Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:28

Aran Qarabağın «paytaxtı» Bərdə…


İbrahim məscidi, Bərdə, 1 iyun 2006
İbrahim məscidi, Bərdə, 1 iyun 2006

Bərdə bazarı sübh tezdən - səhər saat 6-da canlanmağa başlayır. Müxtəlif istiqamətlərdən bazarın qarşısına meyvə-tərəvəzlə dolu yük maşınları yan alır. Satmağa mal gətirənlər təkcə Bərdə camaatı deyil. Buranı Aran Qarabağın iqtisadi mərkəzi də adlandırmaq olar. Ağdam, Yevlax, Ağcabədi, Tərtər rayonlardan da bura mal satmağa gələnlər olur.


Dövlət işindən alverə…


38 yaşlı Əlövsət pomidor alveri ilə məşğuldur. Kəndlərdən aldığı məhsulu Bərdə bazarında topdan satır. Bazara gün aşırı gəlir. Deyir ki, qazancı pis deyil. Əlövsət əvvəllər dövlət işində işləyib, amma məvacibi az olduğundan keçib alverə. Deyir ki, işləri yaxşı gedir, üç uşağı var, məktəbdə oxuyurlar, onları hər cəhətdən təmin edə bilir. «Ağlı olanın pul qazanması çətin deyil. İndiki zəmanə çox yaxşıdı, azad bazar iqtisadiyyatıdır. Evdə oturmaqla heç kəs gətirib sənə pul verməyəcək. Gərək hərəkət edəsən».


Amma bazarda alver edənlərin heç də hamısı Əlövsət kimi güzəranından razı deyil. Mütəllim kişi meyvə-tərəvəzi topdan satışla məşğul olanlardan alıb gün ərzində bazarda satır. «61 yaşım var, əlacımı Allah kəsib, gəlib burda alver eləməyə məcburam. Günün axırında iki yumurtanın pulu çıxa, ya çıxmaya».


Kiminin gəliri az, kimininki çox olsa da, rayon mərkəzində yaşayanların əsas dolanışıq mənbəyi alverdir. Rayon icra hakimiyyətində isə deyirlər ki, onlar başqa iş yerlərinin də açılmasına çalışırlar. İlk növbədə də sovet dövründən qalan müəssislərin işini bərpa etmək nəzərdə tutulub. Rayon İcra Hakimiyyətinin şöbə müdiri Xasay Mehdiyev artıq yağ-pendir zavodunun, qum karxanasının, pambıqtəmizləmə zavodunun işinin bərpa edildiyini deyir.


Kəndli necə dolanır?


Məcburi köçkünlərin bir qismi dəmiryol vaqonlarında yaşayır, 30 may 2006
Amma bir məsələ də var ki, Bərdənin 140 min nəfərlik əhalisinin çoxu kəndlərdə yaşayır. Onların dolanışığı əkin-biçinlə bağlıdır. Bəs bundan ötrü lazımi şərait varmı?


Bərdədə bir kənd var, adı – Soğanverdilər! Yerli camaatın kəndin adından heç xoşu gəlmir, amma ad dəyişməyə xüsusi cəhd də eləmirlər. Deyirlər kimdi bu işlə məşğul olan, gündəlik qayğılar başdan aşır.


Soğanverdilər kəndində ən çox kök əkilir. Pambıqçılıq Bərdədə ənənəvi sahədir, amma həmsöhbətlərim deyirlər ki, bu ildən kənddə pambıq əkənlərin sayı yaman azalıb. Bu da dizel yanacağının bu ilin əvvəlindən iki dəfə bahalaşması ilə bağlıdır. Onların sözlərinə görə, bu il pambıq sahələri yarıbayarı azalıb.


Dizel yanacağı bahalaşdığı üçün kənddə taxıl da çox əkilməyib. Hərə özü üçün bir az əkib ki una pul verməsin. Ona da gəmiricilər daraşıb, özü təkcə taxıl sahələrinə yox, pambığa da, kökə də, yoncaya da.


Gəmiricilər təkcə Soğanverdilərdə yox, bir neçə başqa kənddə də əkin sahələrini başına alıb. Yerli camaat deyir ki, dövlət idarələri bununla bağlı hər hansı tədbir görmür, öz güclərinə isə gəmiricilərin kökünü kəsə bilməzlər.


