Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:26

Mirzə Sakit azadlığa çıxdı


Mirzə Sakit azadlığa çıxdı, 9 aprel 2009
Mirzə Sakit azadlığa çıxdı, 9 aprel 2009
Aprelin 9-u səhər tezdən satirik-şair, «Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit (Sakit Zahidov) azadlığa çıxıb.

Mirzə Sakit Milli Məclisin martın 17-də qəbul etdiyi amnistiyaya düşmüşdü. Ancaq onun həbsdən buraxılması bu günəcən yubanıb. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi bunu amnistiyanın növbəlilik prinsipilə icra edilməsiylə əsaslandırıb. Mirzə Sakit amnistiyadan imtina haqqında ərizə yazıb.

Jurnalist mübarizəsini bundan sonra da davam etdirəcəyini və mövqeyindən çəkilməyəcəyini deyir. O sabahdan «Azadlıq» qəzetində özünün satirik yazılarını dərc etdirməyə başlayacağını bildirib.
«Əvvəlki mövzuda, əvvəlki səpkidə. Hələ bir az da sərt formada yazacağam».


«Mən bu hakimiyyətə təşəkkür edə bilmərəm»-, deyə jurnalist qanunsuz tutulduğunu bildirir:

«Məni qanunsuz tutdular, indi də buraxıblar. Onsuz da buraxılmağıma iki ay qalmışdı. Bu amnistiyanın heç bir əhəmiyyəti yoxdur».

Mirzə Sakit deyir ki, bundan sonra həbsxanada gördüyü qanunsuzluqlarla bağlı silsilə yazılar yazacaq.


Jurnalist hazırda icra olunan amnistiyaya da münasibətini bildirib:
«Bütün məhkumlar üçün bu amnistiya çox passiv bir amnistiya oldu».

Mirzə Sakit 23 iyun 2006-cı ildə narkotik saxlamaq ittihamı ilə həbs edilib. Şair özü və həmkarları ilk gündən onun satirik şerlərində hakimiyyəti tənqid etdiyinə görə həbs edildiyini bildiriblər.

Mirzə Sakitin qardaşı, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidov da həbsdədir. O, xuliqanlıq və sağlamlığa az ağır zərər vurmaq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əlavə Azərbaycanda bir neçə mətbuat işçisi də müxtəlif ittihamlarla həbsdədirlər. Onlar bu ittihamları qəbul etmirlər və peşə fəaliyyətinə görə həbs edildiklərini bildirirlər.

Beynəlxalq təşkilatlar həbsdə olan bütün jurnalistlərin azadlığa buraxılmasını tələb edirlər.

Mirzə Sakit azadlığa çıxdı
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00
XS
SM
MD
LG