Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:55

Bakıda İran səfirliyinin qarşısında etiraz aksiyası keçirildi


Mayın 23-də Bütöv Azərbaycan Birliyinin bir qrup üzvü son günlər İranda baş verənlərə etiraz olaraq bu ölkənin Bakıdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçiriblər. İranın rəsmi «İran» qəzetində Azərbaycan dilini təhqir edən karikaturanın dərc edilməsi bu ölkədə azərbaycanlıların etiraz aksiyasına səbəb olub. Bakıdakı piketçilər isə İran aksiyalarında baş verənləri pisləyən bəyanat səsləndiriblər.



İran səfirliyinin qarşısında etiraz aksiyası keçirildi, 23 may 2006
Bəyanatın sonunda İranda azərbaycanlılara qarşı baş verənlərə son qoyulması tələb edilir, dünyanın demokratik dövlətləri ədaləti dəstəkləməyə çağırılır. Bəyanat səsləndirildikdən sonra polis aksiya iştirakçılarını dağıtdı. Ciddi qarşıdurma yaranmasa da, dörd nəfər saxlanılaraq polis idarəsinə aparıldı. Səbayel Rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov aksiyanın icazəsiz olduğunu bildirsə də, ciddi insident baş vermədiyi üçün saxlanılanların buraxılacağını dedi.

Milli Məclisin mayın 23-də keçirilən iclasında da millət vəkilləri İranda baş verən hadisələrə toxundular. Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə dedi ki, İran qəzetinin azərbaycanlıları təhqir etməsi 30 milyon adamın ayağa qalxmasına və ciddi toqquşmalara gətirib çıxarıb. Buna görə də Milli Məclis İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi ilə bağlı bu ölkənin Bakıdakı səfirliyi qarşısında məsələ qaldırmalıdır.


YAP-dan olan millət vəkili Səyavuş Novruzov isə dedi ki, İranda yaşayan azərbaycanlılar təkcə qəzetdə yazılanlarla bağlı yox, eyni zamanda, İranın Ermənistana yardım etməsi məsələsinə də etiraz etməlidirlər.


Milli Məclisin sədri Oqtay Əsədov isə deputatlara bu məsələni müvafiq komissiyalarda müzakirə etməyi məsləhət gördü.


Son günlər qonşu dövlətin rəsmi mətbuat orqanı olan «İran» gündəlik qəzetində azərbaycanlıların heysiyyatına toxunan karikaturalar dərc edilib. Nəticədə İranın bir neçə şəhərində azərbaycanlılar etiraz aksiyaları keçiriblər. Aksiya iştirakçıları ilə güc strukturları arasında baş verən qarşıdurmada xəsarət alanların olduğu barədə məlumatlar var. Mayın 23-də isə İran qəzeti bağlanıb. Mətbu orqanın redaktor və karikatura müəllifi isə həbs edilib.


XS
SM
MD
LG