Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:17

AŞ PA-nın iyun sessiyasında da Azərbaycan tənqidlərlə üzləşə bilər


Həmməruzəçilər Andreas Qross və Andres Herkelin mətbuat konfransı, Bakı, 28 may 2006
Həmməruzəçilər Andreas Qross və Andres Herkelin mətbuat konfransı, Bakı, 28 may 2006

«Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyun sessiyasında Azərbaycandakı vəziyyət yanvar sessiyasındakından az tənqid olunmayacaq».


AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkel mayın 28-də Bakıya üçgünlük səfərlərinin nəticəsinə dair mətbuat konfransında belə dedilər. Həmməruzəçilərin fikrincə, mayda keçirilən təkrar seçkilərdə demokratiya istiqamətində köklü dəyişikliklər edilməyib, nöqsanlar olduğu kimi qalıb. Onlar bu müşahidələrini Azərbaycanla bağlı hazırladıqları hesabata daxil edəcəklər. Həmməruzəçilərin fikrincə, gəldikləri bu qənaət AŞPA-nın seçki monitorinq missiyasının rəhbəri Leo Platvoetin mövqeyindən fərqlənmir. Platvoet demişdi ki, təkrar seçkilər noyabr seçkilərindən yaxşı keçirilib.


Andreas Qross: «May seçkilərində o qədər çox həbslər və zorakılıq halları qeydə alınmadı. Amma Platvoet də qeyd edib ki, təkrar seçkilərdə rəqabət az idi. Beləliklə, o, da may seçkilərində noyabr seçkilərinə nisbətdə irəliləyiş müşahidə etdiyini dedi. Odur ki, mən Platvoetin və bizim qiymətləndirməmiz arasında fərq görmürəm».


Cənab Qross deyir ki, tənqidi minimuma endirmək üçün Azərbaycan hökuməti AŞPA parlamentariləri ilə əməkdaşlığı üzməməlidir. Amma o, budəfəki səfərində Azərbaycan rəsmilərinin həmməruzəçilərə münasibətinin soyuqlaşdığını hiss etdiyini deyir:


«Bizə qarşı ton dəyişib, mən bunu duyuram. Belə başa düşürəm ki, hakimiyyətin ətrafında olan varlı insanlar neft gəlirləri olduğu halda uzunmüddətli inkişaf haqqında düşünmürlər. Amma insan hüquqlarını kiçiltmək düzgün siyasət deyil. Aydındır ki, neftin bahalaşması və prezident Buşun nəhayət ki, Azərbaycan prezidenti ilə görüşməsinə arxayın olaraq hökumətin bizə münasibəti dəyişib».


Həmməruzəçi Andres Herkel isə deyib ki, budəfəki səfərdə əvvəlkilərdən fərqli olaraq, onların mahiyyətcə siyasi məhbus hesab etdikləri şəxslərlə görüşmələrinə icazə verilməyib:


«Keçmiş iqtisadi inkişaf naziri ilə görüşməyə icazə verilməməsi burada çox ciddi siyasi motivlərin olması fikrini daha da möhkəmlədir».


Cənab Herkel bildirir ki, siyasi məhbus məsələsinə dair geniş hesabat hazırlayırlar, indi bu iş cənab Qrossa və ona tapşırılıb, amma siyasi məhbus məsələsi AŞPA-nın iyun sessiyasında ayrıca müzakirə olunmayacaq.


Andres Herkel dedi ki, onlar naməlum adamlar tərəfindən döyülən «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevə də baş çəkiblər. Cənab Herkelin fikrincə, bu hadisə Azərbaycanda peşəsini yerinə yetirdiyi üçün jurnalistlərə edilən ilk zorakılıq hadisəsi deyil və o, bundan təəssüflənir.


Həmməruzəçilər Bakıda görüşlərə mayın 26-da başlamışdılar. Onlar siyasi məhbuslarla bağlı işçi qrupu, siyasi partiyalar, aparıcı qəzetlərin rəhbərləri ilə görüşmüşdülər, Qobustan qapalı həbsxanasında olmuşdular.


Azərbaycanın AŞ qarşısında öhdəliklərini necə yerinə yetirməsi barədə onların hazırlayacaqları hesabat Parlament Assambleyasının iyun sessiyasında müzakirəyə çıxarılacaq.


XS
SM
MD
LG