Onun sözlərinə görə, özünün və Müsavat partiyasının parlamentdə qalıb-qalmamasını həmin seçkilərin nəticələri həll edəcək:


«Mən bəyan edirəm ki, bizim parlamentin bundan sonrakı iclaslarında iştirakımız sabahkı seçkilərin nəticələrindən asılı olacaq». Millət vəkili Pənah Hüseynin bu fikirlərinə reaksiya verən spiker Oqtay Əsədov parlamentdə ultimativ bəyanatlar səsləndirməməyi tövsiyə etdi.


Millət vəkilləri «Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında qanunu», həmçinin başqa layihələrini 2-ci və 3-cü oxunuşda qəbul etdi.


Parlamentarilər həmçinin Milli Məclisin nizamnaməsinə də dəyişikliklər etdilər. Yeni qaydalara görə, bundan sonra parlamentin yaz sessiyası martın deyil, fevralın 1-dən, payız sessiyası isə sentyabrın 1-dən yox, 30-dan işə başlayacaq.


XS
SM
MD
LG