Vaqon şəhərciyi


Bərdədə əhalinin ümumi dolanışıq səviyyəsinə təsir edən həm də odur ki, rayonda Dağlıq Qarabağdan olan 40 min nəfər məcburi köçkün sığınacaq tapıb. Məcburi köçkünlərin bir qismi də dəmiryol vaqonlarında yaşayır.


70 yaşlı Zeynəb nənə 10 ildən çoxdur vaqonda yaşayır. Bərdə aran zonası olduğu üçün yayı çox isti keçir. Belə havada üstəlik dəmir vaqonlar da qızır. Günorta çağı istidən qorunmaq və çörək yemək üçün yeganə sərin yer – vaqonların altıdır.


Vaqonlarda 80-dən çox ailə yaşayır. Onlara hər ay adambaşına təzə pulla 6 manat yardım edilir. Bundan başqa 25 manat təqaüd alan Zeynəb xala deyir ki, dolanışığı çox çətindir. İki ay əvvəl prezident İlham Əliyev Bərdəyə gələndə şikayətlərini ona çatdırmaq cəhdləri də baş tutmayıb. «Gətirib vaqonları çin-çin düzdülər qabağımıza ki prezident bizi görməsin. Əlidəyənkli polislər də gəlib sırayla dayandılar ki, birdən gedib prezidentə nəsə deyərik».


Günorta çağı istidən qorunmaq üçün yeganə yer vaqonların altıdır, 30 may 2006
Vaqon şəhərciyində söhbətləşdiyim məcburi köçkünlərdə bədbin əhval ruhiyyə vardı. Onlar dolanışıqdan gileyləndikləri kimi Qarabağ probleminin də tezliklə həllinə o qədər də inanmadıqlarını deyirlər.


Bərdə Rayon İcra Hakimiyyətindən isə dedilər ki, vaqonlarda yaşayan məcburi köçkünlərin ətraf rayonlarda tikilmiş yeni qəsəbələrdə yerləşdirilməsinə başlanacaq. Yeni qəsəbələrdə məcburi köçkünlərə əkin üçün torpaq sahəsi və 200 manat da pul verilməsi nəzərdə tutulub.


Tarixi abidələr dilə gəlsəydi



Bərdə qədim yaşayış məskəni sayılır. Burada çoxlu tarixi abidələr var. Amma yəqin dilləri olsaydı, onlar da Bərdədə söhbətləşdiyim bəzi adamlar kimi mənə öz vəziyyətlərindən şikayət edərdilər. Məsələn XIV əsr abidəsi olan Bərdə türbəsi kimi.


Türbəylə yaxından tanış olmaq üçün bura məktəb uşaqları ekskursiyaya gətirilir. Amma burda nə türbə haqqında onlara dəqiq məlumat verən, nə də abidəyə nəzarət edən bir kəs var. Türbənin üzərində uşaqlar müxtəlif yazılar da cızıblar: «A+İ=əbədi sevgi, 9a – şef…» Türbə çoxdandı təmir edilmir. Yerli sakinlərdən biri Əhəd Məmmədov deyir ki, belə getsə, abidə uçulub-töküləcək. «Bu bizim xalqın qədimliyini göstərən abidələrdəndir. Bunların məhv olması bizim xalqın tarixinin yaddan çıxması demək olardı».


Bərdə Rayon Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Soltan Həsənov da türbənin vəziyyətinin acınacaqlı olduğunu etiraf edir. O, ümumiyyətlə rayonun tarixinə az diqqət göstərilməsindən də gileylənir. «İndiyəcən Bərdədə heç bir arxeoloji qazıntı aparılmayıb. Bu dəhşətdir. Halbuki Bərdə qədim alban dövlətinin paytaxtı olub».


Rayon Mədəniyyət və Turizm İdarəsinin rəhbəri bildirdi ki, ölkə prezidentinin sərəncamı ilə 2007-ci ildə Bərdə türbəsinin təmiri üçün büdcədən pul da ayrılıb.


Hələliksə Bərdənin yubileyinə hazırlıq gedir. Amma şəhərin neçə yaşının qeyd ediləcəyi dəqiqləşməyib. Bundan ötrü rayon icra hakimiyyətində tarixçilərin iştirakı ilə komissiya yaradılıb. Bərdənin yaşının 2500 il əvvələ qədər gedib çıxdığı deyilir. Görəsən rayon rəsmiləri bu yubileylə Bərdənin tarixi abidələrinə diqqət çəkə biləcəklərmi?


XS
SM
MD
LG