Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:03

«Sərhədsiz Reportyorlar» «Bizim yol» qəzetinin redaktoruna hücumu pisləyir


«Sərhədsiz Reportyorlar» Beynəlxalq Qeyri-Hökumət Təşkilatı Azərbaycan hökumətini «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevə qarşı zorakılığı araşdırmağa və günahkarları cəzalandırmağa çağırıb. Təşkilat Bahəddin Həziyevə qarşı hücumun son üç ayda Azərbaycanda jurnalistlərin qətlinə cəhdlə bağlı ikinci hadisə olduğunu bildirib.


Bahəddin Həziyev Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində, 19 may 2006
Mayın 5-də «Azadlıq» qəzetinin əməkdaşı Fikrət Hüseynli də oğurlanaraq fiziki təzyiqə məruz qalmışdı. Təşkilat hər iki hücumun eyni ssenari ilə həyata keçirildiyinə diqqəti çəkib.


ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi də jurnalistlərə hücum faktlarından narahatlıq ifadə edib.


"Biz "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyevlə baş verənlərdən narahatıq və polis təhqiqatı nəticəsində günahkarların aşkar olunacağını gözləyirik" – deyə ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Conatan Henik «Turan»a bildirib.


"Biz jurnalistlərə hücum faktlarından narahatıq. Çünki mətbuatın fəaliyyətinin məhdudlaşdırılması Azərbaycanın demokratik inkişafına zərbə vurur" – deyə Henik vurğulayıb.



«Bizim yol» qəzetinin baş redaktoru və Xalq Cəbhəsi partiyası sədrinin müavini Bahəddin Həziyev mayın 18-dən 19-a keçən gecə naməlum şəxslər tərəfindən oğurlanaraq döyülüb. Onun ayaq sümükləri sındırılıb, daxili orqanları zədələnib. Hazırda xəstəxanada müalicə alan Bahəddin Həziyevin vəziyyətinin ağır olduğu bildirilir.



Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli zorakılığın Bahəddin Həziyevin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib və buna görə hakimiyyəti ittiham edib. Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə hadisəni hakimiyyətə qarşı hücum kimi qiymətləndirib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları günahkarları tapıb cəzalandıracaq.


Polis hadisəylə bağlı istintaqa başlayıb.


XS
SM
MD
LG