Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:35

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar…


AŞ-nin itkin və əsir düşənlərlə bağlı məruzəçisi Leo Platvoet Bakıya gəlir
AŞ-nin itkin və əsir düşənlərlə bağlı məruzəçisi Leo Platvoet Bakıya gəlir

Dövlət komissiyasının işçi qrupun rəhbəri Firudin Sadıqov hesab edir ki, sülh sazişi bağlanılmasa bu problem tam şəkildə yoluna qoyulmayacaq


Avropa Şurasının Cənubi Qafqazdakı münaqişələr zamanı itkin və əsir düşənlərlə bağlı məruzəçisi Leo Platvoet Bakıya gəlir. O vəziyyət haqda məruzə hazırlayacaq. Qarabağ münaqişəsi zamanı Azərbaycanın əsir və girov düşən vətəndaşlarının sayı təqribən 4 min 600 nəfərdir. Bu ilin aprel ayına aid olan bu məlumatı Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yayıb. Komissiya bildirir ki, onların 3 min 700 nəfəri hərbçi, qalanları isə mülkü şəxslərdir. Mülkü şəxslərin də 50 nəfəri uşaq, 180 nəfəri qoca, 100 nəfəri isə orta yaşlı qadındır. Dövlət Komissiyası şahid ifadələrinə əsaslanaraq, əsir və girov düşən vətəndaşlardan təqribən 780 nəfəri ilə bağlı məlumatların dəqiqləşdirildiyini hesab edir. Bu ilin aprel ayına kimi əsir və girovlardan ümumilikdə təqribən 1380 nəfər azad edilib ki, onların da 170 nəfəri uşaqdır.


Azad edilənlərdən biri də 10 ay əsirlikdə qalan 26 yaşlı Dimitri Kolisov 2000-ci ilin avqust ayında azadlığa çıxmasına baxmayaraq hələ də Bakıdakı hərbi hosbitallardan birində müayinə olunur. «Mən onurğa sümüyümdən və başımdan zədə almışam. Bizi döyüb incidirdilər. Yalnız Qırmızı Xaç Komitəsindən yoxlamağa gələndə bizi incitmirdilər. Qırmızı Xaç komitəsindən də 2 həftədən bir yoxlamağa gəlirdilər. Bizi Yerevana aparıb daş karxanalarında işlədirdilər…»


«Qırmızı Xaç»ın səyi ilə Azərbaycana qaytarılan Dimitri Kolosov deyir ki, milliyyətcə azərbaycanlı olmadığından əsirlikdə onu muzdlu zən edirmişlər. Dediyinə görə elə bu amil də onun daha çox incidilməsinə və daha sərt şəraitdə saxlanmasına səbəb olub. «Məni Ermənistan parlamentinə silahlı basqın etmiş şəxslərlə bir yerdə saxlayırdılar. Elə bilirdilər ki, mən Rusiyadan gəlmişəm, Azərbaycan tərəfindən pulla döyüşürəm…»


Bütün əsir və girovların qaytarılması ilə bağlı Azərbaycanda müxtəlif təkliflər eşidilir. Əsir və itkin düşmüş şəxslərin azad olunması üzrə beynəlxalq işçi qrupun rəhbəri Əvəz Həsənov deyir ki, Ermənistan rəsmiləri ümumiyyətlə Azərbaycan vətəndaşı olan əsir və girovlar saxladıqlarını təsdiq etmirlər. Onun sözlərinə görə, konkret bir şəxslə bağlı məlumatlar verilərsə Ermənistan tərəfi axtarışlara şərait yaradılmasından imtina etmir. Əvəz Həsənov deyir ki, əgər Azərbaycan və Ermənistanın əsir və girovlarla bağlı yaradılan dövlət komissiyaları birgə axtarışlara başlayarsa bu işdə ciddi dönüşə nail olmaq mümkündür. «Ermənistan və Azərbaycanın dövlət komissiyaları daha intensiv məlumat mübadiləsi etməlidir. Göstərilən səylər vasitəçilərin iştirakı olmadan artırılmalıdır və Ermənistan tərəfi öz ərazisində axtarışlara şərait yaratmalıdır…»


Bugünlərdə informasiya agentliklərində Ermənistan parlamentinin yeni seçilmiş spikeri Tiqran Torosyan belə bir təklifi yer almışdır ki, əsir və girov probleminin həlli üçün Azərbaycan, Ermənistan və özünü müstəqil elan edən Dağlıq Qarabağın nümayəndələrindən ibarət işçi qrup yaradılsın. Amma Azərbaycan parlamentinin üzvləri bu cür komissiyada Qarabağın tərəf kimi iştirakına qarşı çıxış edirlər.


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət komissiyasında işçi qrupun rəhbəri Firudin Sadıqov isə deyir ki, bu məsələnin birdəfəlik həlli sülh razılaşmasının bağlanılmasından asılıdır. «Onların çoxu Azərbaycanın zəbt edilən ərazilərində əsir və girov düşüblər. Bu ərazilər boşaldılmasa, sülh sazişi bağlanılmasa bu problem tam şəkildə yoluna qoyulmayacaq…»


Yaxın qohumları əsirlikdə olanlardan bir neçəsi cənab Leo Platvoetlə görüşmək istəyirlər. Onlardan biri də həm oğlu, həm də qardaşı əsirlikdə olan Tamara Əyyubovadır. «Allah heç kimə göstərməsin ki, oğlu, qardaşı, başqa əzizi əsir düşsün. Bizə balalarımızı qaytarsınlar, heç olmasa desinlər haradadırlar, necə yaşayırlar…»


1994-cü ilin may ayında Ermənistan və Azərbaycan cəbhə xəttində atəşkəs əldə olunması haqqında Bişkek sazişi imzalanandan bu vaxta qədər yalnız bir dəfə Azərbaycan və Ermənistan arasında əsir və girovların kütləvi sürətdə azad edilməsiylə bağlı razılaşma əldə edilib. Ancaq 1994-cü ilə təsadüf edən həmin proses zamanı heç də bütün əsir və girovlar azad edilməyib.


XS
SM
MD
LG