Qırğızıstanda yaşayan azərbaycanlıların əksəriyyəti 30-cu illərin repressiyaları zamanı Azərbaycandan sürgün olunanlar və onların övladlarıdır. Sovet hökumətinin dağılmasından sonra bu respublikada azərbaycanlıların təşkilatlanması başlayıb. 1992-ci ildə respublikada ilk Azərbaycan cəmiyyəti – "Azəri" assosiasiyası və sonradan onun nəzdində Bişkəkdə "Xəzər" Azərbaycan Mədəniyyət Mərkəzi yarandı. Ötən il respublika günü - mayın 28-də isə azərbaycanlıların Türkel ictimai birliyi və türkdilli xalqların həyatından bəhs edən və bir neçə ölkəyə yayılan "Türkel" qəzeti fəaliyyətə başladı. Təşkilatlar Azərbaycan tarixini və mədəniyyətini tanıdır və yaşadır, habelə Azərbaycan bayramlarını və başqa əlamətdar günlərini qeyd edirlər.
Macarıstanda Azərbaycan günləri
Mayın 23-24-də Macarıstanda Azərbaycan günləri keçirilib. Tədbiri Azərbaycanın Macarıstandakı səfirliyi və Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi təşkil edib. Tədbir çərçivəsində Budapeştdə elmi simpozium və Azərbaycan mədəniyyət ustalarının konserti keçirilib.
«Türk günü»
Amerikada yaşayan azərbaycanlılar mayın 20-də Nyu- Yorkda "Türk günü" ilə bağlı keçirilən yürüşə qatılıblar. Yürüşdə Azərbaycanlıları Amerika –Azərbaycan Cəmiyyəti təmsil edib. Cəmiyyətin sədri Tomris Azəri deyir ki, Amerikada "Türk günü" artıq 25 ildir ki, keçirilir, bunun məqsədi Amerikada yaşayan türkdilli xalqları bir araya gətirməkdir.
Dubay niyə cəlbedicidir?
«Qlobus»un axırıncı süjeti Dubayda yaşayan azərbaycanlılar barədədir. 10 ildən çoxdur bu ölkədə yaşayan Namiq Ağayev deyir ki, burada bizneslə məşğul olmaq üçün əlverişli şərait var. Eyni zamanda idarə və təşkilatlarda xoşagəlməz hallarla da üzləşməli olmursan. Ümumilikdə isə Namiq Ağayev hesab edir ki, bu ölkədə yaşamaq onun xoşuna gəlir.
DİNLƏYİN!