Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:50

İlham Əliyev: «Azərbaycan öz prinsipial mövqeyindən heç vaxt əl çəkməyəcək»


Prezident Təhlükəsizlik Şurasının iclasını keçirib
Prezident Təhlükəsizlik Şurasının iclasını keçirib
«Azərbaycan öz müstəqil siyasətini həmişə milli maraqlar üzərində qurub. Milli maraqların qorunması bizim üçün ən başlıca vəzifədir. Biz istər daxili, istər xarici siyasətlə bağlı məsələlərdə müstəqil qərar qəbul etməklə Azərbaycan xalqının milli maraqlarını maksimum dərəcədə müdafiə edirik».

APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının bu gün keçirilən toplantısında çıxışı zamanı söyləyib.

Prezident bəyan edib ki, bu siyasət bundan sonra da davam edəcək:

«Həm regional müstəvidə, həm də dünyada hər kəsə bəllidir ki, Azərbaycanın etibarlı tərəfdaşdır və öz müstəqil siyasətini davam etdirir. Bu siyasət ölkəmizin inkişafına xidmət göstərir. Eyni zamanda digər ölkələrlə münasibətlər uzunmüddətli əsaslar üzərində çox düzgün qurulub. Azərbaycanın siyasəti proqnozlaşdırıla bilən siyasətdir. Azərbaycanın siyasəti bölgədə sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasına yönəldilib. Regional məsələlərə gəldikdə həyat göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən və icra edilən nəhəng transmilli iqtisadi enerji layihələri və siyasi təşəbbüslər icra olunur. Azərbaycanın iştirakı olmadan bu böyük geosiyasi əhəmiyyətə malik təşəbbüslər heç vaxt icra oluna bilməz. Bizim iradəmiz, siyasi yanaşmımız, regionda, o cümlədən bizim iştirakımızla yaranmış uğurlu regional əməkdaşlıq yeni reallıqları mümkün edir».

Dövlət başçısı regional məsələlərdə Azərbaycanın siyasətinin həmişə çox açıq, aydın və bölgənin bütün ölkələrinə xeyir gətirən siyasət olduğunu bildirib:

«Regionda baş verən və baş verə biləcək hadisələri izləyirik, mümkün olan geosiyasi dəyişikliklər bizim tərəfimizdən izlənilir və lazımi tədbirlər görülür. Bir daha bəyan etmək istəyirəm ki, bu istiqamətdə Azərbaycan öz prinsipial mövqeyindən heç vaxt əl çəkməyəcək. Bizim ölkəmiz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmayıb və gələcəkdə də belə niyyətimiz yoxdur. Azərbaycan başqa ölkələr arasındakı ikitərəfli münasibətlərə də heç vaxt müdaxilə etməyib və etməyəcək. Ancaq bununla bərabər öz siyasətini, regionda yaranan və yaxud yarana biləcək vəziyyətə uyğun şəkildə aparmaq bizim təbii hüququmuzdur və bu hüquqdan istənilən formada istifadə edəcəyik».
XS
SM
MD
LG