Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:40

«Rəsul Quliyevin evi» deyilən bina sökülür


Rəsul Quliyevin Amerikaya getməsindən sonra binanın istifadəyə verilməsi dayandırılıb
Rəsul Quliyevin Amerikaya getməsindən sonra binanın istifadəyə verilməsi dayandırılıb
Bir neçə gündür ki, Bakıda Nəriman Nərimanovun heykəlinin arxasında 16 mərtəbəli yaşayış binasının sökülməsinə başlanılıb.

Yerli qəzetlərdə həmin binanın Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyevə məxsus olması haqqında məlumatlar yayılıb.

Rəsul Quliyevin rəhbərlik etdiyi Açıq Cəmiyyət Partiyasından isə onun belə bir binaya malik olduğunu inkar edirlər. Partiyadan bizə verilən məlumata görə bina Rəsul Quliyevin deyil, sadəcə onun tikilməsini keçmiş spiker himayə edib.

Rəsul Quliyevin özü də «Azadlıq» radiosuna müsahibəsində bildirdi ki, həmin binanın layihəsi ilə tanış olsa da, tikili onun deyil və heç onun tikintisinə də hər hansı göstəriş verməyib.

Artıq arakəsmələrin bir hissəsi sökülüb
«O vaxt mən bir çox layihələrə baxmışam və onlardan da bir neçəsi həyata keçirilib. Hansısa binanın tikintisinə Milli Məclisin sədri kimi mənim hər hansı razılığım tələb olunmurdu. Hansı şirkəti təmsil etdiyini indi xatırlamıram, amma o binanın layihəsini əslən türk olan amerikalı bir mütəxəssis hazırlamışdı. Mən o layihəni görmüşdüm, çox yaxşı layihə idi, baxdım xoşum gəldi».

Rəsul Quliyev binanın ona görə sökülməsinə inanmır:
«Mən belə hesab etmirəm. Mənə nə dəxli var? Əgər mənə görə sökülməli olsaydı indiyə qədər saxlamazdılar, bu vaxta qədər sökərdilər…»

Həmin binanın tikilməsinə xərclənən pula gəlincə, Rəsul Quliyev bu məsələlərdən də xəbərdardır. Deyir onun bildiyinə görə, binanın smeta dəyəri 3 milyon dollardan artıq olmayıb.
Bina 6-7 aya tam sökülməlidir
İndi sökülən yaşayış binasının vaxtilə necə tikilməsinə gəlincə, cənab Quliyev burda hər hansı qanun pozuntusunun olduğunu düşünmür:

«Bu binanın tikintisi aidiyyatı qurumların hamısı ilə razılaşdırılmış bir məsələ olub. Heç onsuz həmin binanın tikintisi mümkün olardı?»

Hazırda sözügedən binanı sökən fəhlələrin dediyinə görə, söküntü işlərini «Gilan Holding» şirkəti həyata keçirir və bina 6-7 aya tam sökülməlidir.

Ərazidə olan iş icraçılarının sözlərinə görə, bir müddət əvvəl həmin binanı Fövqəladə Hallar Nazirliyi və bir sıra aidiyyatı qurumlar yoxlayıblar. Aydın olub ki, bina sürüşmə zonasında olduğundan yaşayış üçün təhlükəlidir. Hətta binanın bəzi yerlərində çatların üzə çıxdığı da bildirilir. Bu baxımdan da 13 il əvvəl tikilən yaşayış binasının sökülməsi qərara alınıb.

Bir neçə il əvvəl burada torpaq sürüşmüşdü
Söküntü işlərini aparmaq üçün binanın qarşısında kran və bəzi texniki avadanlıqlar quraşdırılıb. Amma bundan fərqli olaraq o vaxtdan həmin binanın ətrafında xeyli çox mərtəbəli yaşayış binaları tikilib və hazırda da tikilməkdədir.

Bir də sökülən binadan təxminən 100-150 metr aralıda, Nəriman Nərimanov heykəlinin qarşı tərəfində bir neçə il əvvəl yaşayış binasının tikintisinə başlanılanda ərazidə torpaq sürüşməsi baş vermişdir. Rəsmi qurumların müdaxiləsindən sonra həmin ərazidə aparılan tikinti işləri dayandırılsa da bir müddət sonra iş yenidən davam etdirilib. Hazırda həmin binaların tikintisi tamamlanmaq üzrədir.
XS
SM
MD
LG