Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:46

Attraksionda insan ölümünə görə, nəzarətçi həbs olundu


Milli Parkda bir qadının və onun azyaşlı uşağının ölümüylə nəticələnmiş qəzaya görə, həmin istirahət mərkəzindəki «Şeytan təkəri» attraksionunda nəzarətçi işləyən Millət Quliyev həbs olunub. O, əmək mühafizəsi qaydalarını pozmaqda təqsirli bilinir. Mayın 18-də «Şeytan təkəri» əyləncə attraksionunda fırlanarkən Xumar Əlizadə və onun azyaşlı qızı Nəzrin Əlizadə yıxılıb. Ana həmin gün, qızı isə mayın 21-də cərrahiyyə əməliyyatı aparılarkən dünyasını dəyişmişdi.


Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verir: «Prokurorluq haqqında» Azərbaycan Respublikası qanununun 22-ci maddəsinə müvafiq olaraq, Bakı şəhəri ərazisindəki parklarda və digər istirahət mərkəzlərində fəaliyyət göstərən attraksionlarda texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarətin gücləndirilməsi, bu sahədə baş vermiş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair Baş prokuror Zakir Qaralov tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə təqdimat göndərilib».


Baş Prokurorluğun məlumatına görə, yüksək sürətlə hərəkət edən attraksionlarda 12 yaşa qədər uşaqların istifadə etməsinin qadağan olunmasına dair tələbi nəzarətçi Millət Quliyev pozub və Xumar Əlizadəyə azyaşlı uşağı ilə attraksiona daxil olmasına heç bir məhdudiyyət qoyulmayıb.


Baş Prokurorluq həmçinin son günlər yerli mətbuatda Milli Parkda gənc ananın intihar edərək özünü və azyaşlı uşağını öldürməsi barədə məlumatların əsassız olduğunu bildirir.


XS
SM
MD
LG