Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:19

Obama Türkiyə parlamentində Qarabağ problemindən danışdı


Barak Obama Türkiyə parlamentində çıxış edib
Barak Obama Türkiyə parlamentində çıxış edib

Barak Obama aprelin 6-da Ankarada Türkiyə parlamentində çıxış edib.

«Məndən soruşsanız, Ankaraya səfərimin arxasında dünyaya ünvanlanan bir mesaj varmı? Cavabım belədir, «Evet» - bəli», - deyə çıxışına başlayan Barak Obama sözünə belə davam edib:

- Türkiyə və Avropa vacib müttəfiqlərdir, Amerika və Türkiyə müasir problemlərin həllinə nail olmaq üçün birgə işləməlidirlər. Bu səhər mən sizin respublikanın təsisçisi, qeyri-adi şəxsiyyət olan Atatürkün məzarını ziyarət etmək şərəfini qazandım. Mən bu şəxsin xatirəsinə ucaldılan abidənin əzəmətinə heyran qaldım. Lakin onun tarixi rolunun ifadəsi nə qədər məharətlə işlənsə belə, daş və mərmər əbədi deyil, Türkiyədə qurulan güclü, dinamik və dünyəvi demokratiyadır.

Obama deyib ki, Birinci Dünya müharibəsindən sonra Türkiyə ərazisini xarici qüvvələrdən təmizləyib dünyəvi dövlət yolunu seçdi.

Barak Obama 1915-ci il hadisələrinə də toxunub:

«Çözülməmiş tarix ağır yükdür. Hər bir ölkə öz keçmişini dəyərləndirməlidir. Keçmişi yenidən dəyərləndirmə daha yaxşı gələcək əldə etmək imkanı verir. Mən bilirəm ki, burada 1915-ci ilin dəhşətli hadisələri barədə güclü rəy var. Mənim məsələyə baxışlarımla bağlı çoxlu şərhlər verilsə də, bu, əslində Türk və ermənilərin keçmişlə necə davranmaları haqqındadır. Türkiyə və Ermənistan xalqı üçün ən yaxşı yol keçmişə vicdanlı, açıq və konstruktiv baxışdan keçir».

Barak Obama Türkiyə Ermənistan sərhədlərinin açılması barədə də danışıb:

«Biz Türkiyə və Ermənistan liderlərinin tarixi və cəsur addımlarının şahidi olduq. Bu təmaslar yeni günün başlanğıcından xəbər verir. Açıq sərhədlər Türkiyə və Ermənistan xalqını sülh və əminamanlıq dolu birgə yaşayışa qaytarardı ki, bu, hər iki xalqın marağındadır. Məhz elə buna görə də Birləşmiş Ştatlar Türkiyə və Ermənistan arasında münasibətlərin tam yaxşılaşmasını istəyir».

Barak Obama Dağlıq Qarabağ münaqişəsinin çözümündə Türkiyənin rolu barədə:

«Türkiyənin Cənubi Qafqazın bütün ölkələri ilə normal sülh münasibətlərində olan yeganə ölkə olması Türkiyə rəhbərliyinin səyləridir. Bu sülhü daha da irəli aparmaq üçün siz həddindən artıq uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməklə vacib rol oynaya bilərsiiz».

Barak Obama PKK barədə:

«İraq, Türkiyə və Birləşmiş Ştatlar terror təhlükəsi ilə qarşılaşıb. Buraya iraqlıları parçalayıb onların ölkəsini məhv etməyə çalışan Əl Qaidə təşkilatı daxildir. Buraya o cümlədən PKK da daxildir. Heç bir ölkəyə qarşı terrora haqq qazandırmaq olmaz. Prezident və NATO-dakı müttəfiq kimi mən söz verirəm ki, siz PKK-nın terror əməllərinə qarşı bizim dəstəyimizi alacaqsınız. Bu səylər Türkiyənin İraq hökuməti, İraqın kürd liderləri ilə əlaqə qurmaq istiqamətində işin davam etdirilməsi, eləcə də Türkiyə kürdləri üçün əlavə imkanların, təhsilin yaradılması istiqamətində artıq görülən işlərin davamı ilə gücləndirilə bilər».

XS
SM
MD
LG